Qətliamların gəlirli anları
Dünya «qara turizm»dən milyonlar qazanır...
Turizm Azərbaycanda perspektivli və prioritet sahələrdəndir. Ölkə iqtisadiyyatının gələcək inkişafı ilə bağlı qəbul olunan dövlət proqramlarında, strategiyalarda bu sahəyə həmişə önəm verilir, xüsusi müddəalar həsr edilir. Ekspertlər bildirirlər ki, Azərbaycanda mövcud olan turizm potensialından düzgün istifadə edilsə, bu sahədən gələn gəlir qeyri-neft sektorundan gələn gəlirin təxminən 15 faizini təşkil edə bilər. Bu, kifayət qədər böyük bir rəqəmdir və doğrultmaq üçün bütün addımlar atılmalıdır.
Turizmin Azərbaycanda potensiallı növlərindən biri də dünyada qara turizm deyilən memorial turizmdir. Səyahətə çıxan insanların müxtəlif motivləri olur. Bəzilərini getdiyi ölkənin tarixi, mədəniyyəti, abidələri, bəzilərini təbiəti, digərlərini dənizi, dağları maraqlandırır. Elə turistlər də var ki, səfər etdikləri ölkənin tarixində müəyyən iz buraxmış faciəli hadisələri əks etdirən memorial məkanlara, anım yerlərinə maraq göstərirlər. Təbii ki, burada təbliğat da mühüm rol oynayır. Bu turizm növü hazırda bir çox ölkələrdə mövcuddur. Bu, xalqın tarixinin hüznlü, kədərli səhifəsini əks etdirən memorial abidə komplekslərinin, məzarlıqların, xatirə xiyabanlarının ziyarət olunmasıdır.
«Qara turizm» (ingilisdilli ədəbiyyatlarda «dark tourism») bir sıra ölkələrdə turistlərin marağını cəlb edir. Araşdırmalar göstərir ki, bu turizm məkanlarının siyahısına Belçikadakı məşhur Vaterloo savaş meydanı, İtaliyada Etna vulkanının dəhşətli dağıntılar yaratdığı əraziləri, atom bombasının atıldığı Xirosima və Naqasaki (Yaponiya), faşist Almaniyasının ölüm düşərgələri, Çanaqqala savaşının baş verdiyi meydanlar və başqa nümunələr başçılıq edir. Azərbaycan Turizm İnstitutunun müəllimi Səbuhi Aslanovun sözlərinə görə, bu nümunələrin daha real olması və turistlərin daha çox cəlbi üçün yaxın dövrü əhatə etməsi gərəkdir: «Məsələn, 1572-ci ildə Fransada katoliklərin protestantlara qarşı qətliam törətdiyi yer «qara turizm» marşrutlarında yoxdur, II Dünya müharibəsində yəhudilərin kütləvi soyqırımına məruz qaldığı Auşvits (Auschwitz) düşərgəsi və digər məkanlar isə hər il milyonlarla insan tərəfindən ziyarət edilməkdədir».
Azərbaycanda da bu turizm növü ilə bağlı müvafiq məkanlar mövcuddur. Zaman-zaman müxtəlif bölgələrimizdə ermənilər tərəfindən soyqırımın törədildiyi məkanlarda memorial komplekslərin yaradılması bu baxımdan çox mühümdür. S.Aslanov deyir ki, 1918-ci ildə Qubada ermənilər tərəfindən kütləvi sürətdə qətl edilən soydaşlarımızın dəfn olunduğu kütləvi məzarlıqda yaradılan soyqırımı memorial muzeyi, 1990-cı il 20 yanvarında Bakıda qətlə yetirilən vətən övladlarını yad etmək üçün Şəhidlər xiyabanı və müxtəlif bölgələrdə ermənilər tərəfindən törədilən qətliamların xatirəsinə ucaldılmış abidələr bu baxımdan potensialdır: «Eyni zamanda I Dünya müharibəsi dövründə Osmanlı Türkiyəsinə yardım edən soydaşlarımızın ruslar tərəfindən həbs olunaraq işgəncələr gördüyü Nargin həbsxanası, II Dünya müharibəsində qəhrəmancasına döyüşən azərbaycanlı hərbçilərin şərəfinə ucaldılan abidələr ölkə daxilində memorial turizm üçün məkanlar sayıla bilər».
