vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 1 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
MƏMLƏKƏT  
16:16 | 21 fevral 2014 | Cümə Məqaləyə 3185 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Akademikin mirası talan edilir

21 noyabr 1991-ci ildə erməni terrorunda həlak olan Tofiq İsmayılovun ailəsi saxtakarlığın qurbanı olub

İnformasiya şöbəsi

Mərhum akademik Tofiq İsmayılov (Kazım oğlu) ailəsinə qoyduğu mirasın saxtakarlıq yolu ilə mənimsənilməsinə dair redaksiyamıza məlumat daxil olub.

Vaxt.az-a daxil olan məlumatda deyilir ki, 1989-cı ilin mart ayında T.İsmayılov keçmiş Kirov (indiki Binəqədi) rayonu Komsomol komitəsi nəzdində rəhbərlik etdiyi Kosmik Tədqiqatlar Elm İstehsalat Birliyinin (KTEİB) təsisçiliyi ilə «Xəzər»(rusca «Каспий») Gənclərin Elmi Texniki Yaradıcılıq Mərkəzini (GETYM) yaradır, müəssisənin fəaliyyəti üçün Binəqədi rayonu, 8-ci mikrorayon, 12-ci Aşırım küçəsi 68 A ünvanında tikili və torpaq sahəsinin ayrılmasına nail olur. Kosmik Tədqiqatlar EİB-də elmi işçi vəzifəsində işləyən Bədəlov Akim Bədəl oğlu «Xəzər» GETYM-nə direktor seçilir.

