vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 13 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
QARABAĞ  
20:42 | 8 avqust 2014 | Cümə Məqaləyə 2094 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qapanlı sakinləri sosial güzəştlər istəyir

«Bir gecə qonağımız olsunlar, bizimlə çörək kəssinlər və nələr çəkdiyimizi görsünlər»

Sultan LAÇIN

MÖVZU İLƏ ƏLAQƏLİ

Aqustun 31-dən iyulun 1-ə keçən gecə 8 əsgərimizin şəhid olması ilə nəticələnmiş ən gərgin qarşıdurmanın baş verdiyi və nəinki o gündən, əslində 1993-cü ildən bəri, demək olar ki, hər gün erməni güllə və mərmilərinin altında yaşayan Tərtər rayonu Qapanlı kənd sakinlərini bu gün ən çox düşündürən torpaqlarımızın tezliklə işğaldan azad edilməsidir. Sosial problemlərindən danışmaq istəməsələr də, çətinlikləri göz qabağındadır. Bu sətirlərin müəllifi 2001-ci ildən bəri dəfələrlə sözügedən cəbhəyanı kənddə olub və müxtəlif mətbuat orqanlarında geniş materiallar dərc edərək sakinlərin problemlərini yuxarıların nəzərinə çatdırmağa çalışıb.

2013-cü ilin mayında isə «Həftə içi» qəzeti və hafta.az saytında «Cəbhə xətti» rubrikası altında ilk olaraq Qapanlıya etdiyimiz səfər barədə «Qapanlının qapalı dərdləri» adlı geniş yazı vermişdik. O zaman Tərtər Rayon İcra Hakimiyyətinin nümayəndələri, o cümlədən Qaradağlı ərazi inzibati vahidi üzrə icra nümayəndəsi Zakir Əliyev kəndin əsas sosial problemlərinin tezliklə həll ediləcəyinə söz versə də, məlum oldu ki, ömürlərini düşmən gülləsi altında keçirən kəndin sakinləri hələ də «içməli su» adı ilə təqdim edilən, Beynəlxalq Qırmızı Xaç Komitəsinin dəstəyi ilə qazılmış artezian sularından istifadə etməyə, ötən il 40 qəpiyə olan içməli suyun 40 litrini artıq bu il 50 qəpiyə almağa məcburdurlar. Sakinlərin sözlərinə görə, həmin artezan suyu şor olduğundan onu hətta mal-qara da içməyə çəkinir. 2013-cü ilin mayında 29 saylı Yol-İstismar İdarəsinin rəisi Əliqulu Bayramov bizimlə söhbətində kəndə gələn yolun 6200 m-lik hissəsinin asfaltlanmasının yaxın günlərdə başa çatacağını vəd etmişdi. Lakin bir il 3 aydan çox vaxt keçəndən sonra – 2014-cü il avqustun 6-da biz kəndə yaxınlaşanda yolun sözügedən hissəsinin hələ yenicə asfaltlanmağa başladığının şahidi olduq...

Qapanlı sakinlərinin əsas narazılığı cəbhə xəttindəki kəndlərlə uzaqda yerləşən yaşayış məntəqələri arasında heç bir fərq qoyulmamasıdır. Bu ilin əvvəlində millət vəkili Qənirə Paşayeva da bu barədə müəyyən təkliflər versə də, hökumət tərəfindən hələki heç bir reaksiya olmadı. Söhbət ondan gedir ki, ermənilərlə təmas xəttində və Ermənistanla sərhəddə yaşayan sakinlərə müəyyən sosial güzəştlər tətbiq olunmalı, maaş və pensiyalarına əlavələr ediilməli, onlar torpaq və əmlak vergisindən azad edilməli, işıq, su və qazdan ən azı güzəştlərlə istifadə etməli, onlara düşmən atəşləri nəticəsində sağlamlıqlarına dəyən zərərlərə, eləcədə evlərə, təsərrüfatlara, avtomobil və kənd təsərrüfatı texnikalarına vurulan ziyana görə kompensasiyalar ödənilməlidir. Təbii ki, bunun üçün qanunvericilikdə xeyli dəyişikliklər edilməlidir. Burada əsas məsuliyyət cəbhəyanı sakinlərin səs verib seçdikləri MM üzvlərinin üzərinə düşür. Digər cəbhəyanı kəndlər kimi, Qapanlı sakinləri də onların hüquqlarını müdafiə etməli olan deputatlardan çox narazıdırlar:

«Deputatlarımızı yalnız 5 ildən bir - seçkilərdə görürük. Deputatımız Sahib Alıyevin üzünü bir dəfə də görməmişik. Bircə dəfə də gəlib bizimlə maraqlanmayıb. Xüsusən, Qapanlının aramsız atəş altında yaşadığı son günlər o, bir deputat kimi kəndə gəlməli, bizim dərd-sərimizlə, güzəranımızla maraqlanmalı idi...»

