«A.M.A.Y.»ı «Ağ şəhər»in balansına verirlər
MDB-nin baxımsız qalan ən böyük ticarət mərkəzi görkəmini dəyişəcək, satıcılar: «Bizə xəbər göndəriblər ki, mağazaları bağlamayın»
Fərahim İLQAROĞLU
MÖVZU İLƏ ƏLAQƏLİ
Xətai rayonunda tikilməkdə olan «Ağ şəhər» layihəsi genişləndirilir. MDB-nin ən böyük ticarət mərkəzi olan «A.M.A.Y.» bu layihəyə əlavə edilir. Belə ki, ticarət mərkəzi tam yeni görkəm alaraq hazırda tikilməkdə olan «Ağ şəhər» kompleksinə daxil ediləcək. Ötən gün ticarət mərkəzində olub, bu məsələyə aydınlıq gətirməyə çalışdıq.
Satıcıların sözlərinə görə, ticarət mərkəzinin rəhbəri Abdulla Abdullayevin həbsindən sonra mərkəzdə əl dəyişib. Damət adlı satıcının sözlərinə görə, yeni rəhbərlik onlarla hər hansı bir görüş keçirməyib: «Ticarət mərkəzi boşalıb. «Asan xidmət», «Beynəlxalq bank» və bir neçə geyim mağazasından başqa fəaliyyətdə olan obyekt yoxdur. Yeni rəhbərliklə hər hansı bir görüşümüz olmayıb. Amma bizlərə xəbər göndəriblər ki, mağazaları bağlamayın, yer haqları ilə bağlı endirim olacaq. Mən özüm ayda 800 manat yer pulu verirəm. Amma 6 aydır 1 qəpik belə olsun ödəniş etməmişəm. Çünki alver yoxdur.
Qonşuluqdakı bütün mağazalar bağlanıb. Tək-tük fəaliyyət göstərən bir-iki obyekt var. Biz də heç ayda 1-2 paltar sata bilmirik. Maaş verə bilmədiyimizə görə satıcılar da işdən çıxdı. Məcburam səhərdən axşama kimi burda oturub müştəri gözləyəm. İndi də deyirlər ki, buranı «Ağ şəhər»ə əlavə edəcəklər. Bu məqsədlə burda təmir-tikinti işləri aparılacaq».
Satıcılarla söhbət əsnasında öyrəndik ki, vaxtilə Abdulla Abdullayevə məxsus «Birlikbank»ın balansında olan mağazalara əl qoyulub: «Abdulla Abdullayev mağazaları girov qoyaraq bankın borclarını bağlamaq üçün pul götürmüşdü. Həmin bank bağlandı, daha sonra Abdullayev həbs olundu. Mağazalarımıza əl qoyulduğundan biz də obyektimizin pulunu alıb çıxa bilmirik. İndi bizə söz veriblər ki, ticarət mərkəzinin yeni sahibi kreditlə satılan mağazalara görə bizlərə ödəniş edəcək. Abdulla Abdullayevin burada mağaza alan 35 sahibkara 577 min manat borcu var idi».
Məlumat üçün bildirək ki, A.Abdullayev bu il aprelin 4-də həbs edilib. Onunla bağlı İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondundan daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
A.Abdullayevin həbsi ilə bağlı Baş Prokurorluğun mətbuat xidmətinin zamanında yaydığı məlumatda qeyd olunurdu ki, ilkin araşdırma zamanı toplanmış sübutlar əsasında Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
«Ağ şəhər» tamamlanmaq üzrədir
Onu da qeyd edək ki, Xətai rayonunda tikilməkdə olan «Ağ şəhər» layihəsinə daxil olan nəhəng binalar kompleksinin tikintisi tamamlanmaq üzrədir.
Layihə üzrə tikinti sahəsi əvvəlcə 221 hektar olan «Ağ şəhər» layihəsi çərçivəsində yaşayış, iş, istirahət və əyləncə üçün ən yaxşı şərait təqdim edəcək şəhər tipli 10 universal kvartalın yaradılması nəzərdə tutulub. Bakının müasir mərkəzi həm də şəhər nəqliyyatının yeni şəbəkəsinin yaradılması sayəsində universal olacaq. Belə ki, «Ağ şəhər»in mərkəzi meydanına çıxışı olan metro stansiyasının inşa olunması, avtobus nəqliyyatı şəbəkəsinin inkişaf etdirilməsi nəzərdə tutulub. Bütün sahil boyu tramvay xəttinin çəkilməsi də planlaşdırılır. Su nəqliyyatından istifadə edilməsi üçün bulvar xətti boyu dəniz yolunun salınması da nəzərdə tutulub.
«Ağ şəhər» layihəsi üzərində işləmək üçün azərbaycanlı mütəxəssislərlə yanaşı mühəndis dizaynı sahəsində ixtisaslaşan «Atkins» (Böyük Britaniya), «Foster + Rartners» və «F+A Architects» kimi məşhur memarlıq şirkətləri də prosesə cəlb edilib. (musavat.com)