vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 26 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
BANK, BİRJA, SIĞORTA  
11:52 | 7 avqust 2018 | Çərşənbə axşamı Məqaləyə 1661 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Ciddi təhdidlər var”

Qonşu ölkələrdəki valyuta böhranı fonunda manatın məzənnəsi necə dəyişəcək?

Bu günlərdə türk lirəsi və rus rublunun kəskin şəkildə dəyərdən düşməsini bu ölkələrin iqtisadçıları ilə yanaşı onların Azərbaycandakı həmkarlarının da ciddi müzakirə mövzusudur. İqtisadçılarımızı düşündürən tək sual var: “Qonşularımızdakı valyuta böhranı fonunda manatın məzənnəsi necə dəyişəcək”? Tanınmış İqtisadçı Vüqar Bayramov bu barədə fikirlərini yazıb:

“Türkiyə lirəsinin rekord düşüşü davam edir. Bu gün 1 dollar almaq üçün 5.27 lirə ödəmək lazımdır. Digər qonşumuz Rusiyada rubl müqavimət göstərməkdə davam etəsə də Avrozonanın vahid valyutası ucuzlaşmaqda davam edir. Cənub qonşumuzda isə “dollar panikası” yaşanmaqdadır. Lirənin ucuzlaşması Türkiyə ABŞ münasibətlərinin gərginləşməsi fonunda Ağ Evin rəsmi Ankaranın 2 təmsilçisinə sanksiyanın tətbiq etməsi və bu siyahının genişlənməsi riski ilə bağlıdır. Təbii ki, beynəlxalq maliyyə qurumlarının Türkiyə iqtisadiyyatı ilə bağlı proqnozlarının çox da nikbin olmaması da lirəyə təzyiqi artırır. Qardaş ölkədən valyuta axını da müşahidə edilməkdədir. Avronun ucuzlaşması isə 18 Avrozona ölkəsinin bu ilin birinci yarısı ilə bağlı makro-iqtisadi göstəriciləri elan etməsi ilə bağlıdır. Nəticələr gözləntiləri doğrultmaması konteksində dolların dünya bazarında digər valyutalara nisbətən möhkəmlənməsi də avronun kursuna təzyiq yaradır.

Qonşu ölkələrdəki valyuta krizisi fonunda manatın məzənnəsi necə dəyişəcək? Qeyd edək ki, Azərbaycan Dövlət Neft Fondu iyul ayında 536,6 milyon dollar məbləğində satış etdiyini açıqlayıb. İyun ayında 439 milyon dollar satan fond ötən ay valyuta satışını 22% artırıb. Bütövlükdə, 2018-ci ilin 7 ayı ərzində isə Neft Fondu 3 milyard 511,1 milyon dollar satıb. Ötən ilin eyni dövründə bu rəqəm 1 milyard 940 min dollar idi. Yəni, bu ilin 7 ayında Neft Fondu əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 1.8 dəfə çox dollar satıb. Bu isə 2018-ci ildə dolların tələbin artıdığından xəbər verir.

İdxalın artması fonunda bu ayda dollara tələbin yüksək olacağı gözlənilir. Bütövlükdə, manatın məzənnəsi Mərkəzi Bankın mövqeyindən asılı olsa da neftin qiyməti və ticarət tərəfdaşlarımız içərsində Rusiya rublu milli valyutamızın kursuna birbaşa təsir göstərir. Rusiya Azərbaycanın qeyri-neft ixracatında 34 faizə malik olmaqla ixrac etdiyimiz aqrar məhsulların 90 faizə yaxınını alır. İqtisadiyyatımızda aparıcı olan neft sektoru məşğulluğun 7 faizini formalaşdırdığından bizim üçün 1.5 milyard dollarlıq illik qeyri-neft ixracatı məşğulluğun, xüsusən də regionlarda iş yerlərinin saxlanması baxımdan çox vacibdir. Bu baxımdan, manatın məzənnəsində neftin qiyməti həlledici olsa da qeyri-neft ixracatı baxımdan yeganə faktor deyil. Bu baxımdan, Rusiyadakı iqtisadi vəziyyətin necə dəyişməsi bizim valyuta bazarımız üçün az təsirli deyil. Türkiyə isə qeyri-neft ixracatımzın 26, ümumu ticarət dövriyyəmizin isə 13 faizini formalaşdırır. Amma rubl ilə müqayisədə Azərbaycan Mərkəzi Bankının lirənin manata təsirlərini marjinallaşdırmaq imkanları daha genişdir. Amma əgər, lirə daha kəskin ucuzlaşarsa o zaman Mərkəzi Bank fərqli ssenarilər həyata keçirməlidir.

