15:42 | 16 iyul 2013 | Çərşənbə axşamı
Məqaləyə 1847 dəfə baxılıb
Şriftin ölçüsü
Rayonlarda fəhlələr maaşlarını ala bilmirlər
Deputat: “Vergidən yayınmaq üçün ikili mühasibatlıq aparılır”
Paytaxtla yanaşı, regionlarda da bina tikintisi, iri infrastruktur layihələri həyata keçirilir. Amma demək olar ki, regionların qurulmasında əməlli-başlı tər tökən fəhlələr işlədiklərinin müqabilində halalca maaşlarını ala bilmirlər. İşlədiyi bir ay müddətini min bir əziyyətlə başa vuran fəhlə vaxt çatanda zəhmətinin haqqını gələn ayın ortalarında ya ala bilir, ya da heç ala bilmir.
Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov isə deyir ki, belə iri layihələrin əksəriyyəti dövlət, bəziləri isə beynəlxalq təşkilatların verdiyi maliyyə hesabına baş tutur. Ona görə də maaşların verilməməsi ilə bağlı elə bir ciddi problem olmamalıdır. Millət vəkilinin sözlərinə görə, ola bilər ki, hansısa müqavilə imzalanmasın, bank sistemində problem yaşansın, maliyyənin ayrılmasında problemlər olsun. Bu da müvəqqəti xarakter daşıya bilər. Vahid Əhmədov hesab edir ki, maaşların gecikməsi yolverilməzdir. “Hətta mən deyərdim ki, vaxtlı-vaxtında maliyyə ayrılması nəzarətdə olan bir məsələdir. Burada ciddi problem olmamalıdır. Binaların tikintisini çox vaxt özəl şirkətlər həyata keçirir. Müqavilələrin əksəriyyəti bağlanmır. Vergidən yayınmaq üçün ikili mühasibatlıq aparılır. Su, kanalizasiya sistemlərinin çəkilişini isə “Azərsu” həyata keçirir. Orada ciddi problem olmamalıdır və olmur”-deyə Vahid Əhmədov bildirib. Mövzunu davam etdirəcəyik Gültəkin ƏLƏSGƏR, modern.az