vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
MEDİA-QHT  
20:37 | 16 avqust 2018 | Cümə axşamı Məqaləyə 2331 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Jurnalist təhsili: Problemlər, perspektivlər

Nədən başlamalı?

Nəsir ƏHMƏDLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Jurnalist kadrların hazırlanması problemi təkcə Azərbaycanda deyil, dünyanın bir çox yerində, xüsusən də postsovet məkanında müşahidə olunur. Mütəxəssislər bunu bizi əhatə edən reallığın birdən-birə dəyişməsi və jurnalistlərin bu dəyişikliyə adekvat reaksiya verə bilməmələri ilə izah edirlər. Jurnalistika tarixi boyu bir neçə dəfə belə vəziyyətlə üzləşib. Məsələn, XV əsrdə İ.Qutenberq çap dəzgahını ixtira edəndən, XIX əsrdə elektromaqnit dalğaları kəşf olunandan, XX əsrdə radio və televiziya texnikası yaradılandan sonra da belə olmuşdu. Bugünkü durum isə kompüterin və İnternetin həyatımıza daxil olması ilə bağlıdır. Müasir jurnalist rəqəmsal texnologiyaları mükəmməl mənimsəməklə həm qəzetdə, həm radioda, həm televiziyada, həm İnternetdə, həm də mobil jurnalistikada eyni yüksək səviyyədə işləməyi bacarmalıdır. Jurnalist peşəsinin informasiya yayımı prosesinin konvergensiyasına əsaslanaraq bu cür universallaşması jurnalist kadrları hazırlayan təhsil müəssisələrindən, o cümlədən BDU-nun Jurnalistika fakültəsindən öz işini radikal şəkildə yenidən qurmağı tələb edir.

Bəs nədən başlamalı? Yaraşıqlı və keyfiyyətli paltar tikmək üçün müvafiq parça, dadlı və keyfiyyətli xörək bişirmək üçün keyfiyyətli ərzaq lazım olduğu kimi, peşəkar jurnalist kadrları hazırlamaq üçün də bu sahəyə həvəsi olan qabiliyyətli abituriyentlər lazımdır. Mən Voronej Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı, professor Vladimir Vasilyeviç Tulupovun belə bir fikri ilə tam razıyam ki, “Sovet İttifaqında mövcud olmuş ali təhsil sistemi indiki Rusiyada yoxdur”. Eyni sözləri Azərbaycan haqqında da demək olar. Sovet dövründə jurnalistika fakültəsinə qəbul qaydaları indikindən xeyli mükəmməl idi. O zaman bu fakültəyə həqiqətən jurnalist olmaq istəyənlər gəlirdi və abituriyentlər bəzən arzularına çatmaq üçün illərlə vaxt itirsələr də, fikirlərindən dönmürdülər. Buna görə də həmin dövrün məzunları bu gün ölkəmizin dövlət qurumlarında, ən nüfuzlu informasiya vasitələrində yüksək vəzifələr tuturlar. Onlardan bir neçəsinin adlarını çəkmək istəyirəm: Aslan Aslanov, Dağbəyi İsmayılov (AzərTAc), Bəxtiyar Sadıqov, Amil Novruzov (“Azərbaycan” qəzeti), Rəşad Məcid, Yusif Rzayev (“525-ci qəzet”) və xeyli başqaları. Bu siyahını istənilən qədər uzatmaq olar, lakin 1992-ci ildən, test sisteminə keçiləndən və yaradıcılıq müsabiqəsi ləğv olunandan sonra qəbul olunanların, yəni son 20 ildəki məzunların sırasından hətta 2-3 məşhur jurnalistin adını çəkə bilmərəm. Mən əminəm ki, son iki ildə nisbətən aşağı balla qəbul olunmuş tələbələrimiz əvvəlki illərdə yüksək balla qəbul olunmuşlardan daha yaxşı jurnalist olacaqlar. Çünki onlar bu peşəni sevib-seçib gəliblər. Fakültəmizin 15 il əvvəlki məzunlarından birinin, konkret olaraq Nail Zeynalovun öz feyzbuk səhifəsində yerləşdirdiyi statusdan bəzi fraqmentlərə diqqət yetirək: “İstəmədiyin fakültədə "oxumaq", sevmədiyin qadınla evlənmək kimi bir şeydir. Sevmədiyi qadından başını götürüb çayxanalarda, orda-burda gün keçirən ərlər kimi, mən də dərs vaxtları hardasa domino oynamışam...

