vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 12 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
CƏMİYYƏT  
14:28 | 23 sentyabr 2019 | Bazar ertəsi Məqaləyə 3262 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Belə dərd olar?

Vüsal BAĞIRLI

Uşaq və yeniyetmələr üçün alkoqol və siqaret, böyüklər dünyasının ən əlçatan və cəlbedici atributu kimi görünür.

Yeniyetmələrin bir çoxu zəif alkoqollu içkinin orqanizm üçün zərərsiz olduğunu düşünürlər. Hətta böyüklərin bir çoxu belə  hesab edir ki, pivə ziyansız, sərinləşdirici içkidir və onu, uşaq, böyük, hər kəs alıb içə bilər.

Hər axşam evin yaxınlığındakı balaca marketdə dönməli oluram. Dünən, əlimdə alınacaq şey-şüyün upuzun siyahısını tutub, həmişəki vərdişlə həmin dükana girdim. Kassanın yanında bığ yeri təzəcə qaralmağa səy göstərən yeniyetmə bir oğlan dayanmışdı. 13-14 yaşı ancaq olardı. Oğlan həmişə edilən işin arxayın ədasıyla, iki şüşə “Xırdalan” pivəsini,  iki qutu da “Kent” siqaretini şəstlə piştaxtanın üzərinə diyirlətdi və alacağı şey-şüyün qiymətini soruşdu.

Satıcı qiyməti söylədi, tələsmədən pivə və siqaretləri sellofan torbaya dürtdü,  sakitcə pulu aldı və əlindəki “qənimət”lə dükandan çıxan oğlanın dalınca, “siqaret boyda boyu yoxdu, amma tutduğu işə bax...”  dedi. 

Mən də iradımı satıcıya bildirdim: “Sən satma, o da almasın...”

Dövlət təşkilatı enerji içkilərinin satışı və istifadəsinin məhdudlaşdırılması ilə bağlı təkliflər hazırlamışdır.

Təkliflər arasında enerji içkilərinin reklamının və 18 yaşa qədər olan şəxslərin bu içkilərdən istifadəsinin məhdudlaşdırılması da yer alır. Amma, göründüyü kim nədənsə, burada spirtli içkilərdən və siqaretdən söhbət getmir.

Bu yaxınlarda  "Gənclər siyasəti haqqında" qanunda da dəyişikliklər edildi.

Qanunun 5-ci maddəsinin 5.7 bəndində deyilir, “Azərbaycanda 18 yaşınadək olan şəxslərə tütün məmulatları və spirtli içkilərin satışına, onların idman mərc oyunlarında birbaşa və ya dolayı iştirakına yol verilməyəcək.”

Lakin, məhdudiyyətlər hansı formada yerinə yetiriləcək, bax bu  məlum deyil.

Ümid edək ki, yaxın gələcəkdə satış və ticarət müəssisələri tərəfindən uşaqlara və yeniyetmələrə siqaret və alkoqollu içkilərin satışına qadağa  yetərincə sərtləşdiriləcəkdir.  Cəza və cərimələrin miqdarı artacaq, dövlət təşkilatlarının nəzarəti daha da gücləndiriləcəkdir.

Səhər işə gəlirəm. Metro gedir, dayanır, gedir, dayanır. Qaranlıq tuneldə durur, səbəbsiz-filansız gözləyir, gözləyir. Gözlərimi yumuram və mənə elə gəlir ki, irəli deyil, geri hərəkət edirəm.

Vaqonda iynə atsan yerə düşməz basabas, qu desən qulaq tutular sakitlik hökm sürür. Boğanaqdır, bürküdür. İşləyən saatın aram, ritmik səsi eşidilir. Kiminsə ac mədəsi quruldayır-guruldayır. Asqıran kim, öskürən kim, pıqqıldayıb gülən, xımır-xımır uğunan kim. Elə bil hamı yarışa girib.

İnsanlar gecikir, hamı narahatdır, hamı əsəbi bir gərginlik içərisindədir.

Birdən sağ tərəfdə dayanmış yaşlı kişi qəzəblə qışqırdı:

- Neçə ildir işə-gücə maşınımla gedirdim. Hər dəfə də tıxac, tıxac. Ayda ildə bir dəfə bu zəhrimar metroya mindim, bu da belə. Belə dərd olar?

Doğurdan da, şəhər sakinlərinin əksəriyyəti metrodan istifadə edir. Metro bəzi cəhətlərdən sərfəlidir, tez çatır, tıxaca düşmür, sərnişin öz səfərini müəyyən olunmuş vaxtda, müəyyən olunmuş yerə görə  planlaya bilir, əlverişlidir, ucuzdur.

İlk fəaliyyətini 1863-cü ildə Londondan başlayan bu yeraltı nəqliyyat vasitəsində intensivliyin hansı qaydalarla nizamlandığı, hərəkətə necə nəzarət olunduğunu dəqiq bilmirik.

Fəqət hər səhər, hamının məktəbə-dərsə, işə-gücə tələsən vaxtı qatarlar nədənsə çox ləng hərəkət edir, tısbağa yerişiylə tərtənir,  səbəbsiz yerə stansiyalarda dayanıb-dururlar.

Metropoliten idarəsi hər dəfə sürətin, intensivliyin, dəqiqliyin artacağını bildirir. Amma,  hələ ki, ortada bir şey yoxdur.

İndi mən də istidə, qaranlıq tuneldə, basa-bas və boğanaqda işə gecikə-gecikə düşünürəm:

- “Belə də dərd olar?”


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)