vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
BÖHRAN  
16:21 | 23 fevral 2022 | Çərşənbə Məqaləyə 1276 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Donbas separatizminin tarixi

8 ildir sönməyən alov şiddətlənmək üzrədir

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının bazar ertəsi günü növbədənkənar iclasından sonra Ukraynanın şərqində yerləşən, rus separatçılarının idarə etdiyi “DXR” və “LXR”-in “müstəqil dövlət” kimi tanınma müraciətlərini qəbul etdiyini açıqlayıb.

Özlərini “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası” elan edən administrasiyaların rəhbərləri bir gün əvvəl Rusiya dövlət kanalında yayımlanan xəbərdə Putindən onların müstəqilliyini tanımağı xahiş etmişdilər.

2014-cü ildəki qarşıdurmadan sonra Ukraynanın şərqindəki Donetsk və Luqansk vilayətlərinin müəyyən ərazilərinə nəzarət edən rusiyapərəst separatçılar bu ərazilərdə birtərəfli qaydada iki “respublika” elan etmişdilər.

2015-ci ildə onlarla Ukrayna arasındakı atəşkəs razılaşmasına baxmayaraq bölgədə konflikt davam edirdi.

Donetsk və Luqansk Ukraynanın Donbas bölgəsində yerləşirlər, separatçıların yaratdıqları “xalq respublikaları” bölgənin üçdə birini əhatə edir, indiyə qədər onların müstəqilliyini nə Ukrayna, nə Qərb ölkələri, nə də Rusiya tanımışdı.

Amma 2019-cu ildən etibarən Rusiya çox sayda donbaslını vətəndaşlığa qəbul etməyə başlamışdı.

 

Qarşıdurma nə vaxt başlayıb?

 

1991-ci ildə SSRİ dağılandan sonra Ukraynanın şərq və cənub bölgələrində - Rusiyanın aktiv olduğu ərazilərdə yaşayan, rusca danışıb özlərini “rus hesab edənlərlə” qərbdə yaşayanlar - ukraynaca danışıb Avropaya inteqrasiya tərəfdarı olanlar arasında çat yaranmağa başladı.

Ukraynanın ozamankı prezidenti Viktor Yanukoviçin Avropa İttifaqı ilə tərəfdaşlıq müqaviləsini rədd edib Rusiya ilə daha yaxın münasibətlər qurmağa meyllənməsi 2013-cü ilin noyabr ayında ölkə boyu kütləvi etirazlarla nəticələndi.

2014-cü ilin aprelində ölkənin şərqindəki Rusiya yönlü qrupların liderləri həmin ərazidə referendum keçiriləcəyini bəyan etdilər, Rusiya ordusunun bölmələrinin Ukraynanın sənaye mərkəzləri Donetsk və Luhanskın sərhədlərinə doğru irəlilədiyi bildirildi.

Referendumlardan sonra - 11 may 2014-cü ildə Rusiya yönlü separatçılar Donetsk və Luqanskdan ibarət Donbas vilayətində “xalq respublikaları” quraraq müstəqilliklərini elan etdilər. Ancaq Ukrayna və Qərb bu “respublikaları” tanımadı.

Mayın axırında Ukraynada prezident seçkiləri keçirildi, amma Donetskdə və bəzi başqa bölgələrdə seçki məntəqələri yaradılmadı.

Prezident seçilən Petro Poroşenko sülh planını açıqladı, iyul ayında isə separatçılar Donbasın cənubuna doğru çəkildilər.

Sentyabrda Ukrayna hökuməti və separatçılar arasında atəşkəs razılığına əldə olunsa da, bir neçə gün sonra yenidən döyüşlər başladı.

Diplomatik təzyiqlər nəticəsində 2015-ci ilin fevral ayında Minskdə Rusiya, Ukrayna, Almaniya və Fransanın iştirakı ilə baş tutan danışıqlarda yenidən atəşkəs elan olundu. Rusiya yönlü separatçılar Ukraynanın şərqində silahsız tampon bölgə yaradılması şərtini də qəbul etdilər.

Amma döyüşlərə ara verilmədi. Separatçılar Donbasın üçdə birini təşkil edən iki “xalq respublikasına” nəzarəti qoruyub saxlayır, Rusiyanın bölgədəki aktivliyi davam edirdi.

Ukraynanın Aİ və NATO ilə yaxınlaşmasından narahat olan Rusiya 2021-ci ilin payızında bu ölkənin sərhədlərinə qoşun yığdı, Qərb ölkələri onun Ukraynaya hücum edəcəyini gözləyirdilər.

Ötən həftənin sonlarında Ukraynanın şərqində yenidən silahlı qarşıdurma yarandı, iki Ukrayna hərbçisi həlak oldu. Separatçıların liderləri “tam hərbi səfərbərlik” elan etdilər.

Qərb ölkələri Rusiyanın həm bu qondarma respublikaları tanıyacağından, həm də Ukraynaya hücum edəcəyindən qorxurdular.

Fevralın 21-də Putin “DXR” və “LXR”-i “müstəqil ölkə” olaraq tanıdığını və bölgəyə “sülhyaradıcı hərbi qüvvə” göndərəcəyini açıqladı.