DTX yeni fəaliyyət istiqaməti müəyyən edib
Qurum kritik infrastruktura daxil olan dövlət və özəl sektorun kibertəhlükəsizlik məsələlərinə də nəzarət edəcək
Ötən gün Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının – AKTA-nın təqdimatında diqqətimi cəlb edən bəzi məqamlar oldu. İlk diqqət çəkən məqam DTX-in rəis müavini İlqar Musayevin çıxışında səslənən fikirlər oldu. DTX rəsmisi bu qurumda yeni fəaliyyət istiqaməti haqqında anons verdi.
Əvvəllər DTX əsasən kibercinayətkarlıqla mübarizə istiqamətində fəaliyyətə üstünlük verirdi. İndi görünür ki, DTX kiber mühitdəki fəaliyyətini genişləndirəcək. Yəni, yalnız kibercinayətkarlıqla deyil, kritik infrastruktura daxil olan dövlət və özəl sektorun kibertəhlükəsizlik məsələlərinə də nəzarət edəcək. Xatırladıram ki, ötən il bununla bağlı Prezidentin müvafiq fərmanı da olub.
Əvvəllər dövlət sektorunda kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi ilə bağlı məsələlər daha çox Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin kurasiyasında olub. Bu qurum həm də Prezident fərmanı ilə yaradılan İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının fəaliyyətini də istiqamətləndirir. Maraqlıdır ki, sektorda əsas qurum hesab olunan XRİT Dövlət Xidməti rəsmilərinin təqdimat mərasimində hər hansı çıxışı olmadı.
Eyni zamanda kibercinayətkarlıq sahəsində fəaliyyət göstərən daha bir dövlət qurumu, DİN rəsmiləri də təqdimatda gözə dəymirdi.
Yeri gəmişkən, qeyri-dövlət sektorunda informasiya təhlükəsizliyinə cavabdeh olan RİNN-in Elektron Təhlükəsizlik Xidməti də bütövlükdə CERT-lərin koordinasiyasına cavabdehlik daşıyır. Lakin qurum hələlik bu ekosistemdə aktivlik göstərə bilmir.
Beləliklə, düşünmək olar ki, bundan sonra dövlət tərəfindən kibertəhlükəsizliklə bağlı əsas resurslar DTX-ya yönəldiləcək və hər iki sektorda kibertəhlükəsizliklə bağlı məsələlərdə DTX-nin rolu xeyli artacaq.
İkinci diqqət çəkən məqam ondan ibarət idi ki, tədbirdə bir neçə nazir, dövlət agentlikləri və xidmətlərinin rəhbərləri, xüsusilə də DTX rəhbəri Əli Nağıyev, bütün əlaqəli dövlət və özəl sektor rəhbərəri iştirak edirdi.
Buradan belə qənaətə gəlmək olar ki, artan və artması proqnozlaşdırılan kiber təhdidlərlə bağlı, kibertəhlükəsizliklə bağlı məsələ, ən yüksək səviyyədə, dövlət başçısı səviyyəsində nəzarətə götürülüb və bu sahə ilə bağlı fəaliyyətin kurasiyası DTX-ya tapşırılıb.
Düşünmək olar ki, hökumət kibertəhlükəsizlik sahəsini dövlət təhlükəsizliyinin əsas prioriteti olaraq qəbul edir və qarşıdakı illərdə bu sektorda ciddi problemlərin ola biləcəyini proqnozlaşdırıb.
Maraqlı məqam həm də odur ki, DTX rəsmisi İlqar Musayev öz çıxışında bütün maraqlı tərəfləri AKTA ictimai qurumu ətrafında birləşməyə çağırdı.
Güman etmək olar ki, DTX ölkənin kibertəhlükəsizlik sahəsində çalışanların bir arada toplanmasında, onların resurslarından dövlətin təhlükəsizliyinin möhkəmləndirilməsi üçün istifadə edilməsində maraqlıdır və bu məqsədlə də AKTA qurumunun yaradılması təşəbbüsünü irəli sürüb.
Əgər kritik infrastrukturun kibertəhlükəsizliyi də DTX-da olacaqsa , qurumun peşəkar kadrlara ciddi ehtiyacı olacaq. Güman etmək olar ki, bu məqsədlə qurum AKTA-nın resurslarından istifadəni və peşəkar kadrlar yetişdirməyi nəzərdə tutur.
Yekun olaraq, bir daha vurğulamaq istərdim ki, AKTA təşəbbüsü yetərincə faydalıdır.
Elə dünən bununla bağlı bir paylaşım etmişdim. Əgər təhlükəsıziliyə cavabdeh qurumların məlumatları da hansısa bir qurumun informasiya sisteminə kiber hücumla ələ keçirilib internetdə açıqlanırsa, demək sabah daha ciddi təhdidlər, cinayətlər baş verə bilər. Ümid edirəm aidiyyəti qurumlar baş verənlərin fərqindədir.
Bu sahədə bizdə problemlər çoxdur. Qanunvericilik təkmilləşməlidir. Kritik resursların ciddi İT auditi keçirilməlidir. İstifadə olunan avadanlıqlara və proqram təminatlarına qarşı vahid standartlar olmalıdır. Milli resursların və milli kadrların hazırlanmasına üstünlük verilməlidir.
Bu baxımdan peşəkarlardan ibarət Assosiasiyanın formalaşdırılması təşəbbüsü təqdirəlayiqdir. Assosiasiyadan gözlənilərimiz çoxdur.
Əlbəttə, burada ictimai və biznes maraqlarını, xüsusilə də milli maraqları bir araya gətirmək asan olmayacaq.
Biznesin öz biznes maraqları da var. AKTA isə ictimai qurumdur, necə deyərlər QHT-dir. Təcrübə isə göstərir ki, ictimai sektorda çalışmaq, vuruşmaq böyük enerji və prinsipiallıq, böyük də resurslar tələb edir.
Ümid edirəm və inanıram ki, AKTA ölkəmizin kiber ekosisteminin inkişafı və dayanıqlığı istiqamətində ciddi töhfələr verəcək.