vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 29 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
MÜƏLLİF  
17:52 | 20 dekabr 2012 | Cümə axşamı Məqaləyə 2717 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Mərdlik sistemi» (I yazı)

Mərdlik sisteminin təsviri

Azər QARAÇƏNLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

20.12.12 - Mərdlik sisteminin təsviri...

Əbdürrəhim bəy Haqverdiyevin “Pristav və oğru” adında balaca bir hekayəsi var.
Pristav oğrunu danlayır: A gedə, sən qəribə bihəyasan. Neçə dəfə mənə söz veribsən ki, oğurluq eləmiyəsən. İndi bu nə işdi? Bu kasıb bədbəxtin öküzünü aparıbsan, binəvanı əli qoynunda qoyubsan.
Oğru and-aman eləyir: Bəy, and olsun o görükən imamzadəyə, mənim xəbərim yoxdu.
Pristav: A məlun, utanmırsan yalandan and içirsən? Doğrusunu de görüm, sənmi aparıbsan?
Oğru yenə and içir: Bəy, and olsun səni və məni yaradana, and olsun “Quran”a, xəbərim yoxdu.
Pristav: Doğrusunu de, yoxsa səni yıxdırıb, o qədər döydürərəm ki, bir ay yorğan-döşəkdə qalarsan.
Oğru: İxtiyarın var, ay bəy. Amma and olsun on iki imama, peyğəmbərə, xəbərim yoxdu.
Pristav yasavullara göstəriş verir: Ay uşaqlar, vurun bu məlun oğlu məlunu.
Yasavullar oğrunu yıxıb döyürlər.
Oğru dözmür: Ay ağa, qoyma, məni öldürdülər, doğrusunu deyim.
Pristav yasavulları saxlayır.
Oğru ayağa qalxıb yenə and içir: And olsun atam getdiyi Kərbəlaya, xəbərim yoxdu.
Pristav: Basın yerə! Gərək ağlın başına gəlincə səni döydürüm. Vurun!
Yasavullar yenə oğrunu yıxıb döyürlər.
Oğru yalvarır: Bəy, məni balalarının başına çevir. Ay! Ay! Vay öldüm! Vay çatladım! Atam sənə qurban, ay bəy, öldürmə məni!
Pristav: Doğrusunu deyərsənmi? Heyvan oğlu heyvan.
Oğru: Deyərəm, qurbanın olum. Hamısını deyərəm.
Pristav: Durğuzun bu kafir oğlunu. – (Yasavullar oğrunu durğuzurlar) – De, söylə görüm.
Oğru yenə and içir: Ay bəy, Həzrət Abbas mənim iki qolumu qələm eləsin, əgər o öküzdən mənim xəbərim varsa.
Pristav yasavulları otaqdan çıxarır: Siz çölə çıxın.
Yasavullar otaqdan çıxandan sonra pristav oğrunu yaxına çağırır: A gedə, yavuğa gəl! – (Oğru qorxa-qorxa pristava yaxınlaşır) – Loti, mən ölüm doğrusunu de, öküzü sənmi aparıbsan?
Oğru bunu eşidəndə qayıdır ki: Ağa, qurbanın olum, “mən ölüm” niyə deyirsən, yüz elə öküz qurban olsun sənin bir tükünə, mən aparmışam...
Beləliklə, o qədər işgəncənin qarşısında cinayətini boynuna almayan, yalandan Allaha, “Quran”a, peyğəmbərə, imamlara, Kərbəlaya, Həzrət Abbasa and içən oğru bir “mən ölüm”dən keçmir, yalandan hər söz danışır, hər şeyə and içir, amma yalandan “sən öl” vurmur, oğurluğunu boynuna alır. Bax, bu, mərdlik sistemidi. Mərdlik sistemi deyəndə mən bu cür sistemləri nəzərdə tuturam.
Mərdlik sistemi deyəndə mən cəmiyyətin, ayrı-ayrı qrupların içində mövcud olan, insanın mərd xüsusiyyətinin ictimai forması kimi ortaya çıxan davranış tərzini, düşüncə, yanaşma, yaşayış tərzini, hətta yaşantı tərzini, fərdi mərdlik yaşantılarının hansısa bir tərzə – ictimai qəlibə düşüb sistemləşməsini nəzərdə tuturam.
Mərdlik sisteminin təhlili
Mərdlik sisteminin çox mürəkkəb konstruksiyası var. Bu, çox incə bir sistemdi. “Oğru və pristav” hekayəsində pristav əvvəldən də “mən ölüm”ə keçə bilərdi, amma keçmir, çalışır ki, cinayəti bunsuz sübuta yetirsin. Çünki pristav bilir ki, iş “mən ölüm” müstəvisinə keçsə, oğrunu cəzalandırmaq haqqını itirəcək.