Növbəti aylarda isə dekabrda dollara tələbin artacağı gözlənilir. Bu həmin özəl və dövlət müəsssisələrin xarici borc öhdəliklərinin yerinə yetirməsi, idxalın artması və səfərlərin çoxalması kimi faktorlar ilə bağlıdır. Amma yenə də manatın məzənnəsi birbaşa Mərkəzi Bankın siyasətindən asılı olacaq. Neftin mövcud qiymətini məqbul hesab edən Mərkəzi Bank valyuta bazarında dominantlığını qoruyub saxlayır. Bununla belə, bütün bunlara və eləcə də elə baş bankın özündən gələn açıqlamalara baxmayaraq Mərkəzi Bank tam üzən məzənnə rejiminə keçməyə heç də tələsmir”.

Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov bir müddət əvvəl keçirdiyi mətbuat konfransında  inflyasiya üçün bir sıra təhdidlər mövcud olduğunu, bu təhdidlər arasında xaricdən gələn təhdidlərin daha ciddi olduğunu bildirmişdi.

“Azərbaycanda monetar şəraitin yumuşaldılması (faizlərin aşağı salınması) istiqamətində addımlar atmaq üçün potensial mövcuddur. Lakin bu potensialın reallaşdırılması ilin sonuna kimi potensial/risk balansından asılı olacaqdır. Risklərdən xüsusilə xarici riskləri qeyd etmək istəyirəm. Azərbaycanın əsas ticarət tərəfdaşı olan ölkələrdə çox ciddi məzənnə və inflyasiya volatilliyi (dəyişkənliyi) görürük. Azərbaycana idxalın ciddi arta biləcəyi potensialını (riskini) görürük. Bunlar Azərbaycanın rəqabət qabiliyyətini poza bilər. Ölkəmizin rəqabət qabiliyyətinin qorunması, qeyri-neft sektorunun ixracının artırılması üzrə görülən tədbirlərin effektivliyini qoruyub saxlamaq üçün müəyyən qabaqlayıcı tədbirlər görülüməlidir. Həmçinin biz idxalın kəskin artdığını görürük. İdxalın kəskin artması, neft qiymətlərinin yüksək olması ilə əlaqədar olaraq tədiyyə balansının müsbət olması fonunda inflyasiya potensialı formalaşdıra bilər. Bir sıra digər amillər də bizi məcbur edir ki, bir daha düşünək, hesablamalarımızı bir daha hökumətlə dəqiqləşdirək. Hökumətin planları ilə tanış olmalıyıq, xüsusilə, dövlət tərəfindən tənzimlənən tariflər barədə hökumətin  planlarını bilməliyik. Mərkəzi Bankın İdarə Heyətinin növbəti iclasında apardığımız hesablamalar və proqnozlar vasitəsilə qərarımızı verəcəyik. Bir daha deyirəm, faizlərin aşağı salınması üçün potensial var, biz bunu istəyirik. Lakin Mərkəzi Bankın başlıca hədəfə inflyasiya və infliyasiyanın cari və uzunmüddətli intervalda idarə olunmasıdır. Məhz bizim qərarlarımız bu balansa əsaslanır”.