vaxtlı-vaxtında oxuyun! Cümə, 20 sentyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
AVROPA  
13:00 | 14 iyul 2014 | Bazar ertəsi Məqaləyə 1384 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kraliça üçün hicab

«Nifrət vaizi» Britaniyanı İslam dövlətinə çevirmək arzusundadır

MÖVZU İLƏ ƏLAQƏLİ

Britaniya hökuməti «nifrət vaizi» kimi tanınan müsəlman ruhani xadimi Anjem Çoudriyə bağlı üç islamçı təşkilatı qadağan edib. Anjem Çoudri öz moizələrində Britaniyanı İslam dövlətinə çevirmək arzusunu açıqlayıb. Təşkilatların yasaqlanmasına onların Suriyada döyüşmək üçün cihad döyüşçüləri toplamaq cəhdləri səbəb olub.

Britaniyanın Daxili İşlər Nazirliyi bildirib ki, «Xilafət uğrunda» («Need Khilafah»), «Şəriət layihəsi» («The Shariah Project») və «İslami Mübarizə Assosiasiyası» («The İslamic Dawah Association») qrupları əslində 2006-cı ildə yasaqlanmış sələfi-vəhhabi təmayüllü «əl-Mühacirun» qruplaşmasının başqa-başqa adlarla modifikasiya olunmuş formalarıdır.

Ərəb dilində «mühacirlər» mənasını verən «əl-Mühacirun» daha əvvəllər də «əl-Qüraba» («Qəriblər») «İxlas təriqəti», «Müsəlmanlar Səlibə Qarşı», «İslami yol», «Müsəlman məhbuslar», «Birləşmiş Krallıq üçün İslam» («İslam UK»), «Qadınlar Şəriət Naminə» («Women Sharia»), «İslamın Fövqəladə Müdafiəsi» («İslamic Emergency Defence») təşkilatları adı ilə fəaliyyət göstərib və göstərməkdədir.

 

«Avropa, sənin 11 sentyabrın hələ qabaqdadır...»

 

«Əl-Qüraba» və «İxlas təriqəti» təşkilatları 2006-cı ildən qadağan olunub. O zaman onlar Londonun mərkəzində təşkil etdikləri yürüşdə əllərində «İslamı təhqir edənləri öldürün» və «Avropa, sənin 11 sentyabrın hələ qarşıdadır» kimi plakatlar daşıyırdılar.

«Birləşmiş Krallıq üçün İslam» təşkilatı 2010-cu ildən yasaqlanıb. O vaxt təşkilatın üzvləri israr edirdilər ki, Britaniya cəmiyyətinin İslama rəğbətini artırmaq məqsədilə dinc yollarla mübarizə aparırlar.

Onlar Britaniya müsəlmanları üçün şəriət qanunlarının tətbiqini də istəyirdilər.

«Müsəlmanlar Səlibə Qarşı» təşkilatı 2011-ci ildə Britaniyanın 12 şəhərini müstəqil İslam dövlətinə çevirmək cəhdini elan etdikdən sonra yasaqlanıb.

Onların planına əsasən, bu 12 şəhər tam şəriət qanunları ilə idarə olunan anklava çevrilməli imiş.

Son qadağaları şərh edən təhlükəsizlik və mühacirət naziri Ceyms Brokenşir deyib ki, «terrorçu təşkilat adını dəyişməklə terrorçuluqdan çıxmır və bu səbəbdən gələcəkdə də belə təşkilatların fəaliyyətinə yol verilməyəcək».

O, izah edib ki, «Xilafət uğrunda», «Şəriət layihəsi» və «İslami Mübarizə Assosiasiyası»nın əslində yaxşı tanınan «əl-Qüraba» və «İxlas təriqəti» ilə eyniliyi müəyyənləşdirilib və onlar qadağan ediliblər.

Nazirin sözlərinə görə, bu cür qrupları dəstəkləyənlərə qarşı cinayət işi qaldırılacaq.

Britaniya mediası hər gün bir adda təşkilat düşünən radikal islamçıları «çoxbaşlı əjdaha» adlandırıb.

Lakin şərhçilər bu qənaətdədirlər ki, belə təşkilatlarda üzvlüyə görə cinayət məcəlləsində nəzərdə tutulmuş həbs cəzası və ya 8 min dollarlıq cərimə A.Çoudri kimi ekstremistlərin önünü kəsə bilməyəcək.

