vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
SƏNAYE - AĞIR, YÜNGÜL, AQRAR  
08:48 | 18 aprel 2014 | Cümə Məqaləyə 2363 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Məmmədovun fürsətiçilik fərasəti

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi torpaqların zəbt olunmasının və ya onlardan qanunsuz istifadə edilməsinin qarşısını almaq əvəzinə, vətəndaşların mülkiyyətlərinə verilmiş torpaq sahələrinə müdaxilə barədə təkliflər hazırlayır; bu təkliflər ölkə konstitusiyasına, «Torpaq islahatı haqqında» Qanuna ziddir və şəxsi mülkiyyətə müdaxilə deməkdir

İqtisadiyyat şöbəsi

MÖVZU İLƏ ƏLAQƏLİ

  • NK-dan aqrar qərar

    Gələn il kənd təsərrüfatı siyahıya alınacaq; 1 telekanal, 2 komitə və 4 nazirlik səfərbər olunur

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi (DTXK) kənd təsərrüfatı təyinatlı torpaqların qanunsuz zəbt olunması faktlarını təsdiqləyib. Komitədən modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, son dövrlərdə aparılan monitorinqlər, eləcə də ayrı-ayrı məlumatlardan məlum olub ki, torpaq islahatı nəticəsində vətəndaşların mülkiyyətlərinə verilmiş kənd təsərrüfatına yararlı torpaq sahələrinin və bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqlarının təyinatı dəyişdirilir.

Komitədən bildiriblər ki, istər fiziki, istər hüquqi şəxslər, eləcə də vəzifəli şəxslər bu ərazilərdə fərdi yaşayış evləri, sahibkarlıq obyektləri, istirahət zonaları və s. tikililər inşa edirlər.

Bundan başqa, komitədən onu da qeyd ediblər ki, İnzibati Xətalar Məcəlləsində torpaq qanunvericiliyinin tələblərinin pozulması hallarının qarşısının alınması məqsədilə nəzərdə tutulan inzibati tənbeh tədbirlərinin həyata keçirilməsi üçün cərimə hədləri aşağı olduğundan həmin halların qarşısının alınmasında çətinliklər yaranır.

«2013-cü il üzrə komitə mütəxəssisləri ölkə ərazisində qanunvericiliyin pozulmasına dair 422 fakt aşkarlayıb. Bundan 150 hal üzrə 15 min 372 manat məbləğində inzibati cərimə tətbiq olunub. Odur ki, qiymətli kənd təsərrüfatı torpaqlarının zəbt olunaraq qanunsuz istifadə edilməsinin qarşısının alınması məqsədilə mövcud qanunvericilik aktlarının sərtləşdirilməsi, bu istiqamətdə yeni qanun layihəsinin hazırlanması məqsədəmüvafiq hesab olunub. Bu məqsədlə Torpaq Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində və Cinayət Məcəlləsində kənd təsərrüfatı təyinatlı torpaqların qeyri-məqsədlər üçün özbaşına tutulması, təyinatının dəyişdirilməsi, münbitliyinin aşağı salınması halları ilə bağlı cərimələrin miqdarının (sanksiyasının) artırılmasına dair qanun layihələri hazırlanıb. Hazırda həmin layihələri mərkəzi icra hakimiyyəti orqanlarında razılaşdırılma ərəfəsindədir», - deyə Dövlət Komitəsindən bildiriblər.

Qeyd edək ki, Prezident İlham Əliyev aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzaladı. Fərmanda diqqət çəkən məqamlardan biri də kənd təsərrüfatı təyinatlı torpaqların zəbt olunmasına və ya onlardan qanunsuz istifadə edilməsinə görə məsuliyyəti müəyyən edən qanun layihəsini hazırlanması və prezidentə təqdim edilməsi ilə bağlı bənddir.

Bununla belə, komitənin təklifləri ilə prezidentin fərmanı arasında uyğunsuzluq var. Prezidentin fərmanında «kənd təsərrüfatı təyinatlı torpaqların zəbt olunmasına və ya onlardan qanunsuz istifadədən» söhbət gedir, komitənin təkliflərində isə «torpaq islahatı nəticəsində vətəndaşların mülkiyyətlərinə verilmiş kənd təsərrüfatına yararlı torpaq sahələri» ilə bağlı təkliflər də yer alıb. Əgər torpaq vətəndaşın mülkiyyətinə verilibsə, ondan hansı təyinat üzrə istifadə etməsi onun hüququdur. Yəni burada «zəbt olunmadan» və «qanunsuz istifadə» hallarından söhbət gedə bilməz. Maddə 16.

«Torpaq islahatı haqqında» Qanunun 16-ci maddəsinin 1-ci bəndinə görə, özəlləşdirilən torpaqlarda könüllülük əsasında müxtəlif təsərrüfat formalarının seçilməsinə təminat verilir və onların fəaliyyətinə bərabər şərait yaradılır».

17-ci maddənin (Mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqları) 1-ci maddəsində göstərilir ki, «torpaq mülkiyyətçilərinin torpağa sahiblik, torpağı təyinatına görə istifadə etmək, icarəyə vermək, satmaq, bağışlamaq, dəyişmək, girov qoymaq, vərəsəlik üzrə və irsən vermək hüquqları vardır. Torpaq mülkiyyətçilərinin hüquqları Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Azərbaycan Respublikasının Torpaq Məcəlləsi və digər normativ hüquqi aktlarla tənzimlənir».

Göründüyü kimi, qanunda torpaq mülkiyyətçilərinə torpaqdan necə istifadə etmək məsələsində sərbəstlik verilir. Ən başlıcası isə qanunda təyinat formasını dəyişməyə görə heç bir sanksiya nəzərdə tutulmayıb. Ona görə də DTXK-nin özəlləşdirilən torpaq sahələrinə müdaxilə cəhdləri həm qanunvericiliyə, həm də ölkə konstitusiyasına ziddir. Konstitusiyanın 29-cu maddəsinin (mülkiyyət toxunulmazlığı) 3-cü bəndində deyilir: «Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir». Komitənin torpaq mülkiyyətçiləri ilə bağlı təklifləri bu hüquqların pozulmasına xidmət edir.

Görünür, DTXK prezidentin sərəncamından sui-istifadə edərək torpaq mülkiyyətçilərinin fəaliyyətinə müdaxilə etmək imkanı qazanmaq istəyir. Bu, yeni korrupsiya ocağının yaradılması deməkdir. Komitə torpaq sahibinin ərazisinə müdaxilə edir, sonra «bazarlıq» başlayır. İndiyə qədər vətəndaşların evlərinə əl qoyurdular, indi artıq torpaqlara keçmək istəyirlər. Komitə torpaq mülkiyyətçilərinin fəaliyyətinə müdaxilə etmək barədə təkliflər hazırlamaq əvəzinə, prezident fərmanında göstərildiyi kimi, «kənd təsərrüfatı təyinatlı torpaqların zəbt olunmasına və ya onlardan qanunsuz istifadə edilməsi» faktlarını aradan qaldırmaq barədə düşünsə yaxşı olar.