vaxtlı-vaxtında oxuyun! Şənbə, 5 oktyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
XADİM  
22:08 | 29 avqust 2017 | Çərşənbə axşamı Məqaləyə 4046 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Elçibəyin cənazəsi ilə birgə Bakıya bir çanta pul gətirilibmiş

Mirmahmud Mirəlioğlu: «Çanta Əbülfəz bəyin cənazəsini aparan maşına qoyuldu...»

E.SEYİDAĞA

MÖVZU İLƏ ƏLAQƏLİ

KXCP sədri Mirmahmud Mirəlioğlu jurnalist Əvəz Zeynallıya müsahibəsində eks-prezident Əbülfəz Elçibəyin vəfatı ilə bağlı maraqlı açıqlamalar verib. Elçibəy Türkiyədə müalicə olunan zaman 23 gün onun yanında olmuş Mirmahmud Mirəlioğlu deyib ki, mərhum liderə hələ sağkən xəstəxanada bir çanta pul göndərilibmiş. Pulun konkret kim tərəfindən göndərildiyini açıqlamayan M.Mirəlioğlunun dolayısı ilə səsləndirdiyi fikirlərdən belə qənaətə gəlinir ki, pulları Türkiyə siyasətində tanınmış milliyyətçi siyasətçilər veriblərmiş. Əbülfəz Elçibəy isə pulları götürmək istəmirmiş, uzun-uzadı get-gəldən sonra M.Mirəlioğlu Elçibəyi razı salıb: «O çantanı qəbul edənə qədər Əbülfəz bəylə bizim aramızda çox mübahisə oldu. Mən başqa otaqda idim. Çanta getdi-gəldi. Bəy israr edirdi ki, pul təşkilatın olmalıdır. Mən də dedim ki, təşkilat tanıyan var?

Türkiyə Cümhuriyyətində Elçibəyi tanıyırlar. Bunu da sizə verirlər borclarınızı bağlamaq üçün, siz də qəbul etmirsiniz, amma mən borcların bağlanması üçün qəbul edirəm. Belə də oldu».

Bir çanta pulun mərhum eks-prezidentə nə üçün verildiyi barədə isə M.Mirəlioğlu qeyd edib ki, Əbülfəz Elçibəyin həm Bakıda aldığı evə, həm də digər məsələlərə görə xeyli borcu var imiş. Türkiyədəki dostları bunu biləndə həmin borcları ödəmək üçün o pulları veriblər.

Əbülfəz Elçibəyin vəfatından sonra bir çanta pulun taleyinin necə olduğuna gəlincə, M.Mirəlioğlu bildirib ki, pullar Əbülfəz bəyin cənazəsi ilə birlikdə Bakıya gətirilib: «Bir şeyi ilk dəfə deyirəm-borcun qapanması üçün verilən pulu cənazəni gətirəndə mən gətirmişəm, hamı da şoka düşüb. Elçibəyin cənazəsini müşayiət edirdi millət vəkilləri, nazirlər, Türkiyə prezidentinin xüsusi bir nümayəndəsi. Təyyarə də hərbi təyyarə idi. Mən cənazə kəfənlənəndən sonra və təyyarəyə qaldırılmaq üzrə olan zaman demişəm ki, 8-ci mərtəbədə 3 çanta var, çantanın biri mənim, ikisi Bəyindir. Məəttəl qaldılar ki, bəs sən çantanı aparmamısan, dedim, mən «Susurluq» düzəltməli idim? Çantanı mən niyə aparmalı idim ki? Türkiyədə çanta sizindir. Azərbaycan torpağında çanta mənimdir. Həmin şəxslər mənim mövqeyimi hörmətlə qarşıladılar və çantaları cənazə ilə birlikdə təyyarəyə qoydular.

Azərbaycana düşəndə hava limanında bizi qarşılayanlar sırasında dəfn komissiyasının üzvü, o zamankı spiker Murtuz Ələsgərov da var idi. Bizə dedi ki, Allah rəhmət eləsin, başınız sağ olsun, Allah hamıya səbir versin və onu da dedi ki, nə lazımdır, deyin. Dedim ki, burada Bəyin çantası var. Murtuz Ələsgərov dedi ki, qoyun maşına. Çanta Bəyin cənazəsini aparan maşına qoyuldu. Sonra çanta Almurada (Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyev) təqdim olundu. Borclar bağlandı və məsələ də onunla bitdi".

Əbülfəz Elçibəyin kürəkəni və silahdaşı Aqil Səmədbəyli Mirmahmud Mirəlioğlunun açıqladığı məsələ ilə bağlı «Yeni Müsavat»ın suallarına belə cavab verib: «O dövrdə mən pul məsələsindən uzaq durdum. O məsələ Almurad ağa ilə Mirmahmud ağa arasında olub. Ayrıntıları ilə heç maraqlanmadım».

Almurad Əliyevdən isə məsələyə münasibət almaq mümkün olmadı.