“Əşi, diplom olsun, sonra istədiyim işi görərəm”, - deyə-deyə birtəhər universiteti bitirdim, sonra İTV-də işləmək variantı çıxdı - idmanda. Dedilər, get qəzetdə 3 ay təcrübə keç, gəl. Əşi, 3 aydı da, yola verim, qayıdım, əlimdə işim olsun deyə-deyə ilişdim qaldım idman mətbuatında. Sevmədiyim iş. Orda günləri yola verdiyim vaxt futbol klubundan təklif gəldi, getdim, bu dəfə futbolun lap içinə girdim. Futbolu da sevmirəm. Sevmədiyim işdən başqa bir sevmədiyim sahəyə adladım...

15 il keçib o gündən. Əşi, diplom olsun deyib, ali məktəbə ayaq basdığım gündən... Sevmədiyim bir işə başladığım gündən. Cəmi bircə dəfə bəlkə də başqasının xoşbəxt ola biləcəyi bir yerdə könülsüz olsam da, qaldım... Və o andan etibarən bir sevmədiyim işdən başqa birinə adlaya-adlaya keçdi 15 ilim. Öz boşqabımda deyildim, başqasının yerini tutmuşdum, o yeganə səhvlə öz yerimi tapana qədər neçə adamın yerini tutdum. Neçə adamın həvəslə oxuyacağı ixtisası könülsüz yola verdim, neçə insanın həvəslə işləyəcəyi yerdə gün saydım... Həmin il jurnalistikaya qəbul oluna bilməyən neçə insan da başqa fakültədə məcbur, candərdi oxumalı oldu. Onlar da həmin yerdə olmaq istəyən neçə adamın yerini tutdu... Mən də daxil, həmin diplomu alandan sonra itən uşaqların bəlkə də haqqıydı o yer. İmtahanda lazım olandan da artıq nəticə göstərmişdilər bəlkə, amma o yer bizim deyildi... O yerin sahibləri var idi. Daha xeyirli ola biləcək, o sahəni sevən insanlar. İmtahanda lazımi balı yığa bilməsələr də...

Fikir vermişəm, çox az tələbə istədiyi ixtisasa yiyələnir, çox az adam sevdiyi işlə məşğuldur... Ətraf, əslində, tarixçi olmaq istəyən politoloq, jurnalist olmaq istəyən kitabxanaçı, hüquqşünas olmaq istəyən jurnalistlərlə doludur. Heç biri öz yerində deyil. Öz yerində olmayandan sonra o yerin haqqını vermək olmur, o yerə heç nə vermirsən... 15 il sonra da uşaqlara görə "boşanmırsan"... Bir də baxırsan ki, ömrünün gözəl illərini, enerjili, xeyirli ola biləcəyin illərini sevmədiyin işlərə sərf eləmisən.

...Ömür sevmədiyin insanla evlənmək, sevmədiyin işi görmək üçün çox qısadır, gənclər... Mən sizə məsləhət verəsi ağılda adam da deyiləm, sadəcə, itirilmiş illərin təcrübəsini paylaşıram... İllərinizə heyfiniz gəlsin, hər dəfə seçiminizi sevgidən yana eləyin”.

Nail düz deyir: çoxları yerində deyil. Səbəbi də test sistemində ixtisas seçiminin qeyri-müəyyənliyidir. İndi bizdə çox zərərli “ümumi ali təhsil” tendensiyası yaranıb. Hansı ixtisas olur-olsun, təki diplom alınsın. Oğlanlar əsgərlikdən 6 ay tez gəlsinlər, qızlar cehizlərini diplomla tamamlasınlar. Başqa sahələri deyə bilmərəm, jurnalistika üçün bu, çox təhlükəli tendensiyadır.

Bəs vəziyyətdən çıxmaq üçün nə etməliyik? Öz keyfiyyətli “parça”mızı və keyfiyyətli “ərzaq”ımızı harada axtarmalıyıq? İndiki orta məktəb məzunlarının, demək olar, heç birinin jurnalistika barədə dolğun təsəvvürü yoxdur. Təsəvvür olunmayan şeyi necə sevmək olar? Ədəbiyyata, jurnalistikaya sevgi orta məktəbdə yaradılmalıdır. Ali məktəblərə qəbul test üsulu ilə keçiriləndən bəri orta məktəblərdə, demək olar ki, inşa yazılmır, yazılsa da, son dərəcə formal xarakter daşıyır. Ədəbiyyatı, yazı bacarığını test üsulu ilə öyrətmək və qiymətləndirmək olmaz. Şagirdlər yalnız bu və ya başqa yazıçının neçənci ildə doğulub, neçənci ildə öldüyünü və bir neçə əsərinin adını əzbərləyirlər. Əsərlərin məzmunu, ideyası, sənətkarlıq məsələləri kölgədə qalır. İki il əvvəl “Bilik günü” ilə əlaqədar rayonlardan birinə ezam olunmuşdum. Məktəblərin birində XI sinif şagirdlərindən heç biri “Həsən bəy Zərdabi kimdir” sualıma qənaətbəxş cavab verə bilmədi.

