Ağdam qatarı Bakıdan gedir
Bu yolu keçməyə əzm var
Vahid QAZİ
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Nonu ...
...Yaxud çadır həyatının təəssüratları
-
O göydəki ulduzlar haqqı
Tanrı dərgahı kimi ...
-
Ermənilər Xocalının kəndlərindən gedir
Pirlərdə məskunlaşanların əksəriyyəti yaşayış məntəqəsini tərk edib
-
“Kaleydoskop”
... Yaxud qırıq-qırıq görünən Ağdam
-
Nur içində uyu, Komandir!
Xocalıların yaddaşında həmişə 46 yaşda qalan QƏHRƏMAN
-
Arzuya bax, İlahi
Tez-tez gəlin ...
-
Pənah Hüseyn və Akif Nağı saxlanıldı
Cəbhə xəttini keçdiklərinə görə …
-
“Videodakı başdaşı atama aid deyil”
Allahverdi Bağırovun qızı etiraz etdi: “Diqqətli olun!”
-
Aran Qarabağ silkələndi
6 ballıq zəlzələdən tələfat yoxdur, amma dağıntılar haqda xəbərlər gəlir
-
Ağdamda 6 bal gücündə zəlzələ olub
Yeraltı təkanlar hətta cənub zonada da hiss olunub
-
«Yerinizə minlər doğulacaq»
Seyid Lazım Ağa - Ağdamın canlı rəmzi
-
«İmarət» - Fred Asifin qərargahı
«Qarabağ» FK-nın fan-klubu haranın adını daşıyır?
-
Məşhur çay evinin tikilməsinin tarixi
Və ya SSRİ-Yapon münasibətlərinin Ağdama xeyri...
-
Qara bağın ağ damı
Ağdamın işğalından 24 il ötür…
-
Kabus qatar
Qəribə tarixçəsi olan şeir
-
Utopiyanın kuliminasiyası
Ermənistanın Azərbaycan torpaqlarını 2030 cu ilə qədər işğalda saxlamaq planı
Camaatımızın təsəvvüründə erməninin qorxaq obrazı vardı. Gözümü açandan eşitdiyim “Erməni qan gördü” olub. Böyüdüyüm mühitdə erməni kişisini işlək fəhlə, bacarıqlı usta; qadınını yaxşı turşu qoyan, kefin istəyən süfrə açan xoşrəftar kimi tanıdıblar.
İlk gördüyüm erməninin adı Cavanşir idi. Evimizin alt mərtəbəsindəki otağa qapı açırdı. Külüngü yerə qoyub əlinin arxasıyla alnının tərini silərdi. Bir suyu sovetin məşhur “Qaraçı” filminin qəhrəmanı Budulaya oxşayırdı.
Sadə, şirindil, gülərüz, qılıqlı, bir qədər də yazıq görkəmi vardı Qarabağ ermənilərinin. Bu adamların bir gün bizimlə torpaq davasına qalxacağı yüz il qala ağla gəlməzdi. Desəydilər şəhərimizin ən ürəyiyuxa sakini Qız Qulu Məhəmməd Əliylə rinqə çıxıb, elə birinci raunddaca onu basıb-döyüb; yaxud toylarda skripka çalan Dondi London orkestrinə birinci skripkaçı kimi dəvət alıb, inanardıq, amma usta Aşotun Stepanakert bazarında şoraba satan Haykanuşa qoşulub Qarabağı bizdən alacağı yuxumuza belə girməzdi.
Ramiz Rövşən “Ruhlar şəhəri” kitabına yazdığı ön sözdə ağdamlıları belə təsvir edib: “Şuşa Qarabağın ən gözəl, Ağdamsa ən varlı şəhəri sayılırdı. …Ermənilər Ağdamı axırıncı daşına, kərpicinə, taxtasına, mismarınacan söküb-aparıblar və o tikinti materiallarının hesabına Stepanakerti təzədən qurublar. Amma mən inanmıram ki, bu gün Ağdamın hesabına tikilmiş o evlərdə yaşayan ermənilər Stepanakerti də varlı şəhər saysınlar. Çünki varlı olmaq təkcə dəbdəbəli ev-eşiklə, pulla, malla ölçülmür. Bu həm də insanın içindən gələn bir hissdi, duyğudu. Hər halda mən bir vaxtlar “haralısan” sualına bütün Qarabağda ağdamlılar kimi qürurla, hətta bir az da təkəbbürlə cavab verənlərə rast gəlməmişdim. Və bəlkə də Ağdamı o cürə qəddarlıqla dağıdıb xaraba qoyan ermənilər ağdamlılardan həm də o qürurun, təkəbbürün acığını çıxmışdılar”.
Hardan idi bu qorxmazlıq, ermənini ciddiyə almamaq?
100 il qabaqkı davadan nənə-babaların bizə ötürdüyü fikir bu olub ki, erməni qorxaqdır. Cümhuriyyət ordusu Xankəndini, Şuşanı azad edəndən erməni adamların yaddaşında imdad diləyən, yazıq kimi qalmışdı. Qiyam qaldıran ermənilər məhz o məğlubiyyəti dadandan – bizim sərt üzümüzü görəndən sonra beləcə məzluma dönüblər: “Erməni qan gördü”.