Müşahidələr göstərir ki, bu sahənin inkişaf etdirilməsi və ictimai maarifləndirmənin təşkili üçün bəzi işlər görülür. Bu yaxınlarda Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən «Qara turizmin inkişafı və təbliği» layihəsi də buna nümunədir.
Bu turizm istiqamətinə münasibət də birmənalı deyil. Bəziləri hesab edir ki, «qara turizm» psixoloji motivlərə və radikal millətçiliyə əsaslanır. Buna görə də turizmin sülh fəlsəfəsi ilə təzad yaradır. Həmsöhbətimiz bu yanaşma ilə razılaşmır. Onun fikrincə, «qara turizm» fərdi motivasiyanı artırmaq, cəmiyyətin siyasi proseslərdə aktivliyini qorumaq, daxili turizm imkanlarını genişləndirmək üçün effektiv vasitədir. Ölkəmizdə bu turizm növünü inkişaf etdirməklə həm də xarici vətəndaşlara Azərbaycanla bağlı tarixi həqiqətləri daha geniş şəkildə çatdırmaq mümkündür. Xaricdə yaşayan, təhsil alan, işləyən soydaşlarımızın Azərbaycandakı belə turizm nümunələri ilə bağlı təbliğat işləri aparması da bu sahənin inkişafına zəmin yaradar: «Turizmin bu növü yalnız siyasi deyil, həm də iqtisadi əhəmiyyətə malikdir. Məsələn, Türkiyədə Çanaqqala şəhidlərinin memorialına hər il minlərlə xarici turist baş çəkir. Bu baxımdan qara turizmin inkişafı və təbliği üçün bu sahəyə xas real resursların cəmləşdiyi bölgələrdə yerli icra orqanları və bələdiyyələrin üzərinə böyük məsuliyyət düşür».
S.Aslanov onu da qeyd etdi ki, ATİ-də tədris olunan dərslər çərçivəsində bu barədə geniş məlumatlar verilir. Yaxın zamanlarda bu mövzunun turizm müəssisələrində ayrılıqda fənn olaraq tədrisi də mümkündür: «Bunun üçün ilk növbədə mövzu ətrafında müzakirələrin aparılması, Təhsil Nazirliyi təsdiqli tədris proqramının hazırlanması və kurikuluma salınması gərəkdir. Eyni zamanda yerli icra orqanları və bələdiyyələrin üzərinə böyük məsuliyyət düşür. Onlar yerli, beynəlxalq tədbirlər keçirməli, yaxud belə tədbirlərə dəstək verməlidir. Bundan əlavə, mövcud resursları inkişaf etdirmək də lazımdır. Quba, Xocalı, Bakı qətliamlarının səhnələrini attraksionlarla maketləşdirmək, daha da cəlbedici hala gətirmək olar. Bu mənada bir sıra Avropa təcrübəsindən faydalanmaq olar. Burada əsas məqsəd təbii ki, gəlir əldə etmək deyil, əldə olunan gəlirlərin turizmin inkişafına və təbliğinə düzgün xərclənməsidir». Bu turizm növünün təbliği və tətbiqinə, gəldikdə isə ekspertin sözlərinə görə, bölgələrdə ilk növbədə məlumatlandırma tədbirləri keçirilməlidir: «Çox yaxşı olar ki, QHT-lər də əməkdaşlıq etdikləri xarici təşkilatlarla bu mövzu ətrafında birgə fəaliyyətlər həyata keçirsinlər. Bundan əlavə, bu mövzuya medianın da diqqət göstərməsini istərdik». (kaspi.az)