Bəs çıxış yolu nədədir? Mənim fikrimcə, çıxış yolu çoxpilləli təhsil sistemi yaratmaqdan ibarətdir. Bu sistem bir çox ölkələrdə tətbiq olunur. Uzağa getməyə ehtiyac yoxdur. Rostov Dövlət Universitetinin təcrübəsinə müraciət edək. Burada bir neçə ildir ki, filoloqlar və jurnalistlər çoxpilləli təhsil sistemi ilə hazırlanır. Yəni universitetlə orta məktəblər arasında sıx əlaqə yaradılıb, yuxarı siniflərin məktəb proqramlarına əlavə humanitar fənlər, o cümlədən “Jurnalistikanın əsasları” kursu daxil edilib. Bu yenilik şagirdlərin jurnalistika ilə ilkin tanışlığına nail olmaq və onlardan hansıların bu sahədə qabiliyyəti olduğunu aşkarlamaq üçündür. Digər tərəfdən, bu, jurnalistika fakültəsinin bəzi məzunları üçün orta məktəblərdə yeni iş yerlərinin yaradılması deməkdir. Fakültənin professor-müəllim heyətindən də kimlərsə məsləhət vermək üçün vaxtaşırı rayonlara ezam oluna bilərlər.

Bundan əlavə, Rostov Universitetinin nəzdində humanitar profilli gimnaziya fəaliyyət göstərir. Onun filologiya sinifi, bu sinifin tərkibində isə jurnalistika qrupu var. Bu qrupda peşə ilə bağlı maraqlı tədbirlər təşkil olunur, şagirdlər xırda xəbərlər hazırlamaq, müsahibə götürmək vərdişlərinə yiyələnirlər. Onların yazıları fakültənin tədris qəzetində, şəhər mətbuatında dərc olunur. Jurnalistika qrupunu uğurla başa vuran, yüksək yazı bacarığı nümayiş etdirən məzunlar şifahi və yazılı formada ikimərhələli qabiliyyət imtahanı verdikdən sonra jurnalistika fakültəsinin 1-ci kursuna qəbul edilirlər. Jurnalist ixtisasına yiyələnməyi qərara almış gənclərdən iki keyfiyyət tələb olunur: düzgün düşüncə qabiliyyəti və fikiri düzgün ifadə etmək bacarığı. Bunlardan birincisi şifahi, ikincisi isə yazılı qabiliyyət imtahanında yoxlanılır. Qabiliyyət imtahanının hər iki mərhələsini heç bir kənar müdaxilə olmadan fakültənin müəllimləri qəbul edirlər. Bu sistem bizim universitetimiz və fakültəmiz üçün də çox faydalı ola bilər. Biz də öz təhsil siyasətimizi orta məktəblərə, gimnaziyalara, liseylərə, ixtisaslaşmış siniflərə arxalanmaqla qura bilərik. Güman edirəm ki, belə bir seçimdən sonra tələbələrdən heç biri “Mən jurnalistikaya təsadüfən gəlmişəm” deyə bilməz.

Bundan sonra fakültənin tədris sistemində əsaslı islahat aparmaq lazım gələcək. Jurnalistika ilk növbədə peşədir. Peşənin mənimsənilməsi isə dədə-babadan ustad-şəyird prinsipi əsasında qurulub. Belə bir variant təklif edirəm ki, yeni üsulla qəbul olunmuş I kurs tələbələri hərəyə 3-dən çox olmamaq şərti ilə fakültənin müəllimləri və ölkənin tanınmış praktik jurnalistləri arasında bölüşdürülsün. Həmin hami müəllimlər və jurnalistlər 4 il müddətində öz “şəyird”lərinin yaradıcılığına nəzarət etsinlər, onlara jurnalist peşəsinin incəliklərini öyrətsinlər, onların hazırladıqları materialların qəzet və jurnallarda dərc olunmasına, radioda səsləndirilməsinə, televiziyada göstərilməsinə, elektron mətbuatda yerləşdirilməsinə yardımçı olsunlar.

Sovet dövrünün bir ənənəsini də davam etdirmək lazımdır: ixtisaslara bölünmək ənənəsini nəzərdə tuturam. O vaxtlar farültəmizdə 5 sahə üzrə ixtisaslaşma gedirdi: qəzet jurnalistikası, radio jurnalistikası, televiziya jurnalistikası, nəşriyyat işi və ictimai-siyası mətnlərin tərcüməsi. İndi bu siyahı bir qədər də genişlənib: beynəlxalq jurnalistika, on-layn jurnalistika, ictimaiyyətlə əlaqələr və s.

