vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
CƏMİYYƏT  
18:42 | 4 iyun 2019 | Çərşənbə axşamı Məqaləyə 2218 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Hara? Futbola...

... Heç yaşından, başından utanmırsan?

Vüsal BAĞIRLI

İdman həvəskarları, xüsusən də futbolla məşğul olanlar yaxşı bilir, yaş artıqca orqanizmdə istənilməz və qarşısıalınmaz təbii proseslər baş verir. Fiziki imkanlar tükənir, gücün, qüvvənin potensial ehtiyatı zəifləyir, sürət azalır, zədələnmə ehtimalı birə beş artır.

Buna baxmayaraq, bəzi müsbət məqamları da qeyd etməyə dəyər: təcrübə, düzgün mövqe seçmə, meydançanı görmə bacarığı mükəmməlləşir, texniki ustalıq səviyyəsi artır. Bu isə, yuxarıda sadaladığım digər əyər-əskikləri kompensasiya etməyə imkan verir.

Məsələn götürək, 41 yaşlı Canluici Buffonu. “Ağsaqqal” yenə də yüksək səviyyəli futbol sərgiləyir.

Criştiano Ronaldonun 34, Leo Messinin isə 33 yaşındadır.  Qaldıqca daha mükəmməl olan Burqundiya şərabı kimi, ikisi də ili ildən daha yaxşı oynayır, yüksək peşəkarlıq nümunəsi göstərir, “dünyanın ən yaxşısı kimdir” rəqabətində heç kəsə aman vermirlər.

“Samdoriya” klubunun 36 yaşlı hücumçusu Kvalyarella isə başqa aləmdir. O, bütün dünyanı təəccübləndirməkdə davam edir. Kvalyarella bombardirlər yarışında Ronaldo, İkardi, İmmobile, Pyontek kimi dünya səviyyəli hücumçuları geridə qoyaraq, katenaçço taktikalı müdafiə futbolu ilə tanınan İtaliya “A seriyası”nın ən yaxşısı oldu. 38 oyuna 26 qol. Təsəvvür edirsiniz!?

Söhbəti bu cür uzaqdan gətirməkdə əsas məqsəd, ulduz futbolçulardan, bombardirlərdən, pleymeykerlərdən, futbol istedadlarından, nə bilim, Tottidən, Ronaldinyodan, Bekhemdən bəhs etmək deyil, kələfin ucunu bizim Tahir dayıya yönəltməkdir.

Onun nə az, nə çox, düz 63 yaşı var. Vaxtaşırı bizimlə futbol oynayır. İlk maraq doğuran məqam odur ki, kişi oyuna bir həftə “Real”ın, növbəti həftə isə “Barsa”nın formasıyla gəlir.

Səbəbini soruşduqda deyir, hər iki kluba azarkeşlik edirəm, ona görə. Belə qəribə olayla birinci dəfədir rastlaşıram və stajlı futbol azarkeşlərindən  soruşmaq istəyirəm: “Bir-birinə yağı düşmən olan, nifrət edən  iki komandanı eyni zamanda sevmək, onlara eyni anda azarkeşlik etmək mümkündürmü?”

Xeyli yaşı olmasına baxmayaraq, Tahir dayı futbol meydanında kifayət qədər gümrah və cəld görünür. Fikir vermişəm, qüvvəsini heç vaxt boş yerə sərf etməz, mənasız itkilərə səbəb olan ötürmələr verməz,  daim sadə və effektli olmağa çalışar. Özüm belə, ondan xeyli futbol fəndləri və hiyləgərliklər öyrənmişəm.

Onun oyunçu keyfiyyətlərindən çox yazmaq olar. Müdafiədə etibarlıdır, mövqe seçmə bacarığı mükəmməldir. Hətta hücumlara da qoşulur,  bəzən qol da vurur. Gənc oyundaşlarını qapı önünə topsuz aparıb, topsuz gətirər.

Deyir,  əvvəllər hər həftə futbola gedəndə, elə qapıdan çıxar-çıxmaz arvad zəhləmi aparırdı, elə hey deyinirdi. Dır-dır baş aparırdı:

“Bu nədir ay kişi, yekə kişisən, tumançaq, şortikdə oğlun, nəvən yaşında uşaqlarla futbol oynayacaqsan? Heç yaşından, başından utanmırsan?”

Bir dəfə, beş dəfə, nəhayət Tahir dayı dözmür və suala sualla cavab verir:

Şəkərin varmı ay arvad?  

Arvad təəccüblənir: - Var.

Tahir dayı: Hipertoniya?

Arvad deyir:  - O da var.

Tahir dayı: - Keçən il insult keçirmisən?.

Arvad deyir:  - Keçirmişəm.

Tahir dayı: - Hər hay sənin dava-dərmanına 300 manat xərcləyirəm?

Arvad deyir: - Hə xərcləyirsən, nə olsun ki?

Tahir dayı: -  İndi izah edərəm. Hər həftə gedirəm,  5 manat ödəyirəm futbol oynayıram. Ayda 4 dəfə,  bu toplam iyirmi manat edir. İndi ayda cəmi-cümlətani iyirmicə manat ödəməklə bütün orqanlarım sağlamdır,  özümü də əla hiss edirəm, gümraham, buz baltasıyam. Həkimə, xəstəxanaya getməyə də ehtiyacım yoxdur. İndi anladın?

Tahir dayı deyir, o vaxtdan bəri qulağım dinc, başım  sakitdir. Arvad hər həftə özü idman çantamı toplayır, hazırlayır və məni qapıdan itələyib  yola salır.

Hara? Futbola.

Vüsal BAĞIRLI


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)