«Times of London» qəzetində diqqətə yetirilən hesabatda deyilir ki, A.Çoudrinin şəbəkəsi hazırda 11 müxtəlif ad altında fəaliyyət göstərsə də nə o, nə də davamçılarından heç biri qanunsuz təşkilata üzv olmaq ittihamı ilə həbs edilməyiblər.

Əleyhinə mübarizə apardığı Britaniya dövlətinin sosial təminatı hesabına yaşayan A.Çoudri son qadağalara da dikbaş reaksiya verib: «Məni həbs etsələr, fəaliyyətimi həbsxanada da davam etdirəcəyəm. Mən həbsxanadakıların hamısını radikallaşdıracağam. Mənim cənnət və cəhənnəmim reallıqdan kənardadır. Mənim cənnətim ürəyimdədir. Onlar məni öldürsələr, şəhid kimi öləcəyəm».

Qəzet yazır ki, polis A.Çoudrini addımbaaddım izləsə də ona «ilişmək» çətindir, çünki vaiz qanunları yaxşı bilir. O, yenə də dövlət hesabına hüquq kurslarında təhsil alıb.

Şərhçilər bildirirlər ki, ekstremist təşkilatları hədəfləmək çox mürəkkəb məsələdir, çünki onlar gəncləri cihad üçün səfərbərliyə alan iclasları barədə internetdə məlumat yaymır, elanlarını sadəcə ağızdan-qulağa ötürürlər.

 

Kameronun kabinetində xəlifə oturacaq

 

Bununla belə, A.Çoudrinin yaxın çevrəsindən 35 yaşlı britaniyalı islamçı Əbu Valid internetdə yaydığı bir neçə videoda Britaniyada İslam dövlətini necə təsəvvür etdiyini bildirib: «Kafirlər boğazlarında qırmızı xalta gəzdirəcəklər, onların başları qırxılacaq və iki müxtəlif rəngli ayaqqabı geyinməyə məcbur ediləcəklər».

Başqa bir videoda Əbu Valid deyir ki, günlərin birində bir müsəlman Britaniya hökumətini yıxacaq və indiki baş nazirin kabinetində xəlifə əyləşəcək.

Əbu Valid bildirir ki, müsəlmanın idarə etdiyi helikopter Biq Ben qülləsi ətrafında dövrə vurub saatın latın rəqəmlərini ərəb rəqəmləri ilə əvəzləyəcək.

Onun sözlərinə görə, baş nazir David Kameron dizin-dizin sürünərək cizyə ödəyəcək, kraliça II Yelizaveta və şahzadə Keyt Middlton da daxil bütün qadınlar hicablanacaq.

Mətbuat yazır ki, gerçək adı Şahid Canjua olan Əbu Valid işsizdir, arvadı və üç şikəst uşağı üçün dövlətdən müavinət alır. Dövlət onun ailəsini varlıların yaşadığı Qərbi Londonda mülklə də təmin edib.

Bununla belə, Əbu Valid Britaniya hökumətinin ödədiyi müavinətləri lağa qoyur və başqalarını da müavinət almaq üçün fırıldağa əl atmağa çağırır.

O deyir ki, müavinət almaq üçün əlinə yalandan bir əsa götürüb axsaya-axsaya sosial təminat şöbəsinə getmək yetərlidir.

A.Çoudri isə düşünür ki, dövlətin ödədiyi müavinət və yardımlar onlara «halal»dır: «Elə bilin ki, qeyri-müsəlmanlar bizə cizyə ödəyirlər».

Ömür boyu yalnız bir-iki gün işləmiş vaiz də arvadı və dörd övladı ilə dövlət təminatındadır. Onun müavinətlərdən illik gəliri 25 min funt-sterlinq (43 min dollar) civarındadır.

 

Danimarka parlamenti İslam bayrağı altında

 

Halbuki səhərdən axşama çalışan hər bir namuslu Britaniya vətəndaşının orta əməkhaqqı ildə 26 min 500 funt-sterlinqdir.

Beləcə, sanki Britaniyanı «abıra salmış» A.Çoudri xarici səfərlərə də gedir. Danimarka televiziyası ilə çıxışında o, ölkənin «Xristianborq» adlanan parlament binasını «Müslimborq»a çevirməyi və binanın damından İslam bayrağı asmağı təklif edib.