vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 16 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
ELM-TƏHSİL, DİN  
09:12 | 13 mart 2014 | Cümə axşamı Məqaləyə 1571 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«5 ildə 100 faiz artaraq, 70 min olublar»

Fəlsəfə elmləri doktoru Aydın Əlizadə: «Sələfi radikallarının əsas hədəfləri ənənəvi sünni və şiə cərəyanları ilə mübarizə və onların zəiflədilməsidir»

KƏNAN

Martın 12-də fəlsəfə elmlər doktoru, ekspert Aydın Əlizadə «Trend» İnformasiya Agentliyinin mətbuat mərkəzində «Azərbaycanda dini durumun təhlili və dünyəvilik prinsiplərinin qorunması perspektivləri» mövzusunda brifinq keçirib.

A.Əlizadə son dönəmlərdə dini durumda əsas narahatlıq yaradan problemlərdən birinin dini zəmində radikal təfəkkürlə bağlı olduğunu deyib: «Radikal baxışlar İslamın bütün məzhəblərində var. Bu gün Azərbaycanda daha çox sələfi radikalizmi barəsində danışırlar və bunun üçün çoxlu səbəblər mövcuddur. Buna görə də bu brifinq sələfi radikallığı nümunəsində, ümumiyyətlə, ifratçı baxışlarla mübarizənin formaları və metodlarına həsr olunur».

A.Əlizadə qeyd edib ki, sələfilər cəmiyyətdə çox vaxt «vəhhabi» adı ilə tanınırlar və bu cərəyana məxsus dindarların sayı yalnız son 5 ildə 100 faiz artaraq 70 min nəfərə çatıb (bütün qruplar üzrə). A.Əlizadəyə görə, bu qrupların daxilində radikal görüşləri təbliğ edənlər var: «Sələfi radikallarının əsas hədəfləri ənənəvi sünni və şiə cərəyanları ilə mübarizə və onların zəiflədilməsi, polis orqanlarında, eləcə də mərkəzi və yerli icra hakimiyyəti orqanlarında öz adamlarını yerləşdirməklə onların ələ alınmasıdır».

Onun sözlərinə görə, sələfilər üçün toplanan ümumi illik maliyyə təxminən 5 milyon dollar həcmindədir. Bu məbləğə həm xaricdən göndərilən yardımlar, həm biznes strukturlarına yatırılmış maliyyə və sələfilərin özlərinin idarə etdiyi biznes əməliyyatlarından gələn gəlir, həm də zəkat formasında vəhhabi üzvlərdən yığılan vəsaitlər daxildir. Bu pulların hamısı təbliğata, nəşr vəsaitlərinə, «dəvətçi»lərin əmək haqlarına, bir sıra hallarda məsul şəxslərin ələ alınmasına və s. sərf olunur.

Aydın Əlizadə bildirib ki, Şeyxülislam əleyhinə və «nurçuluq» adı ilə ortaya atılan isterik materiallar da radikal qrupların media xidmətləri tərəfindən başladılan oyundur. «Məqsəd isə diqqəti özlərindən yayındırmaqdır», - ekspert söyləyib.

«Sələfilərin yaxşı təşkil olunmuş peşəkar media və PR qrupları mövcuddur. Onlar həm ağ, həm də qara PR-in bütün formalarından istifadə edirlər. Onların işlətdiyi 20-dən artıq sayt mövcuddur. Sələfiliyin radikal qruplarının qara PR-in əsas xüsusiyyətləri adsız poçt və saxta FB profillərindən istifadə edərək başqalarına böhtan atmaqdan və gündəmi başqa istiqamətə yönəltməkdən ibarətdir. Əsas hədəf isə adətən radikal sələfiliyə qarşı çıxan bütün şəxslər və qurumlar olur», - ekspert deyib.

A.Əlizadə qeyd edib ki, zərərli və əsas mahiyyətini itirmiş xalq adətlərinə qarşı maarifçilik prinsipləri inkişaf etdirilməlidir: «Əhəmiyyətini itirmiş milli adətlərin və öyrəncəli həyat tərzini sarkastik, satiristik, ironik şəkildə tənqid edən resurslar olmalıdır. Ali məktəblərdə fəlsəfə kurslarında sekulyarlığa və dünyəviliyə daha çox tədris saatı ayrılmalı, Azərbaycan dövlətçiliyinin fəlsəfəsi tədris edilməlidir».

Aydın Əlizadə deyib ki, dövlətin bu prosesə müdaxilə etməsi, radikal dini qrupların qarşısının alınması üçün ilk növbədə ölkədə dünyəvilik dəyərlərinin təbliğini gücləndirmək lazımdır. Eyni zamanda o bildirib ki, insanların dini cərəyanlara axının qarşısını almaq üçün dövlət sosial ədalətin təmin olunması, məmur süründürməçiliyinin aradan qaldırılması kimi bir sıra kompleks işləri görməlidir.

Ekspertin sözlərinə görə, əks halda, insanlar əzilib və gələcəyə ümidlərini itirəndə onlar dini-missioner qrupların təsiri altına düşürlər. Onun sözlərinə görə, bütün bu hallar dövlətin dünyəviliyinə zərbə vurur, onu sarsıdır. Dövlət gərək dünyəvilik və sekulyarizm ideya əsaslarını konseptual şəkildə işləyib ortaya qoysun, ona ciddi əməl etsin ki, dini sahədə olan bu problemlər cəmiyyətdə qarşıdurma həddinə çatmasın.