18:37 | 16 noyabr 2012 | Cümə
Məqaləyə 3669 dəfə baxılıb
Şriftin ölçüsü
«Özünü dartan adam»
Təbiilik-sünilik. Çox az adam özünü olduğu kimi apara bilir. Adamların çoxu özünü süni aparır. Özünü süni aparan adamların bir qismi də özünü dartan adamlardı.
Bəzi adamlar özünü dartıb durub. Süni vəziyyət aldıqlarına görə onların hər hərəkəti, hər sözü saxtadı, quramadı. Onlar özlərini təbii danışmaq, təbii davranmaq imkanından məhrum eləyiblər.
İki adam gözünüzün qabağına gətirin. Biri özünü dartıb durub, o biri sərbəstdi, necə var elə dayanıb. Onlardan biri süni, o biri təbiidi. Özünü dartan adam özünü dustaq eləyib. Özünü sərbəst buraxan adam özünü azad eləyib. Özünü azad buraxdığına görə o, təbii davrana, danışa bilir. Özünü dustaq eləmiş adamsa gərgindi, onun təbii olmaq imkanı yoxdu.
Özünü dartıb duran adamın özünə sərbəstlik verməyə ehtiyacı var. Bunu eləyə bilsə, o, sakitləşəcək, təşvişi, həyəcanı keçib gedəcək, qorxudan qurtulacaq, bir sözlə, azad olacaq. Azad olacaqsa, deməli, təbii olacaq. Olduğu kimi olacaq.
Özünü dartıb duran adam göründüyü kimi deyil. Və göründüyü kimi olmamağı onun böyük faciəsidi. İnsanın olduğu kimi görünməməyi köləliyin ən dəhşətli formasıdı. İnsanın özünü dartıb durması böyük faciə və dəhşətli köləlikdi.
Özünü dartıb duran adamın azadlığa ehtiyacı var. Düzdü, bu azadlıq onun görünüşünü dəyişəcək, amma insan öz təbii görünüşünə qayıtmaqdan qorxmamalıdı.
Azadlıq süniliyə qarşıdı. Azad olmaq təbii olmaqdı, olduğun kimi olmaqdı, özünü boğmamaq, sıxmamaq, özünü dartmamaq, özünü çəkməməkdi.
Azad olmaq sadə, adi olmaqdı. Bəziləri elə bilir azad olmaq qeyri-adi olmaqdı, amma belə deyil. Azad olmaq adi olmaqdı.
Özünü dartan adam qeyri-adi olmaq istəyir, o, sadə, adi, təbii olmaqdan, olduğu kimi olmaqdan qorxur. Özünü dartmaqla o özünü təbiilikdən çıxarır, süniləşdirir, saxta bir “mən”, uydurma, əldəqayırma bir obraz yaradır, həqiqəti ifadə eləmək imkanını itirir, bütün davranışı, danışığıyla saxtakarlığı ifadə eləyir və şübhəsiz ki, həqiqəti, təbiiliyi, səmimiliyi qiymətləndirən adamlarda ikrah doğurur.
Özünü dartan adam həm də bədbəxt adamdı, bunu da yaddan çıxarmaq lazım deyil. Bunu yaddan çıxarmaq heç mümkün də deyil. Fikir versəniz görəcəksiz ki, özünü dartan adamdan təkcə iyrənmirsiz, həm də istər-istəməz ona yazığınız gəlir. Bu belədi. Başqa cür olmur.