Bərpası vacib olan ənənələrdən biri də yaradıcılıq günləridır. Sovet dövründə hər həftənin bir günü yuxarı kurs tələbələrinin yaradıcılığı üçün ayrılırdı. Həmin gün onlar qəzet, radio və televiziya redaksiyalarına gedərək həm təcrübə toplayır, həm müəyyən məbləğdə qonorar alır, bəziləri hətta daimi işə də qəbul edilirdilər.

Laborantların və müəllimlərin işə götürülməsinə də diqqət yetirmək lazımdır. Mən də daxil olmaqla yaşlı müəllimlərimizdən hər biri bir neçə il ixtisas üzrə istehsalatda çalışdıqdan sonra fakültəyə dəvət ediliblər, əvvəl laborant kimi, sonra müəllim kimi fəaliyyət göstəriblər. Təkcə nəzəriyyəni bilməklə praktik jurnalist hazırlamaq olmaz.

Jurnalistika fakültəsi yaradıcı fakültədir, onu ümumi arşınla ölçmək olmaz. Nazirlikdə, yaxud rektorluqda əmrlər, sərəncamlar hazırlanarkən istisna hal kimi bunu nəzərə almaq lazımdır. Məsələn, mənə elə gəlir ki, bizim ixtisas fənlərindən olan semestr imtahanları ənənəvi formada, yəni üzbəüz qəbul edilməlidir. Son kurs tələbələri təhsil müddətində aldıqları qiymətlərdən asılı olmayaraq hamılıqla buraxılış işi yazmalıdırlar.

Nəhayət, reallaşması bir qədər çətin olan daha 3 təklif irəli sürmək istəyirəm.

1. Bayaq dediyim kimi, jurnalistikanın müxtəlif qolları var: qəzet jurnalistikası, radio jurnalistikası, televiziya jurnalistikası, on-layn jurnalistika, beynəlxalq jurnalistika, pablik rileyşnz jurnalistikası və s. Bir fakültə daxilində bütün bu sahələr üzrə yüksəkixtisaslı kadrlar hazırlamaq mümkün deyil. Ona görə də təklif edirəm ki, bəzi başqa ölkələrdə olduğu kimi, bizdə də BDU nəzdində Jurnalistika İnstitutu yaradılsın. Belə institutlar ABŞ-də və Almaniyada XIX əsrin II yarısından fəaliyyət göstərir. Postsovet ölkələrində də belə təcrübə var. Məsələn, 2008-ci ildə Belarus Dövlət Universitetinin nəzdində açılmış Jurnalistika İnstitutunda bu gün 4 ixtisas və 6 istiqamət üzrə 2000-dən çox tələbə təhsil alır;

2. Bu gün Azərbaycanda jurnalistika ixtisası üzrə təxminən 50-yə yaxın fəlsəfə doktoru və elmlər doktoru var, lakin onlar 3 elm sahəsi arasında bölünüblər. Bəziləri filologiya, bəziləri tarix, bəziləri isə siyasət elmləri üzrə fəlsəfə və elmlər doktorudurlar. Təklifim bundan ibarətdir ki, jurnalistika ayrıca bir elm sahəsi kimi təsbit olunsun, bu sahədə dissertasiya müdafiə etmiş şəxslərə “Jurnalistika üzrə fəlsəfə doktoru (elmlər doktoru)” alimlik dərəcəsi verilsin;

3. Müasir cəmiyyəti “informasiya cəmiyyəti” adlandırırlar. “İnformasiya” anlayışı isə birbaşa jurnalistika ilə bağlıdır. İnformasiya cəmiyyətinin daha uğurlu inkişafı üçün jurnalistika sahəsində akademik səviyyədə geniş fundamental araşdırmalar aparılmalıdır. Buna görə də təklif edirəm ki, AMEA-da Elmi-Tədqiqat Jurnalistika İnstitutu yaradılsın.

Təbii ki, mən jurnalist kadrların hazırlanmasında olan bütün problemləri deyə bilmədim. Çox istərdim ki, deyilənlər burada qalmasın, müvafiq instansiyalarda – Universitetdə, Mətbuat Şurasında, Milli Televiziya və Radio Şurasında, Təhsil Nazirliyində, Prezident Aparatında müzakirə olunaraq ümumiləşdirilsin, faydalı hesab olunanların reallaşdırılması üçün şərait yaradılsın.