Ustadla vidalaşma ...
... Yaxud sonuncu körpü
Rafael HÜSEYN
MÖVZU İLƏ ƏLAQƏLİ
Siz axı mənim qədər bilmirsiniz biz kimi itirmişik!
O getdi və bununla da sıra dağlar qurtardı.
Ömrümün ən əziz adamlarından biri həyatdan ayrıldı və mən içərimdən qocaldım.
Şirməmməd müəllimin gedişiylə əslində çoxdan bitmiş, amma onun varlığıyla, onun sayəsində hələ davam etməkdə olan epoxa tamamlandı.
O nəsil ki onlarla ilk gəncliyimdən, 17-18 yaşından ünsiyyətdə olmuşdum, o insanlar ki, hərəsi bir zirvə idi, o insanlar ki, məhz onların zəkasından, istedadından yaranmış bəhrələrlə Azərbaycan bir az da vüqarlı, bir az da üstün, bir az da nurlu olmuşdu, bir-bir bizi tərk etdilər.
Şirməmməd müəllim sonuncu idi və körpü idi.
Onunla hər görüşə müqəddəs ibadətgaha, ruh evinə gedən kimi gedirdim.
Şirməmməd müəllimlə hər görüşəndə içərisində olduğum iki min neçənci il yaddan çıxırdı, başlayırdım 1930, 40, 50, 60, 70, 80-ci illərin axarında dövr eləməyə.
Həmin illərin insanları dirilirdilər, müasirim olurdular, o illərin qəzet-jurnalları Şirməmməd müəllimin səsində, təqdimində, yozumunda mənimlə büsbütün ayrı cürə danışırdı, elə təsəvvür edirdim indi adama nağıl kimi uzaq görünən Rəşid bəy Əfəndiyev də sağdır, büllur kimi saf, bilikləri dərya kimi dərin Muxtar Əfəndizadə də həyatdadır, maestro Niyazi də, salnamə adam Qulam Məmmədli də diridir, ürəyi vulkanlı Bəxtiyar Vahabzadə ilə də əbədi ayrılmamışıq...
Onlar və neçə-neçə o cür misilsiz şəxsiyyətlər Şirməmməd müəllimlə birgə təzədən söndülər.
Məhəmməd Əmin Rəsulzadəni tədqiq və nəşr edənlər indi də var, gələcəkdə də olacaq.
Təbii ki, araşdırdıqca bu böyük qurucunu daha da yaxından tanıyıblar, tanıdıqca seviblər, eyni hisslərlə bundan sonrakılar da yaşayacaq.
Ancaq Məhəmməd Əmin Rəsulzadəni Şirməmməd müəllim kimi canıyananlıqla, təəssübkeşliklə duyan, anlayan, sevən, atəşin sevgi ilə təbliğ edən, qoruyan ikinci o səviyyəli adam olmayacaq.
Onun cümhuriyyət qurucularımıza məhəbbəti və sədaqəti bir övladın atasına, babasına, bir valideynin oğluna, nəvəsinə olan istəyi kimi idi.
Yaşı elə həddə çatmışdı ki, artıq o, qurucu babaların hamısından xeyli sinli idi.
Lakin qəlbi cavan idi, ruhu gənc idi, həvəsi tükənmirdi.
İkinci kim var ki, 90-nı keçəndən sonra da yazmaqdan, öyrətməkdən usanmasın, hər həftə xalqına millətin şərəfli tarixi ilə bağlı unudulmamalı səhifələri təqdim etsin və bilsə də ki, bu yazılanları oxuyan az olacaq, bezməsin, usanmasın, sabahlara ümidlərlə baxsın?!
Əziz Şirməmməd müəllim, sizsiz çox çətin olacaq mənə, çox!
Yalqız qoyub getdiniz!..
Gördüyüm işlər haqqında hər təqdirli sözünüz mənə hər bir mükafatdan ali idi. Çünki o sözlərin hansı dildən qopduğunun fərqindəydim, o təqdirli kəlmələr məni daha yeni işləri görməyə qanadlandırırdı.
Sizin yaşda ölmək qorxulu deyil, Şirməmməd müəllim, mənim yaşımda münsifsiz, müəllimsiz, sizsiz qalmaq ağırdır, üzücüdür, niskillidir!
Bu bazar günü – iyunun 23-də Fransaya uçacaqdım.
Arzulayırdım ki, şənbə günü gəlib sizi görüm.