Ola bilsin, pristav heç də ədaləti bərpa eləmək, öküzü oğrudan alıb yiyəsinə qaytarmaq niyyətində deyil. Ola bilsin, onun məqsədi cinayəti sübuta yetirib oğrunu dama basmaq, öküzü də onun əlindən alıb, satdırıb, puluna kef eləməkdi. Oğrunu tutacaq, guya ədalət bərpa olunacaq. Ola bilsin, yiyəsi çox dirəşsə, öküzün pulundan bir az ona da verəcək ki, ədalət “lap yaxşı” bərpa olunsun. Amma bütün bunları eləyə bilməkdən ötrü pristav öküzü məhz yaxaladığı adamın oğurladığını sübuta yetirməlidi. Pristav buna çalışır, amma alınmır. Oğru doğrudan da çox həyasızdı.
Axırda pristav “mən ölüm”ə keçir. Bundan qabaq o, yasavulları otaqdan çıxarır. Çünki pristav bilir ki, öküzü aparan adam elə yaxaladığı adamdı. Və pristav dəqiq bilir ki, bu adam yalandan “sən öl” vurmayacaq, oğurluğu boynuna alacaq, deməli, otaqda cinayətin etirafı olacaq. Ona görə də “mən ölüm”ə keçməzdən qabaq pristav yasavulları – şahidləri otaqdan çıxarır. “Mən ölüm”lə əldə olunan etiraf elə bir etirafdı ki, ondan sonra pristav oğrunu cəzalandıra bilməz. Ona görə də pristav istəmir həmin cinayətin etirafı vaxtı otaqda şahid olsun.
Eyni zamanda oğru bilir ki, o, yalandan “sən öl” vura bilməz, onun buna haqqı yoxdu. Ancaq oğru onu da bilir ki, “sən öl” vurmayıb cinayətini boynuna alsa da, cəzalanmayacaq. Çünki söhbət artıq “kişi söhbəti”ndən gedir, bundan sonra pristavın onu cəzalandırmaq haqqı yoxdu. Oğru yalandan “sən öl” vura bilməz, pristav da “mən ölüm”dən keçməyən adamı cəzalandıra bilməz. Bu, hər iki tərəfə bəllidi. “Mən ölüm” sisteminin şərtləri hamıya aydındı və bu şərtlər mütləqdi, heç kim onu poza bilməz. Şərtlər şərtləşmədən bəllidi. Şərtləşməyə-şərtləşməyə, müqavilə, saziş bağlamaya-bağlamaya hamı yalnız bir variantda işləyir. Sistemin gücü də bundadı. Bu sistem toxunulmazdı və bunu hamı bilir. Hamı bilir ki, o, toxunulmazdı, heç kim ona toxunmur, ona toxunmağı heç ağlına da gətirmir. Pristav heç ağlına da gətirmir ki, oğru yalandan “sən öl” vura bilər. Oğru heç ağlına da gətirmir ki, yalandan “sən öl” vurmayıb cinayətini boynuna alsa, cəzalandırıla bilər. Mərdlik sistemi burda hökmrandı. Kimsə şübhə eləmir ki, bu sistemin hökmü keçməyə bilər.
“Pristav və oğru” hekayəsi belə bitir: “Axşam satılan oğurluq maldan pristavın payı qumar oynadığı vaxt gətirilib özünə verildi”. Yəni bu o deməkdi ki, pristav oğrunu buraxıb, oğru öküzü satıb, qazandığı puldan pristava pay da göndərib. Amma hekayə bu cümləylə bitməsəydi də, eləcə özündən əvvəlki cümləylə – oğrunun “Ağa, qurbanın olum, “mən ölüm” niyə deyirsən, yüz elə öküz qurban olsun sənin bir tükünə, mən aparmışam” deməsiylə yekunlaşsaydı da, aydın məsələydi ki, oğru tutulmayıb. Maraqlıdı ki, Əbdürrəhim bəy “Axşam satılan oğurluq maldan pristavın payı qumar oynadığı vaxt gətirilib özünə verildi” cümləsini hekayənin axırına sonradan artırıb, bu cümləni əski əlifbadakı əlyazmasına yeni əlifbada yazıb.
Mərdlik sisteminin formaları
