«Hesab 1-0 medianın xeyrinədir»
Qabil Abbasoğlu: «Heç kim bərabərhüquqlu, tərəfli və məsuliyyətli əməkdaşlıq istəməsin»
MÖVZU İLƏ ƏLAQƏLİ
«Sosial məsuliyyət Azərbaycanda və müstəqilliyini təzə əldə etmiş ölkələrdə daha həssas mövzu olub və zaman-zaman öz həllini tapıb. Amma mediaya münasibətdə dövlət orqanlarının belə həssaslıqla yanaşmasının psixologiyası anlaşılsa da, bir məsələ hamımız üçün aydın olmalıdır. Belə ki, dövlət orqanları, dövlət institutları ilə ictimai institutlar və medianın arasında münasibətdə hər zaman 1-0 medianın xeyrinədir».
APA-nın xəbərinə görə, bu sözləri «Lent.az» İnformasiya Agentliyinin baş direktoru Qabil Abbasoğlu «Media və təhsil dialoqu: yeni çağırışlar» mövzusunda keçirilən praktik konfransda çıxışı zamanı deyib. O bildirib ki, dövlət orqanlarının informasiyasını cəmiyyətə çatdırmaq üçün ən böyük institut mediadır. Q. Abbasoğlunun sözlərinə görə, dövlət orqanları cəmiyyət qarşısında bir növ vaxtaşırı olaraq hesabat verir: «Bu işin klassikasıdır. Heç kim mediadan bərabərhüquqlu, tərəfli və məsuliyyətli əməkdaşlıq istəməsin. Bu, mənim kəşf etdiyim bir şey deyil. Heç kimin mənə borcu yoxdur. Amma dövlət orqanlarının cəmiyyətə hesabat vermək borcu var. Əgər hansısa dövlət orqanının fəaliyyəti və ya hər hansısa hadisə ilə bağlı jurnalist sual ünvanlayırsa, bu sual bir neçə saatdan sonra funksional əhəmiyyətini itirmədən cavab almalıdır».
Q. Abbasoğlu əlavə edib ki, mətbuatın hansısa nazirliklə, dövlət orqanındakı şəxslə problemi yoxdur, olmamılıdır və olmayacaq: «Bizim problemimiz adamlarla bağlı deyil, işlə və qurumun üzərinə götürdüyü məsuliyyətlə bağlıdır. Sosial məsuliyyət anlayışı məsələsi jurnalistikanın xarakterindədir. Bizim bir ayağımız qaçaqdır, biz tiraja meylliyik. Jurnalistika tiraja meyllidir və bu, bizim kaprizimiz, icadımız deyil. Jurnalistika xəbəri almağa və tirajlamağa köklənmiş bir institutdur. Sosial məsuliyyəti qorumaq borcu və funksiyası bizim üzərimizdə deyil. Dövlətin Konstitusiya və qanunları ilə hansısa dövlət sirrini qorumaq mənə həvalə olunmayıb. Bizim mənəvi məsuliyyətimiz var, amma heç bir hüquqi məsuliyyət daşımamalıyıq. Sosial məsuliyyət məsələsində bir az həssas olmalıyıq. Çünki informasiyanın mənbəyi - dövlət orqanları xəbəri gizlətmək, informasiyanın tirajlanmasını məhdudlaşdırmaq üçün bu tip anlayışlarla simulyasiya edirlər. Bir sözlə, hər bir kəs vətəndaş olaraq içərisində yaşadığı cəmiyyətin maraqlarını nəzərə almalıdır. Zamanla gündəlik qarşıya çıxan problemlərin həll olunacağına inanırıq».