vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
ARAŞDIRMA  
17:25 | 12 aprel 2014 | Şənbə Məqaləyə 4187 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Qızları Tahir Salahovu məhv etdi»

«Səttar Bəhlulzadənin həyat tərzi çoxlarını rəssamlıqdan çəkindirdi»

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan Rəssamlar İttifaqının üzvü, Türkiyədəki Ümumdünya Sənətçilər Birliyinin Azərbaycan təmsilçisi Nəvai Məmmədoğlu AzNews.az-a müsahibə verib. Onunla emalatxanasında görüşdük. Emalatxananın divarları rəssamın əsərləri ilə örtülmüşdü. Qalaq-qalaq portretlər, mənzərələr, tarixi hadisələrdən tutmuş, insanı yolundan azdıran şeytana kimi...

Rəssam deyir ki, özünü bu əsərlərdən kənarda hiss etmir. Elə bir gün, an olmaz ki, onlara baxmasın. Hərəsi bir tarixdən xəbər verir. Fırça ustası hətta ölkədən uzaqda olanda əsərləri üçün darıxdığını dilə gətirir:

- İnsan sevgisiz qala bilmədiyi kimi, mən də yaradıcılıqsız özümü təsəvvür edə bilmirəm. Sənətə sevgi olmasa çətin ki, istədiyin əsər alınsın» - deyə üzünü işlədiyi bir tabloya çevirir. Sözün düzü, otağın küncündə qoyulmuş tablo diqqətimi çəkdi. Yaxınlaşıb, tablonun üzərindəki pərdəni qaldıranda yanan məşəlin içərisində, üstəlik gözlərində dəhşətli bir baxışla mərhum prezident Əbülfəz Elçibəylə üz-üzə dayandım. Bu sənət əsərinin yaradıcısı sanki həmin anda nə soruşmaq istədiyimi üzümdən oxudu...

...Əsərdə canlandırmaq istədiyim mübarizlik idi. Əbülfəz Elçibəyi bunsuz təsəvvür etmək çətindir. Amma hələ iş yarımçıqdır. Neçə vaxtdır ki, üzərində işləyirəm. Bunu özüm üçün çəkirəm. Simvolik bir obraz yaratmaq istəyirəm. Baxaq, necə alınacaq. Mən Azərbaycanın bütün prezidentlərinin portretlərini çəkmişəm. Hətta Məhəmməd Əmin Rəsulzadəni də. İnsanlar bəzən «Quran»ı ələ götürməyə qorxurlar. Mən deyirəm ki, ay bala bunu nəşriyyatda sıradan biri çap edib. Onun üçün bu texniki işdir. Onu ələ götürməyə qorxmayın, bu oxumaq üçündür. Prezidentlərin də portretləri belədir. Bu obrazdır, hansı rəssam istəsə, çəkə bilər. Bu şərtlə ki, içində həvəs və istək olsun. Hər halda bu portretlər maraqlı olmasa, biz ona müraciət etmərik. İlk növbədə insanı sevməlisən. İnsana qarşı içində sevgi olmasa, onun portretini çəkmək qeyri-mümkündür.

...Məsələn, Səməd Vurğunun portretini çəkəndə mütləq onun şerini deməlisən. Bunsuz olmur. Yəni bəzən şeirlər rəssama yol göstərir. Məhəmməd Əmin Rəsulzadənin portretini çəkəndə isə gözümün qarşısında bir şey canlandı – Azadlıq. İlk cümhuriyyətin qurucusu kimi onun bütün mübarizliyi, əzablı yolları göz önündə canlanır.

 

- Bəs tabloda bu, necə öz əksini tapır?

- İlk növbədə əzablar firçada dilə gəlməlidir. Bunlar olmadan portreti çəkilən şəxsi təsəvvür etmək çətindir. Bu təsəvvürlər isə portretə sirayət edir.

 

- Əbülfəz Elçibəyin portretinə baxdıqda, sanki həyatda onunla görüşünüz olub, kimi göründü... 

- Hə, məni özü dəvət etmişdi. Böyük Azərbaycan klassik şairi Məhəmmdhüseyin Şəhriyarın portretini çəkmişdim. Rəhmətlik Əbülfəz Elçibəy onu görüb və xoşu gəlib. Elçibəy bu portreti çəkən rəssamın kimliyi ilə maraqlanıb. Nədənsə məni tanıyan olmayıb. Amma maraqlanıb və sonda istəyinə çatıb. Elçibəy məni tapdı və görüş təyin etdi. Getdim, görüşdük. Uzun söhbətdən sonra yeni əsərlərimlə maraqlandı. Dedim ki, nə yazıq ki, yeni əsərlər yoxdur. Daha çəkmirəm və çəkməyəcəm də... Onu təəccüb götürdü. Səbəbini soruşanda dedim ki, iş adamı kimi fəaliyyət göstərirəm, bu səbəbdən başım qarışıqdır. Bu cavabımdan təəssüf hissi keçirdiyini bildirdi. Dedi ki, çalış, maddiyyətin mənəviyyatına xidmət eləsin. Bəyin bu sözü sanki məni yerimdən titrətdi, həyatımda bir dönüş yaratdı.

