«Valideyn düşünmürmü ki, ...»
Ramiz Zeynalov «avtoş» məmur övladlarından danışdı
MÖVZU İLƏ ƏLAQƏLİ
-
«Xəbəri verən şəxsdə videosübutlar var...»
«Elşad Abdullayev sərhəddə saxlanılanda çox həyəcanlı idi...»
-
Yollarda ötüşmə ilə məşğul olan, avtoxuliqanlıq edən gənclərin məsuliyyətsiz hərəkətləri ictimaiyyətin qınağına çevrilməlidir. Bunu «Trend» agentliyinə açıqlamasında Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəisi, polis general-mayoru Ramiz Zeynalov bildirib.
BDYPİ rəisinin sözlərinə görə, təhlillər göstərir ki, respublikada baş vermiş yol-nəqliyyat hadisələrinin 25 faizi sürücülük vəsiqəsi olmayan şəxslər tərəfindən törədilir. O bu məsələdə övladlarına avtomobil hədiyyə edən valideynləri də məsuliyyətli olmağa çağırıb: «Ötən il 18 yaşı tamam olmamış, özünü sürücü adlandıran, lakin sürücülük hüquqi olmayan şəxslər tərəfindən törədilən hadisələr nəticəsində 21 nəfər ölüb. Valideynlər buna diqqəti artırmalıdırlar. Gənc övladına avtomobil alırlar. Övlad gecə saat 3-4-ə kimi evə gəlmir. Bu valideyn düşünmürmü ki, oğlum indiyədək haradadır? Bu insanlar gedib ötüşmə ilə məşğuldurlar, avtoxuliqanlıq edirlər, sərxoşluq edirlər. Bu gənclərin yollarda belə məsuliyyətsiz hərəkətləri ictimaiyyətin qınağına çevrilməlidir. Belə olmasa, təkcə polislə bunun öhdəsindən gəlmək, onları tənzimləmək olmaz».
R.Zeynalov qeyd edib ki, respublikada yol polisi ümumilikdə 25 min km ərazidə xidmət göstərir. Amma yol patrul xidmətinə cəlb olunan polis əməkdaşlarının sayı isə cəmi 1700 nəfərdir. Ona görə də təkcə yol polisi bu problemin öhdəsindən gələ bilməz: «Gəlin baxaq görək, 1700 nəfər bu qədər yolda xidmət apara bilərmi? Bilməz. Yəni bu məsələdə ictimaiyyətin rolu güclü olmalıdır. Biz yol polisi olaraq bu qəzaların qarşısını təkbaşına almaq iqtidarında deyilik».
İdarə rəisi toy karvanlarının hərəkəti zamanı baş verən qayda pozuntularına da münasibət bildirib: «Bəzən toy karvanlarının hərəkəti zamanı ciddi şəkildə yol hərəkəti qaydalarının pozulması müşahidə olunur. Toy karvanında gəlin gedir. Təbii ki, bizim üçün də uyğun olmur ki, gəlini yolun ortasında saxlayıb inzibati protokol tərtib edək. Toy karvanında gedənlər dərk etməlidirlər ki, bu cür qayda pozuntuları sonda faciə ilə nəticələnir».
R.Zeynalovun fikrincə, ölkədə yol infrastrukturunun təkmilləşməsi ilə bağlı gedən işlərin hamısı qəzaların qarşısının alınmasına xidmət edir. Yollarda 4 minə yaxın müşahidə kamerası, radar qurğusu və digər texniki vasitələr var. Bundan əlavə, çoxlu piyada keçidləri tikilir. Bütün bunlar təhlükəsizliyə xidmət edən amillərdir.
İdarə rəisi hesab edir ki, müasir texniki vasitələrin köməyi ilə qayda pozuntularının qeydə alınması böyük rol oynaya bilər: «Biz ötən il sürət həddinin aşılması ilə bağlı 299 400-dən, bu ilin ilk 3 ayı ərzində isə 60 mindən artıq belə qayda pozuntusu aşkar etmişik. Əlbəttə, bu göstəricilər sürət həddini aşan sürücülərin çox az bir hissəsini təşkil edir. Amma görün, bu nə qədər böyük bir rəqəmdir. Bunun hər birinin arxasında böyük faciə dayana bilər. Lakin təəccüb və təəssüflə qeyd edim ki, texniki vasitələrin qurulmasından, radarların çoxluğundan şikayət edənlər də var. Şikayət edirlər ki, polis filan yerdə gizli radar qurub. Yəni qaydanı poza bilməməkdən şikayət edir, bir sözlə, həyatının sığortalanmasından, təhlükəsizliyindən narazı qalırlar. Əgər biz radarın köməyi ilə kiminsə sürətlə gedib qəza törətməsinin qarşısını alır və onun həyatını qurtarırıqsa, bu pisdirmi? İnsanların bu məsələyə diqqəti artırmasına nail olunmalı, onların təhlükəsizliyinə xidmət edən yol hərəkəti qaydalarına riayət olunması ön plana çəkilməlidir».