Bizim tanıdığımız “yazıq” Qarabağ erməniləriydi. Yerevan ermənisi, Livan ermənisi, Fransa ermənisi, Kaliforniya ermənisi-filan görməmişdik. 100 il boyunca dünyanın dörd bir tərəfində erməni kilsələrindəki millətçi ideologiya təbliğindən, neçə-neçə siyasi partiya, birlik, fond yaratmalarından, hər rejimdə – kommunist (SSRİ), islamçı (İran), demokratik (ABŞ, Fransa) – hər ölkədə təşkilatlanmaq bacarıqlarından xəbərsiz idik.
Tariximizi də bilmirdik! Rus-sovet siyasəti, öz kommunist rəhbərlərimiz öyrənməyə macal verməyiblər, özümüz də tariximizə, taleyimizə biganə olmuşuq, unutmuşuq, maraqlanmamışıq. Bilməmişik ki, İrəvan xanlığında dövlət qurmağı bacaran ermənilər buna davamlı deportasiya siyasətləriylə nail olublar. Qulağımızın dibində eşitməmişik ki, ermənilər dəfələrlə Qarabağın Ermənistana birləşdirilməsi məsələsini qaldırıblar. Bundan xəbər tutan rəhbərlərimiz isə susublar! Kremldə yerlərini şirin salmaq üçün ermənilərə öz xalqından qat-qat artıq imtiyazlar tanıyıblar.
Bizim bilib tanıdığımız “qorxaq” Qarabağ erməniləriydi. Odur ki, 1988-ci ildə onların Xankəndindəki “Miatsum” mitinqinə Azərbaycanda ilk cavab Ağdamda verildi. Minlərlə insan əliyalın Xankəndinə yürüş elədi.
Qarabağın Dardaneli (Məhəmməd Əmin Rəsulzadə) Əsgəranda nə baş verdi, sonra “şanlı” Azərbaycan milisi, DTK-sı o yürüşçülərin başına nə oyunlar açdı? Mövzudan uzaqlaşaram deyə bunlara toxunmuram. Bilmək istəyənlərə sadəcə “Azadlıq qiymətinə foto” yazısını (https://vahidqazi.com/…/12/azadliq-qiym%c9%99tin%c9%99-foto/) oxumağı tövsiyə edirəm. Sonuncu Qarabağ yürüşündən sonra keçirilən həbslərlə paralellər aparmağı da oxuculara buraxıram.
O vaxt kimi dindirsən sözü bu olardı: allahın ermənisinə bax, qudurub!
Ağdamın kolxoz sədrlərindən birinin “Günün ekranı” proqramına müsahibəsini xatırlayıram: “Nə səngər? Erməni kimdir ki, səngər qazaq”.
Sən demə, elə bu dikbaşlığımızdan yaxşı xəbərdar olan erməni başbilənləri dizimizi yerə gətirəcək zəif yerimizi də yaxşı öyrənibmişlər, içimizə nifaq toxumu səpməyin yollarınacan bilirmişlər. Sanki bizi bizdən yaxşı tanıyırmışlar.
Onlar milli davada yumruq kimi birləşməyi, təşkilatlanmağı bacaranda, biz yumruqdan açılmış barmaqlar ətrafında toplaşıb bir-birimizlə hakimiyyət davasına qalxdıq.
Nəticə – bu günümüzdür!
Ağdamın növbəti işğal günündə bunları niyə xatırlayıram?
Bu videoya diqqətlə baxın. (https://www.facebook.com/85a7c401-120a-41bd-b09c-90ed098877…) Ağdam müsibətindən – 23 iyul 1993-cü ildən bir neçə gün sonra çəkilib. Danışan Azər adlı oğlan bir ayağını hələ 1 il əvvəl Xromord döyüşündə itirmişdi. Deyir ki, bir kilometrlik bu səngərdəkilərin hamısı ağdamlıdır, hamı ailəsini qohum-əqrəba, dost-tanış evində, çadır şəhərciyində yerləşdirib qayıdıb.
“3 kəndi geri aldıq 2 saata, əmr gəldi ki, dayanın” deyir. Soruşur, nəyə görə? Deyir bizə heç nə lazım deyil, silahımız da, texnikamız da var, mane olmasın rəhbərlik, imkan versin, oyun oynamasınlar, şəhərimizi geri alaq.
Sonra bilirsiniz nə oldu? Bu döyüşkən batalyon da darmadağın edildi o biriləri kimi. Azərin yanındakı batalyon komandiri Cəfər öldürüldü, döyüşçülər pərən-pərən salındı, tutuldular, güllələndilər, qaça bilən canını götürüb qaçdı. Bunu kim elədi?
İyulun 12-də Tovuz sərhədindəki döyüşlərə xalqın reaksiyası 27 əvvəl çəkilmiş o videodakı oğulların qələbə əzminin bu gün də ölmədiyini göstərdi. Hər belə döyüşdə şəhid olmayınca tanımadığımız neçə-neçə oğullar üzə çıxır. Mübariz İbrahimov, Raquf Orucov, Polad Həşimov kimi…
Son olaylar neçə ildir bəzən tərəddüdlə yazdığım “Qarabağa yol İrəvandan, Moskvadan yox, Bakıdan keçir” inamımı möhkəmlətdi.
İşğalının 27-ci ilində bir daha əmin oldum ki, Ağdama yol Bakıdan keçir! Bu yolu keçməyə xalqın əzmi var.
İyul 2020