 

- Elçibəy o zaman prezident idi? 

- Xeyir, Kələkidən Bakıya yeni dönmüşdü. Bu görüşə kimi sənətimdən qismən aralanmışdım. Amma hara getsəm də boyalarım yanımda olurdu. Elçibəyin bu sözündən sonra sənətə qayıtdım, 2005-ci ildən isə Azərbaycan Rəssamlar İttifaqının üzvüyəm. 

 

- Üzvlüklə bağlı təşəbbüs sizdən gəldi, ya Rəssamlar İttifaqından? 

- Onlara mən müraciət etdim. İttifaqa üzv olmaq mütləqdir. Mən 2012-ci ildən Türkiyədəki Ümumdünya Sənətçilər Birliyinin Azərbaycan təmsilçisiyəm. Ayda bir dəfə Türkiyədə oluram. Orada mühüm tədbirlər olur və hər birində iştirak etməyə çalışıram. 

 

- Deyirsiniz ki, Türkiyədə çox olursunuz və onların sənətinə, mədəniyyətinə yaxından bələdsiniz. Azərbaycanla Türkiyə arasında bu sferada hansı fərqlər var?

- Türkiyə Respublikasının 90 yaşı var. Biz isə təsir altında olmuşuq, rusun şinelinin içində gizlənmişik. Onlar bizdən üstündürsə, bunu təbii qəbul etmək lazımdır. Yox, əgər söhbət rəssamlıqdan gedirsə, rusun təsiri burada özünü büruzə verib. 

 

- Yəni? 

- Yənisi, biz rəssamlıqda onlardan çox-çox irəlidəyik. Çünki biz etiraf etməliyik ki, rus rəssamlığının məktəbi keçdik. Ona görə də Türkiyədə bizim üslubumuz və məktəbimiz çox sevilir. Bu danılmaz faktdır ki, rəssamlıqda rus məktəbinin öz yeri var. Ümumiyyətlə, təkcə rəssamlıqda deyil... Onlardan bizə mənfi çalarlar az gəlib. Onları da yaxşıların kölgəsində itirmək olar. Adicə masa arxasında oturmağımız rusun sayəsində olub. Biz bu gün masada sivil şəkildə otururuq. Baxın da İran, Əfqanıstan, Pakistan necə oturur. Amma... Söhbət sənətə, insanlara sevgidən gedirsə, bu qeyri-mümkündür.

 

- Azərbaycanda sənətə, insana sevgi yoxmu?

- Sıravi vətəndaş tərəfindən sənətə sevgi bizə nisbətdə Türkiyədə, eləcə də başqa dövlətlərdə daha üstündür. Onlarda sənətə sevgi var. Bizdə isə bəzən sənətə və o sənətin yaradıcısına lağ edirlər, ələ salırlar. Adamlar deyir ki, «rəssamdı da şəkil çəkir, hə nə olsun». Amma Türkiyədə bu belə deyil. Türkiyədə hər bir adamın qabiliyyətinə görə dəyəri var. Hətta mən buna şahid də oldum. Tədbirlərin birində mən fırça əlimdə şəkil çəkirdim. Məktəbli bir uşaq uzun-uzadı baxdı, o, nə hiss keçirdisə, özündən asılı olmayaraq, əlimi özünə doğru çəkib öpdü. Bu nə deməkdir? Sevgi... Bu sevgi təəssüf ki, bizdə yoxdur. 

 

- Sizcə bu biganəliyin kökündə nə dayanır?

- Bu, bir adamın işi deyil. Artıq ümumxalq məsələdir. Məsələn, baxın, sərgilər keçirilir, ora gələnlər kimlərdir? Ya jurnalistlər, ya rəssamın qohumu, ya da ittifaq üzvləri. Bu sərgidir? Türkiyədə isə belə deyil. Orada sərgi hər gün çox aktiv işləyir, dəvətsiz-filansız gəlirlər.

Bu, Azərbaycanın böyük bəlasıdır. Pulsuz-parasız sərgiyə gələn yoxdur. Ölkənin tanınmış ziyalısının biri belə sərgi məkanlarının qapısını tanımır.

 

- Bəs, maraq hissini necə oyatmaq olar?

- Bunu madiyyətlə bağlılığı yoxdur. Pul olmasa belə adam sənət əsərindən mənəvi zövq alır. Bu da tələbatdır. İnsanda acgözlük olmalıdır ki, sərgiyə gedəsən, oradan nəsə götürəsən. Mən 10 gündə bir dəfə İncəsənət Muzeyinə gedib işlərə baxıram. Niyə? Çünki mənim tələbatım var. Məsələn, rəssamlıq vərdişi Türkiyədə uşaqlıdan başlayır. Türkiyənin 3 faizi şəkil çəkir. Bunu bir dəfə dedim, böyük mübahisəyə səbəb oldu. Dedim ki, Səttar Bəhlulzadə Azərbaycan rəssamlıq məktəbinə böyük zərbə vurdu.

