18:09 | 13 fevral 2013 | Çərşənbə
Məqaləyə 3300 dəfə baxılıb
Şriftin ölçüsü
«Tanrının öyüdü»
Mənim Vətənimdə hər kəsin mənim xalqımın əleyhinə yazmaq azadlığı olmalıdı. Hər kəsin! Mənim Vətənimdə hər kəsin mənim xalqımın xeyrinə yazmaq azadlığı olmalıdı. Hər kəsin!
Mənim Vətənimdə hər kəsin mənim xalqımın əleyhinə yazanların əleyhinə yazmaq, hər kəsin mənim xalqımın əleyhinə yazanların xeyrinə yazmaq azadlığı olmalıdı. Hər kəsin!Mənim Vətənimdə hər kəsin mənim xalqımın xeyrinə yazanların xeyrinə yazmaq, hər kəsin mənim xalqımın xeyrinə yazanların əleyhinə yazmaq azadlığı olmalıdı. Hər kəsin!
Mənim Vətənimdə hər kəsin Tanrıya inanmaq azadlığı olmalıdı. Hər kəsin!
Mənim Vətənimdə hər kəsin Tanrıya inanmamaq azadlığı olmalıdı. Hər kəsin!
Mənim Vətənimdə hər kişinin başına papaq qoymaq, hər xanımın başını örtmək azadlığı olmalıdı. Hər kişinin, hər xanımın!
Mənim Vətənimdə hər kişinin, hər xanımın başıaçıq olmaq azadlığı olmalıdı. Hər kişinin, hər xanımın!
Mənim Vətənimdə hər evin, hər binanın, hər idarənin qabağında aksiya keçirmək azadlığı olmalıdı. Hər evin, hər binanın, hər idarənin qabağında!
Mənim Vətənimdə hər evin, hər binanın, hər idarənin içində rahat oturmaq azadlığı olmalıdı. Hər evin, hər binanın, hər idarənin içində!
Mənim Vətənimdə hər oxucunun öz kitabxanasından istədiyi kitabı götürüb yandırmaq azadlığı olmalıdı. Hər oxucunun öz kitabxanasından istədiyi kitabı!
Mənim Vətənimdə hər oxucunun öz kitabxanasında istədiyi kitabı saxlamaq azadlığı olmalıdı. Hər oxucunun öz kitabxanasında istədiyi kitabı!
Mənim Vətənimdə heç bir oxucunun dövlət kitabxanasından heç bir kitabı götürüb yandırmaq azadlığı olmamalıdı. Heç bir dövlət kitabxanasından heç bir kitabı!
Mənim Vətənimdə hər bir dövlət kitabxanasında hər bir kitab göz bəbəyi kimi qorunmalıdı. Hər dövlət kitabxanasında hər kitab!
Mənim Vətənimdə hər kəsin istədiyi dinə tapınmaq azadlığı olmalıdı. Hər kəsin istədiyi dinə!
Mənim Vətənimdə hər kəsin istədiyi dindən çıxmaq azadlığı olmalıdı! Hər kəsin istədiyi dindən!
Mənim Vətənimdə heç kimin heç kimi heç bir dinə zorla gətirmək azadlığı olmamalıdı. Heç kimin heç kimi heç bir dinə zorla gətirmək azadlığı olmamalıdı!
Mənim Vətənimdə heç kimin heç kimi heç bir dindən zorla çıxartmaq azadlığı olmamalıdı! Heç kimin heç kimi heç bir dindən zorla çıxartmaq azadlığı olmamalıdı!
Mənim Vətənimdə haqq olmalıdı, ədalət olmalıdı. Mənim Vətənimdə azadlıq olmalıdı. Mənim Vətənimdə zorakılıq olmamalıdı.
Mənim Vətənim belə olmalıdı!
Tanrı ona görə mənə Vətəni seçmək azadlığı verməyib ki, sevib-seçdiyi bütün azadlıqları mənə Vətəndə verib.
Tanrı bütün azadlıqları mənə Vətəndə verdiyinə görə mənə Vətəni seçmək azadlığı verməyə ehtiyac duymayıb.
Azərbaycandan qıraqda bircə santimetrlik Azərbaycan yaradın, deyim ki, sizin Azərbaycanı istədiyiniz günə salmaq haqqınız var.
Azərbaycandan qıraqda Azərbaycan yarada bilməzsiniz, ona görə Azərbaycanı istədiyiniz günə salmaq haqqınız yoxdu!
Hər kəs bilməlidi – nəyə haqqı çatır, nəyə haqqı yoxdu.
Mən bu yazını Tanrının insana verdiyi haqqı xatırlatmaq üçün yazdım. Tanrının insana vermədiyi haqqı da xatırlatdım.
Tanrı öz peyğəmbərinə deyir: Öyüd-nəsihət ver. Sən ancaq öyüd-nəsihət verənsən! Sən onların üzərində hakim deyilsən!
Öyüd-nəsihət verin, insanlar! Yanlış yazanlara öyüd-nəsihət verin. Siz onların üzərində hakim deyilsiniz.
Mən də öyüd-nəsihət verirəm. Mən hakim deyiləm.