“Pristav və oğru”dakı “mən ölüm” Azərbaycan cəmiyyətindəki mərdlik sistemlərindən biridi. Hər bir cəmiyyətin, cəmiyyətdəki qrupların, hətta ən kiçik qrupun da həyatında bu cür çoxlu mərdlik sistemi olur. Ona görə mərdlik sistemlərinin hamısını tapmaq, onların hamısını göstərmək mümkün deyil.
Məsələn, “Pristav və oğru”da oğrunun satdığı oğurluq maldan pristava pay göndərməsi də bir mərdlik sistemidi. Buna eləcə pay, oğru payı, oğrunun pristava rüşvəti kimi baxmaq olmaz. Bu payın olmasının özü sistemə daxildi. Pristav “mən ölüm” vurub, oğru yalandan “sən öl” vurmayıb, cinayəti boynuna alıb, pristav da onu buraxıb. İndi oğru oğurladığı maldan pristava mütləq pay verməlidi. Bax, bu, mütləqlik sistemdən xəbər verir. Yəni Əbdürrəhim bəy yazdı-yazmadı, oğru dedi-demədi, pristav umdu-ummadı, hamı bilir ki, “kişi söhbəti” nəticəsində sərbəst buraxılan və oğurladığı malı əlindən alınmayan oğru həmin maldan mütləq pristava pay verməlidi. Hamı bilir, yəni oğru da bilir. Ona görə də pristavın payı gətirilib ona çatdırılır. Sistem işləyir. Heç kim bu barədə danışıb razılaşmasa da, şərtləşməsə də, hər şey necə olmalıydısa, elə də olur.
Mərdlik sistemi təkcə “sən öl” kimi gözə görünən bir sistem halında yox, nəzərə çarpmayan sistemlər halında da ola bilər. “Sən öl” – Azərbaycan cəmiyyətində çox populyar bir sistemdi, bu sistemin hətta qanunu, konstitusiyası da var: “Kişi kişiyə yalandan “sən öl” vurmaz”. Ancaq elə sistemlər var ki, onlar populyar deyil, bir az situativdi.
Bir dəfə marşrut taksisində gedirdim, bir qız düşəndə min manatlığı sürücüyə uzatdı ki, bir nəfər çıxın. Sürücü dərhal qıza beş yüz manat qaytardı. Hadisə çoxdan olub. O vaxt şəhərdaxili avtobusların bir qismində gediş haqqı beş yüz manat (10 qəpik), bir qismində min manat (20 qəpik) idi. Biz getdiyimiz marşrutda gediş min manata idi və bu – “1000  manat” iri şriftlərlə yazılıb avtobusun içinə vurulmuşdu. Amma sürücü sözsüz-sovsuz, dərhal qıza beş yüz manat qaytardı. Qız düşəndə sürücü əyilib mənə pıçıldadı ki, cavan qızdı, bəlkə qayıtmağa pulu yoxdu, niyə şəhərdə qalsın ki. Bax, bu, mərdlik sistemidi. Təsadüfi situasiyada, daha çox gizli halda ortaya çıxsa da, təsadüfən ortaya çıxmır. Onun burda baş verməsi sistemli xarakter daşıyır. Qız “bir nəfər çıxın” deyəndə sürücü onun fikrini havada tutdu ki, qızın pulu azdı, ona xırda qaytarmaq lazımdı. Və qız “bir nəfər çıxın” deyəndə dəqiq bilirdi ki, onun fikrini havada tutacaqlar, onu pərt eləməyəcəklər, deməyəcəklər ki, burda gediş min manatdı. Bu situasiyadakı mərdlik elə-belə mərdlik deyil; bu, təsadüf deyil, bu sistemdi, onun saat kimi işləyən mexanizmi, dəmir məntiqi, dəqiq ardıcıllığı var.
Gəlin, təsəvvür eləyək ki, sürücü həmin anda qıza pul qaytarmır, deyir ki, burda gediş min manatdı, verdiyin pul da elə bir nəfərin gediş haqqı eləyir. Bax, bu variant mərdlik sisteminin əleyhinədi, burda artıq sistem pozulur, burda daha sistem yoxdu, xaos var.
Mərdlik sistemləri bizim mərd xüsusiyyətimizi ictimai formaya salıb cəmiyyətimizdə mənəvi-psixoloji harmoniya, nizam-intizam, səliqə-sahman yaradan amillərdən biridi. Bu sistemlər hüceyrələr kimi həyatı qorumaqla məşğuldu. Görünür, hüceyrələr kimi onların da sayı ona görə çoxdu ki, həyat mürəkkəbdi və onu qorumaqdan ötrü məqsədi bir olan çoxlu sistemlər lazımdı.

   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)