Bu sözləri deyən kənd sakinləri Tərtər rayonunun yeni icra başçısı Müstəqim Məmmədovdan çox razıdırlar: »Müstəqim müəllim tez-tez kəndə gəlir, səngərlərə baş çəkir, sakinləri yığıb problemləri ilə maraqlanır, bacardığı qədər kömək edir...»

Kənd sakini, Qarabağ veteranı Daşqın Əliyev həm müharibədə yaralanıb, həm də atəşkəs dövründə - 2011-ci ildə təsərrüfat işləri zamanı erməni gülləsinə tuş gəlib. Onu təcili yardım maşını 300 manat müqabilində Bakıya - xəstəxanaya çatdırıb. Əliyev Hüseyn Şahmərdan oğlu bir neçə il öncə öz həyətində qarın nahiyəsindən yara alıb. Əliyev Namiq Adıgözəl oğlu isə bu il iyunun 22-də ot biçini zamanı ayağından yaralanıb. Onlara da heç bir maddi yardım göstərilməyib.

Mütəmadi atəşə tutulan bu kənddə adi bir ambulator məntəqənin olmaması da acınacaqlı haldır. Qonşu kənddəki xəstəxanaya isə Qapanlının səngər yanındakı evlərindən azı 3 km məsafə var. Sakinlər heç olmasa bu gərgin günlərdə kənd üçün bir təcili yardım maşınının ayrılmasını da tələb edirlər.

Həyatını təhlükəyə ataraq sakinlərin otunu, taxılını biçən kombaynçı, Qarabağ veteranı Elbrus Tanrıverdiyev kombaynının dəfələrlə erməni gülləsinə tuş gəldiyini söyləyir.

«Düz düşmən mövqeləri ilə üzbəüz yaşayan Tanrıverdiyev Emin Qarayağdı oğlunun ot tayasının atəşə tutulması nəticəsində 720 ot bağlaması yanıb. Ona dövlət kompensasiya verməlidir, ya yox?..» - deyə Qapanlı sakinləri sual edir. Avqustun 5-də gündüz saatlarında ermənilərin açdığı atəş də bəzi evlərə zərər vurub. İnsanlar günorta saatlarında istirahət etdiyi vaxt qəflətən güllələr pəncərələrdən evə daxil olub. Belə hallar xüsusən uşaq, qadın və qocalarda əsəb və şəkər xəstəliklərinin artmasına səbəb olur. Kənddə yaşamaq, işləmək çətin olduğu halda, sakinlərə nəinki güzəştlər tətbiq edilir, üstəlik, ehtiyacı olanlara sosial müavinətlərin verilməsinə də süni əngəllər yaradılır. Sakinlərin sözlərinə görə, bu kənddə cəmi bir neçə nəfər sosial müavinət alır.

Üz-gözlərində 20 ilin əzab-əziyyətinin, qorxu-həyəcanının silinməz qırışlar açdığı Qapanlı sakinlərinin son ürək sözləri bunlar oldu: «Bizim ən birinci arzumuz torpaqlarımızın azadlığıdır. Ötən Qarabağ savaşında 90 ailə təsərrüfatı olan bu kənddə azı 80 nəfər döyüşçü olub, xeyli şəhid və yaralananımız var. Bu gün də döyüşüb canımızdan keçməyə hazırıq. Və lazım olsa, bundan sonra 20 il də düşmən həmlələrinə dözərik. Ancaq inanırıq ki, Azərbaycan iqtisadiyyatının gündən-günə inkişaf etdiyi, gəlirlərimizin artdığı indiki şəraitdə cəbhəyanı kəndlərin, o cümlədən Qapanlının sosial problemlərini, ən azı, yüngülləşdirmək mümkündür... Kənddə qaydasında əkin-biçinlə məşğul olmaq, mal-qara saxlamaq üçün də şərait yoxdu. Çünki əsas örüş və əkin sahələrimiz düşmən atəşi altındadır. Bizə güzəştlə yanacaq, toxum və s. vermək mümkün deyilmi? Biz hökumət məmurlarını, nazirləri, deputatları və s. Qapanlıya dəvət edirik, gəlsinlər bircə gecə bizim qonağımız olsunlar, bir tikə çörəyimizi yesinlər və nələr çəkdiyimizin şahidi olsunlar...»