R.Zeynalov həmçinin bildirib ki,
yollardakı qadağanedici yol hərəkəti nişanları necə gəldi yox, Nazirlər
Kabinetinin nəzdində fəaliyyət göstərən Yol hərəkəti təhlükəsizliyi
komissiyasının rəyi əsasında və bir sıra təhlükəsizlik məsələləri nəzərə
alınmaqla qoyulur: «Yollarda sürət həddini hərə istədiyi kimi 90 və ya 100 qoya
bilməz. Həmin yolların hansı təhlükəsizlik tədbirlərinə cavab verdiyi nəzərə
alınır. Yolun tam hamar, gözəl olması hələ o demək deyil ki, orada istənilən
sürət həddi qoyula bilər. Burada təhlükəsizlik məsələləri var. Nişanlar yolun
digər yollarla birləşməsi, yolun qoruyucu çəpərlərinin olması, ora birləşən
yolların müvafiq qaydalarda birləşməsi, piyadaların, mal-qaranın oradan keçmək
imkanının mümkün olub-olmaması nəzərə alınaraq qoyulur. Bəzən insanlar bunu
qəbul etmir. Deyirlər ki, yol yaxşıdır, bəs niyə biz burada saatda
R.Zeynalov Azərbaycan sürücülərinin avtomobili ölkə daxilində və xaricdə necə idarə etmələri arasında maraqlı müqayisə aparıb: «Biz bəzi sürücüləri ittiham edirik, onları mədəniyyətsiz adlandırırıq. Həmin sürücülər gedib Avropada da avtomobil sürürlər. Lakin maraqlıdır ki, sərhədi keçəndən sonra onların heç biri yol hərəkəti qaydalarını pozmur. Hamısı da o qaydalara ciddi riayət edir. Amma Azərbaycan ərazisinə daxil olan kimi nəqliyyat vasitəsini istədiyi kimi idarə etməyə başlayırlar».
BDYPİ-nin rəisi yol hərəkəti qaydalarının piyadalar tərəfindən pozulması hallarının çoxluğuna da münasibət bildirib: «Təkcə ötən il yol hərəkəti qaydalarını pozduğuna görə 101 min piyada inzibati məsuliyyətə cəlb olunub. Bu az rəqəm deyil. Bu insanlar öz həyatını təhlükəyə, riskə atırlar. Bu, yolverilməzdir! Axı ömür insana bir dəfə verilir. Bu gün Bakı ən gözəl, müasir şəhərə çevrilir. Amma bu gözəl şəhərə xaricdən gələnlər görür ki, burada insanlar yolda haradan gəldi, necə gəldi keçirlər. Bizim haqqımızda, mədəniyyətimiz haqqında çox pis fikir formalaşır. Bir azərbaycanlı kimi bu bizi narahat etməlidir ki, bu hərəkətlərimizlə şəhərimizin, dövlətimizin adına ləkə gətiririk. Biz buna yol verməməliyik! Axı niyə elə hərəkət etməliyik ki, bizə mədəniyyətsiz desinlər?!»
İnsanların yol hərəkəti qaydalarına riayət etməsi sahəsində biliklərinin artırılmasına çox böyük zərurət olduğunu deyən İdarə rəisi bununla əlaqədar görüləcək tədbirlərin genişləndiriləcəyini açıqlayıb: «Bununla bağlı həm dərs vəsaiti, həm də metodik tövsiyələr hazırlamışıq. Bu sahədə Daxili İşlər Nazirliyi geniş işlər aparır. Artıq hörmətli nazirimiz Ramil Usubovla bu barədə müzakirələr aparılıb və bu işin daha da genişləndirilməsini, müasir üsullardan istifadə edilməsini planlaşdırmışıq. Bu tədrisdə yol polisinin özü də iştirak etməlidir. İnsanların bu sahədə biliyinin artırılmasını kütləvi şəkildə aparmaq lazımdır. Buna böyük ehtiyac var. Hələlik bu sahədə görülən işlər kifayət qədər deyil. Burada görülməli işlər çoxdur. İnsanların maariflənməsi, yol hərəkəti qaydalarını öyrənməsi vacibdir».