vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
CƏMİYYƏT  
14:51 | 31 mart 2022 | Cümə axşamı Məqaləyə 1105 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Mehdiyev sələflərinin adını gömrük tarixindən “silir”...

DGK-nin tarixinə həsr olunan kitabda nə Kəmaləddin Heydərovun, nə də Aydın Əliyevin adları var

Etibar ƏLİYEV, millət vəkili

Azərbaycanda hər yeni vəzifəyə gələn məmurun özündən əvvəlkinin bütün izlərini silməsi ənənəsi çoxdan mövcuddur və hazırda da bu tendensiya “uğurla” davam etdirilir. Nazirlər, komitə sədrləri, icra başçıları, hətta universitet rektorları da rəhbərlik etdikləri qurumlarda sələflərinə aid heç bir iz saxlamaq istəmirlər. Əksər hallarda həmin qurumlarda keçirilən tədbirlərdə, yubileylərdə, hətta onların fəaliyyəti, tarixi barədə çap edilən kitablarda belə “sabiqlər”ə yer yoxdur. Özü də fərq etmir, onlardan öncəki məmurlar yaxşı işləyiblər, yoxsa vəzifədən birbaşa həbsxanaya yollanıblar...

Məsələn, Bakı Dövlət Universitetinin (BDU) 95 illiyi ilə bağlı universitetin o vaxtkı rektoru Abel Məhərəmovun çap etdirdiyi kitab demək olar ki, bütövlükdə onun özünə həsr olunmuşdu. BDU-nun hazırkı rektoru da A.Məhərrəmova və digərlərinə münasibətdə eyni mövqedədir. Yəni ki, “ənənə” yaşayır...

Eyni yanaşmanı Dövlət Gömrük Komitəsinin (DGK) yenicə çap etdirdiyi, nəfis tərtibata malik iri həcmli “Azərbaycan gömrüyü, dünən, bu gün, sabah” adlı kitabda da görmək olar. Kitabın ilk səhifəsində “Layihənın rəhbəri” qrafasında DGK-nın hazırkı sədri Səfər Mehdiyevin adı keçir. Kitabın ön sözü də Mehdiyevin imzası ilə təqdim olunur. Ardınca az qala ibtidai icma quruluşundan bu günə qədər olan ümumilikdə gömrük tarixi və onun Azərbaycana aid hissəsindən uzun-uzadı söz açılır.

Ancaq maraqlıdır ki, xüsusilə də Azərbaycanın ikinci dəfə müstəqillik qazanmasından sonrakı dövr ərzində Mehdiyevdən başqa DGK-ya rəhbərlik etmiş şəxslərdən heç kimin adı çəkilmir.  Əvəzində kitabla tanış olanda belə təəssürat yaranır ki, müasir dövrün gömrük sistemi bütövlükdə məhz hazırkı gömrük şefinin “əsəridir”.

Kitab başdan-ayağa S.Mehdiyevin fotoları ilə “süslənib”. Burada Mehdiyevin nə az - nə çox, düz 16 fotosu yer alır. Onun xarici həmkarları ilə görüşləri, çıxışları və s. barədə geniş məlumatlar verilir. Ancaq ondan öncə bu quruma uzun dövr rəhbərlik etmiş Kəmaləddin Heydərovun və Aydın Əliyevin nə adına, nə də fotosuna rast gəlinmir.

Xatırladaq ki, Kəmaləddin Heydərov 1995-ci ildən 2006-cı ilə qədər Dövlət Gömrük Komitəsinin sədri vəzifəsini tutub. Hətta vəzifəsini dəyişərək, Fövqəladə Hallar naziri təyin olunsa belə, uzun illər ümumilikdə gömrük sistemi, gömrük orqanının ciddi əhəmiyyətə və nüfuza sahib qurum kimi tanınması daha çox onun adıyla bağlı olub. Heydərov elə indi də hakim komandadadır və strateji nazirliklərdən birinə rəhbərlik edir. Lakin maraqlıdır ki, sözügedən kitabda bircə yerdə belə Heydərovun DGK sədri kimi fəaliyyətinə dair nəyəsə rast gəlmək mümkün deyil. Həmçinin, ondan sonra 2006-cı ildən 2018-ci ilə qədər 12 il  bu vəzifəni tutmuş, yəni indiki komitə sədri Səfər Mehdiyevin birbaşa sələfi olmuş Aydın Əliyevin də bu kitabda nə izi var, nə də tozu...

Ümumiyyətlə, Azərbaycan məmurlarının rəhbərlik etdikləri qurumlara dair Sovetdən qalma kitab çap etdirmə həvəsi dövlət vəsaitlərinin lazımsız istiqamətlərə xərclənməsindən başqa heç bir nəticə vermir. Onsuz da hər yeni gələn məmur özündən əvvəlkinin kitabını oxumur və öz kitabını yazır...

Səfər Mehdiyevə gəlincə, təbii ki, o, özünü dünyanın və Azərbaycan tarixinin “ən dahi gömrükçüsü” hesab edə bilər və yəqin ki, sözügedən kitab da məhz bu narsizmin göstəricisidir. Lakin əsas məsələ istənilən məmura, siyasi, yaxud ictimai xadimə və s. onun özünün yox, cəmiyyətin və tarixin verdiyi qiymətdir...