Bilavasitə ümumittifaq büdcəsindən maliyyələşən KTEİB-in hesabından bağlanmış müxtəlif müqavilələr üzrə «Xəzər»in hesabına külli miqdarda vəsaitlər köçürülür, elmi və istehsal işləri üçün müasir və qiymətli qurğular və avadanlıqlar alınır, T.İsmayılovun rəhbərliyi ilə alternativ energetika üzrə elmi və eksperimental layihələr həyata keçirilir. 1990-cı ildə GETYM üçün nəzərdə tutulan vergi güzəştlərinin ləğvi ilə əlaqədar olaraq 1991-ci ilin martında «Xəzər»in Kirov (indiki Binəqədi) rayon Komsomol komitəsi nəzdindən çıxaraq müstəqil şəkildə fəaliyyətinə qərar verilir. T.İsmayılov kollektiv mülkiyyət formasında yenidən təşkil edilən «Xəzər»ə əsas payçı kimi qızı Səbinə İsmayılovanı təyin edir və 06 mart 1991-ci il tarixdə keçirilən payçıların iclasının 8 saylı protokoluna uyğun müəssisənin nizamnaməsi tərtib olunur və A. Bədəlov yenidən direktor vəzifəsinə seçilir. Lakin T. İsmayılovun vəfatından sonra 29.08.1995-ci il tarixdə «Xəzər»in təsisçiliyi ilə əlaqədar ortalığa bir müəmmalı sənəd çıxır. A.Bədəlov və üç nəfər qohumu «Xəzər»ə dair təsis müqaviləsi bağlayır, müqaviləni bağlayanlar təsisçi elan edilir və müqavilə üzərinə Bakı şəhəri 34 saylı notariat kontorunun təsdiq ştampı vurulur. Həmin təsisçilər bunlardır: Bədəlov Akim Bədəl oğlu - hazırda Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri; Vəliyev Rizvan Şami oğlu, (Akim Bədəlovun bacısı oğlu) - hazırda Agentliyin nəzdində olan MMC-nın direktoru, Mövsümov Şahin Arif oğlu (A.Bədəlovun həyat yoldaşının əmisi oğlu) - hazırda AS İnvestment Qrup MMC-nın rəhbəri, həmçinin respublika oxatma federasiyasının prezidenti və Bağırlı Azad Ramiz oğlu. Saxtakarlıq edilmiş təsis müqaviləsi üzərində olan 34 saylı notariat kontorunun təsdiq ştampında göstərilən əməliyyat yalnız müqavilə iştirakçılarından biri olan R.Vəliyevin imzasının düzgünlüyünün təsdiqidir. Hüquqi cəhətdən heç bir qüvvəsi olmayan bu müqavilə «Xəzər» GETYM-in 1991-ci ildə qəbul edilmiş nizamnaməsinə tam ziddir və müəssisənin qanuni sahiblərinin hüquqlarının mənimsənilməsi deməkdir. Lakin bu etibarsız təsis müqaviləsi sonradan Ədliyyə Nazirliyində, Vergilər Nazirliyində və digər dövlət qurumlarında əsas kimi qəbul etdirilir. Həmçinin 2004, 2009, 2010-cı illərdə «Xəzər» GETYM-in təsisçiliyi və hüquqi ünvanının dəyişdirilməsi ilə əlaqədar saxtakarlıqlar davam edir. Hazırda «Xəzər» GETYM-in təsisçiləri kimi aşağıdakıların adı keçir: Mövsümova Akifə Şərif qızı (A.Bədəlovun həyat yoldaşı) Bədəlov Aqşın Akim oğlu (A.Bədəlovun oğlu) və Vəliyev Rizvan Şami oğlu. 17.01.2014-cü il tarixdə mərhum akademikin qızı S.İsmayılova 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək mənimsənilmə və saxtakarlıq faktlarını sübuta yetirən bütün sənədləri təqdim etmişdir. Məhkəmənin hakimi Tahirə Əsədova işə baxaraq 19.02.2014-cü il tarixə məhkəmə iclası təyin edir və bu barədə iddiaçının ünvanına çağırış göndərir. Lakin sonradan iddiaçıya xəbərdarlıq etmədən işin aparılmasından imtina edilməsi barədə raport yazır. 03.02.2014-cü il tarixdə iddia ərizəsinin baxılması həmən məhkəmənin hakimi Vüsalə Baxışovaya həvalə edilir, lakin bu hakim dərhal işin İnzibati-İqtisadi Məhkəməsində baxılmasının mümkünsüzlüyü barədə qərardad çıxarır. Hakimlərin işə baxılmasından imtina etmələri A. Bədəlovun vəzifəsi və qohumluq əlaqələrindən istifadə edərək məhkəmənin qanuni gedişatına təzyiqləri ilə əlaqədardır. Həmçinin A.Bədəlov tərəfindən Binəqədi rayonu, 8-ci mikrorayon, 12-ci Aşırım küçəsi 68 A ünvanda tikili və torpaq sahəsinin tələsik satmaq cəhdləri də redaksiyamıza gələn məlumatlar içindədir. Doxsanı ixtira olmaqla iki yüzdən çox elmi işlərin müəllifi olan böyük alim T.İsmayılov bilavasitə Ulu Öndərimiz Heydər Əliyevin rəhbərliyi altında respublikamızda kosmik elminin inkişafında, kosmik infrastrukturunun yaradılmasında və bu sahədə milli kadrların yetişdirilməsində müstəsna xidmətləri olmuşdur. Alovlu vətənpərvər torpaqlarımızın bütövlüyü uğrunda yorulmadan iş apararaq Dağlıq Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında böyük işlər görmüşdür. Keçmiş Sovet İttifaqının xalq deputatları sessiyalarında T.İsmayılovun erməni deputatlarına kəskin cavabları xalqımızın yaddaşında qalmaqdadır. 1990-cı ilin 20 yanvarında baş vermiş hadisələrdən sonra SSRİ Xalq Deputatları qurultayında T.İsmayılov Bakıya qoşun yeridən, yüzlərlə həmvətənimizin ölümünə bais olan təşkilatçıları rüsvay etmiş və günahsız insanların xatirəsini yad etmək üçün deputatlara ayağa qalxmağı təklif etdi. M.S.Qorbaçov qurultayda hamı ilə bərabər ayağa qalxmağa məcbur oldu. Böyük insan 1991-ci il noyabrın 20-də Dağlıq Qarabağ səmasında erməni terrorunun qurbanı olmuşdur.

Redaksiyamız mövzu ilə əlaqədar araşdırmalarını davam etdirib növbəti saylarımızda əlavə məlumat verəcək.

P.S. Yazıda adı çəkilən şəxslərin mövqelərini dərc etməyə hazırıq.