Harada park etməli?
Mərkəzdə işləyənlər qazandığı hər 3 manatın 1-ni avtomobilinin kirayə yerinə xərcləyəcək
Son günlərin ən çox müzakirə edilən məsələlərindən biri də Bakıda avtomobillərin park edilməsi və daha doğrusu maşınların yol kənarlarında park olunmasının qadağan edilməsidir. Təbii ki, tıxacların aradan qaldırılması və eləcə də piyadaların sərbəst hərəkətinin təmin edilməsi baxımda yollardan avtomobillərin yığışdırılması müsbət haldır.
Etiraf etmək lazımdır ki, şəhərin mərkəzi küçələrindən avtomobillərin «qeyb olunması» bu zonada tıxac problemini müəyyən qədər yumşalda bilib. Bununla belə, burada digər reallıq da var: iş yerləri şəhərin mərkəzi küçələrində və ya mərkəzə yaxın ərazidə olanlar işə gələn zaman bütün hallarda avtomobilləri park etməlidirlər. Təbii ki, sual yaranır: harada park etməli?
Məsələ yalnız yol nəqliyyatı və ya tıxac
ilə bağlı deyil, problemin iqtisadi tərəfləri var. Problem ondadır ki, şəhərin
mərkəzindəki yeraltı avtomobil park yerlərindəki qiymətlər heç əhalinin ödəmə
qabiliyyətinə uyğun deyil. Əslində, avtomobil park yerlərinin inşasında məqsəd
heç də gəlir əldə etmək deyil, Bakıdakı tıxac problemini aradan qaldırmağa
töhfə vermək idi. Məhz bu səbəbdən də bu yerlərinin inşası əsasən dövlət
büdcəsi hesabına maliyyələşdirildi. Deməli, sözügedən xidmət kommersiya
xarakterli olmamalıdır. Amma yüksək qiymətlər başqa reallığı gündəmə gətirdi:
məşğul əhali sözügedən park yerlərindən istifadə edə bilirmi? İş yeri şəhərin
mərkəzində olan və avtomobildən istifadə edənlər üçün artıq bu park yerləri
avtomobillərini saxlamaq üçün, demək olar, yeganə seçimdir. İdeal halda əgər
şəhərin mərkəzində işləyən şəxs həftədə 5 və aya 20 gün işləyirsə və gündəlik
iş vaxtı 8 saatdırsa o avtomobili park etmək üçün hər gün 6 manat ödəməklə ayda
120 manat xərcləyəcək. Həmin şəxs şənbə günləri də işləyirsə onun avtomobil
park xərci 144 manatadək yüksələcək. Ölkəmizdə orta aylıq əmək haqqının 430
manat olduğunu nəzərə alsaq o zaman avtomobil park xərci maaşın 1/3-ni təşkil
edir. Yəni, mərkəzdə işləyən şəxs qazandığı hər 3 manatın 1 manatını
avtomobilini park etmək üçün verməlidir. Bu isə kifayət qədər yüksək xərcdir.
Məhz bu müqayisə göstərir ki, şəhərdə
avtomobil park xərcləri xeyli yüksəkdir və oradakı qiymətlər əhalinin ödəmə
qabiliyyətinə uyğun deyil. Bu da təbii ki, həmin yerlərinin inşasının əsas
məqsədə, tıxacın aradan qaldırılmasına tam xidmət etmədiyini deməyə əsas verir.
Aydındır ki, biz Bakıdakı avtomobil park qiymətlərini Nyu York, London kimi iri
şəhərlərdəki tariflər ilə müqayisə etməməliyik. Məsələ heç də həmin ölkələrdə
orta aylıq əmək haqqının yüksək olmasında deyil, eyni zamanda həmin şəhərlərdə
ictimai nəqliyyatın daha modern qurulması ilə bağlıdır. Bu özünü eyni zamanda
metroda gediş qrafiklərinin olması və ona əməl edilməsindən başlayaraq digər
ictimai nəqliyyat növlərinin sivil və intizamlı şəkildə işləməsində göstərir.
Bu baxımdan, Bakıda avtomobil park qiymətlərinə yenidən baxılması və dəyişdirilməsinə ehtiyac var. Əvvəla, şəhərin mərkəzində avtomobil park yerlərində hər saat üçün 30 qəpik müəyyənləşdirilməsi daha məqsədəuyğundur. İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) müqayisəli və əhalinin ödəmə qabiliyyəti nəzərə alınmaqla eknometrik hesablamaları göstərir ki, məhz bu qiymət əhalinin gəlirlilik səviyyəsinə uyğundur. İkincisi, iş yerləri şəhərin mərkəzində olan və iş günlərində daimi olaraq avtomobil park yerlərindən istifadə edənlər üçün xüsusi güzəştlərin tətbiq edilməsinə ehtiyac var. Üçüncüsü, ödənişsiz zamanın 15 dəqiqədən 30 dəqiqəyədək artırılmasına ehtiyac var. Çünki hal-hazırdakı ödənişsiz müddətdən istifadə imkanları, demək olar, yoxdur. Nəhayət, avtomobil park yerlərindən istifadə üçün aylıq və ya həftəlik kartların buraxılmasına ehtiyac var. Bu vətəndaşların daha güzəştli şərtlər ilə bu xidmətdən faydalanmasına imkan verəcək.