 

- Bunu necə əsaslandıra bilərsiniz? 

- Səttar Bəhlulzadənin sənətinə, üslubuna kimsə bir söz deyə bilməz. Dünya rəssamları ilə eyni səviyyədə gedəcək sənətkar olub. Buna söz ola bilməz. Amma Səttar Bəhlulzadənin həyat tərzi, geyimi zahiri görünüşü çox adamları rəssamlıqdan çəkindirdi. Rəhmətlik atam rəssam olmağımı istəmirdi. Buna kəskin narazı idi. Səbəbini soruşanda dedi ki, yoxsa sən də Səttar Bəhlulzadə kimi boyanı boynundan asıb, onun-bunun şəkilini çəkib, dilənmək istəyirsən? Səttar Bəhlulzadə mənfi bir görünüş yaratmışdı. O deyirdi ki, rəssamlar hamısı belə olmalıdır. Çoxu da ona baxıb uşağını uzaqlaşdırdı. 

 

- Səttar Bəhlulzadənin həyat tərzi rəssamlıq üçün nümunə ola bilməzdi, axı...

- Sizinlə razıyam. Amma bunu çoxu başa düşmürdü. Səttarın imkanı da vardı, əlaqələri də. Ona 20 min pul versəydin, yenə o, həmin plaşını geyəcək, uzun saç, siqareti əlində olacaqdı. Bunu o vaxt çoxu bilmirdi. Bu indi məlum olub. Baxın Tahir Salahov, Mikayıl Abdullayevə baxan yoxdur. Çünki ortada görünən Səttar idi. 

 

- Tahir Salahovu misal çəkdiniz. Onun sənətini davam etdirənlər də var. Yəni bunu müsbət məqam kimi xarakterizə etmək olarmı? 

- Təəssüf ki, gündəmdə olan qızlarıdır. 

 

- Demək istəyirsiniz dünya şöhrətli rəssam kölgədə qalıb?

- Əlbəttə...Qızlarının əsərləri açıq-saçıq, erotika, filan olduğu üçün Tahir Salahov kölgədə qalıb. Biz qəribə millətik. Bəzən sənət kənarda qalır, digər məqamlara üstünlük verilir. Sual yaranır ki, Tahir Salahovun qızları nə ilə məşğuldur? O, bəlkə də sıradan bir adamın qızı olsaydı, yüz erotika janrında belə əsər çəksə, də ona baxan olmayacaqdı. Amma Tahir Salahovun dostları kimi düşmənləri də var. Düşmənləri onun qızının bu şəkillərinə baxıb sevinir. Deyir ki, gör Azərbaycanın dünya şöhrətli ziyalısı, rəssamı Tahir Salahovun qızı nə işlə məşğuldur. Dostları da deyir ki, gör Tahir Salahovun qızları nə çəkir? Yəni sevənlər sevdiyinə, sevməyənlər isə sevindiyinə görə deyirlər. Buna görə də, əslində, qızları Tahir Salahovu məhv etdi. 

 

- Erotika janrında rəsm əsərləri ilə diqqət çəkmək rəssama nə verə bilər. Bəlkə bu daha uğurludur?

- Bu, sənətdir və buna kimsə qadağa qoya bilməz. Söhbət nəyi deyil, necə çəkməkdən gedir. Elə şey çəkərsən ki, camaatın iyrənər. Tahir Salahov Azərbaycanda sərgi keçirsə, imicinə görə, elit təbəqənin nümayəndələri qonaq olacaq...

 

- Bəs, qızları keçirsə necə...

- Sevməyənlər gələcək, ən azı eşitdiyini sübut eləmək üçün... Mən o qızların sərgisinə getməmişəm, əsərlərinə baxmamışam. Heç marağında da deyiləm. O, bir rəssam kimi mənim üçün yoxdur. Bəlkə bu Tahir Salahovun qızı olduğu üçün bunu etdi, amma etməməliydi. Qız atasını, onun şöhrətini düşünməliydi. Kiminsə qarşısında məsuliyyət daşımayan adam məsuliyyətsiz adamdır.

 

- Sizcə Tahir Salahov qızlarına «dur» deyə bilərdi?

- Əlbəttə, deyə bilərdi. Amma demədi. Həm də görünür, vaxtında deməyib. Zamanında deyilməyən söz də mənasız olur. Erotika janrında olan rəsm əsərlərinin cəmiyyətə nə verəcəyini başa düşə bilmirəm. Türkiyədə erotikaya bizdəki kimi bu qədər meyllik yoxdur. Görünür, onlar bu mərhələni keçiblər.