Xəbər göndərdim, “sənə deyərik” söylədilər.
Kaş elə birbaşa durub gələydim!..
Bu gün, iyunun 24-də Avropa Şurası tarixində ən uzun iş gününü keçirdik.
Səhər 8 radələrində Assambleyaya gələn iclaslarımız gecə 1-ə 10 dəqiqə qalmış bitdi.
Və bu ağır iş günü əsnasındakı iclaslarda səssizə qoyulmuş telefonumun ekranı növbəti dəfə işıqlandı, Bakıdan zəng vurub məndən cavab ala bilməyənlər yəqin danışmaq imkanımın olmadığını sezərək yazdılar.
Və müdhiş soraq məni sarsıtdı.
İnanmaq istəmədim. Sonra daha bir dost, sonra daha bir yaxınım yazdı.
Bəlkə də kiminçünsə 95 illik ömür uzun görünə bilər.
Şirməmməd müəllim kimi təpədən dırnağa mərifət, savad, millət sevgisi, vətənçilik saçan bir insan üçünsə əlbəttə ki, bu ömür möhləti qısadır.
Axı sonuncu yazısı ölümündən 1 gün əvvəl işıq üzü görmüşdü.
Axı gələn həftə təzə yazısı olacaqdı.
Axı il sonunda 95 yaşını təntənə ilə bayram edəcəkdik.
Söz vermişdim. Ötən il 94-ü tamam olanda 10 gün ərzində onun haqqında bir kitab yazıb buraxdım. Çox da sevindi. Vəd etdim ki, hər il – 100 yaşınız tamam olanacan eynən bu cür bir kitab yazacağam.
Əslində hər dəfə görüşəndən, bir neçə saat söhbət edəndən sonra yüküm elə artırdı ki, onun barəsində, şərəfli ömrü və parlaq düşüncələri haqqında ildə bir neçə kitab yaza bilərdim.
Bəzən düşmən, dost olmayan adam qiyməti ən yaxın dostdan da yaxşı verə bilir.
Hələ Qarabağ ocağının alışmasından çox əvvəl, sovetin mənəm-mənəm çağlarında rəhmətlik Xudu müəllim hərdən zarafatla deyirdi ki, Bakıdan, Azərbaycandan erməniləri təmizləyəndə hər halda bir neçəsini saxlamaq lazımdır.
Təəccüblə niyəsini soruşanda qayıdırdı ki, erməni olanda nə olar, biz öz adımızı düz demirik, onlarsa bizim millətin adını düppədüz – “türk” deyir.
Sanki bu yaşa çatmış, yalnız yazı-pozuyla, millətəxeyir işlərlə məşğul Şirməmməd müəllimin istəməyəni, rəqibi, gözügötürməyəni olmamalıydı.
Fəqət keçinməsindən heç bir neçə saat keçməmiş, elə həmin uzundan uzun iclasımızın gedişində sosial şəbəkələrdə sıra-sıra insanların təəssüf, kədər yağan qeydləri ilə yanaşı birisinin də onu “sovetin düşməni” adlandıran yazısını oxudum.
Hansı məqsədlə, hansı kinlə yazıb, babalı öz boynuna, Allahı bilsin, özü bilsin, amma hər halda Şirməmməd müəllimin sovetin heç vəchlə dostu ola bilməyəcəyini doğru yazıb.
Nə qədər ki, Şirməmməd müəllim sağ idi, lap elə onun nəfəsinin gedib-gəldiyi bir neçə saat öncəyədək, mən istiqlalımızdan daha çox arxayın idim.
Şirməmməd müəllim qocalmış, zərifləşmiş vücudu ilə də istiqlalımızı, müstəqilliyimizı hər zavaldan, içəridən və çöldən gələ bilən hər bəd nəfəsdən qorumağa hazır idi.
Çünki sinəsindəki coşqun millət eşqi, istiqlal sevdası onu güclüdən güclü edirdi. Hər gün qələmi ilə qurucu babaların yanında olduğundan onlardan aldığı təpəri, dəyanəti, əzmi də ətrafına yaymağı bacarırdı.
Növbəti səhərimiz sizsiz açılacaq, əziz Şirməmməd müəllim!
Bu soyuq üzlü həqiqətlə barışmağa məcbur olmaq nə qədər də əzablıdır!
Sizdən uzaqlardayam. Heç gəlib vidalaşa da bilmirəm sizinlə!
Bağışlayın, əziz ustad!
24 iyun, 2019, Strasburq