vaxtlı-vaxtında oxuyun! Bazar, 22 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
PROBLEM  
15:52 | 7 noyabr 2014 | Cümə Məqaləyə 1540 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Evləndirin, ağıllanacaq...»

Ağıldan əlilə kim yiyə dursun?

Qızılgül ABDİNOVA, «Aydın yol» qəzeti

Bir müddət irəli televiziya verilişlərinin birində belə bir hadisə diqqətimi çəkdi: dörd uşaq anası olan gənc qadın çıxılmaz vəziyyətdə olduğunu deyir, kömək istəyirdi. Studiyada olanlar isə ona yol göstərə bilmir, əksinə, qadını hey danlayır, ittiham edirdilər.

Vəziyyət beləydi: bir neçə il əvvəl onu özündən yaşca böyük bir kişiyə ərə vermişdilər. Kişidən iki uşaq doğmuşdu. Amma günlərin bir günü əri onu qoyub Rusiyaya getmişdi, səbəb kimi də gəlinin ona dəfələrlə xəyanət elədiyini göstərmişdi. Bundan sonra qadın təsadüfən tanış olduğu adamlardan daha iki uşaq dünyaya gətirmişdi. Studiyaya gələndə qucağındakı körpənin yaşı tamam deyildi. Valideynləri nə ona, nə də o dörd uşağa yiyə çıxa bilirdi. Ortada taleyin ümidinə buraxılmış atasız, alimentsiz dörd körpə vardı...

Adamlar problemin kökünü axtarır, qadını əxlaqsızlıqda, məsuliyyətsizlikdə, onun valideynlərini, uşaqların atasını isə daşürəkli olmaqda qınayırdılar. 

Faciənin kökündə isə sadə bir səbəb dururdu: qadın əlil idi – ağıldan əlil...

...Bu gün Azərbaycanda əqli qüsurlu insanların evlənməsi, daha doğrusu, evləndirilməsi ortaya böyük problemlər çıxarır. Azərbaycan qanunları bu cür insanların nikaha girməsini qadağan edir. Amma insanların ya bu qanundan xəbəri yoxdur, ya da ona məhəl qoymurlar. Hələ ağsaqqallarımızın belə vəziyyətdə «köməyə gələn» deyim-məsləhəti də var: «Evləndirin, ağıllanacaq...»

Bəs bu cür evliliklərə qanun necə baxır? Məsələyə tibbi, hüquqi və dini baxış necədir? Cavab üçün mütəxəssislərə üz tutduq.

Tibb elmləri doktoru Adil Qeybulla əqli qüsurlu insanların nəsil artırmasının millətin genetik fonduna mənfi təsir göstərməsindən narahatdır: «Məsələ burasındadır ki, dünyaya gələsi uşaq ata-anasında olan ən yaxşı genlərə meyllənir. Onlardan biri xəstə olanda isə uşağın seçim imkanı daralır. İnsanda normal halda 25 minə yaxın unikal gen var. Bu genlərdən hər birinin müxtəlif təsirlərdən mutasiyaya uğraması növbəti nəsilə problem törədə bilər. Bir də var tamamilə mutasiyaya uğramış, formasını dəyişmiş gen. Burada, əlbəttə, sağlam uşaqdan söhbət gedə bilməz».

Adil həkim ağıl zəifliyinin formalarını bu cür sıralayır: debillik, imbesillik və idiotizm: «Bunların arasında debil doğulmuş uşaqlar çoxluq təşkil edir. Onlar sosial həyatda özlərinə yer tapa bilirlər, amma millətin ümumi intellektual indeksinə neqativ təsir göstərirlər. Millətin gələcəyi, genetik fondun təmizlənməsi üçün bu məsələlərə ciddi yanaşmalıyıq. Dünya alimləri bu qənaətə gəliblər ki, nəslin cavanlaşması üçün yeni genlər lazımdır. Buna görə də indi nəinki yaxın qohumların, eyni nəsildən olan insanların belə ailə qurmalarına qarşı kampaniya aparılır».

Mütəxəssis çıxış yolu kimi ölkəmizdə genetik sağlamlığa nəzarət eləyəsi xüsusi bir qurum yaratmağı təklif edir: «Gördüyünüz kimi, təkcə inzibati yolla, qanunlarla, ya təbliğatla bunun qarşısını almaq mümkün deyil».

İlahiyyatçı alim, fəlsəfə doktoru Elşən Mustafaoğlu şəriətin bu məsələyə baxışını belə açıqlayır: «Əsas şərt budur ki, ailə quran tərəflər nikah bağlanan zaman ailə qurduqlarını əqlən dərk eləsinlər. Nikah əqdi oxunanda dilləriylə dediklərini şüurla da anlasınlar. Belə bir şəriət hökmü də var ki, əgər tərəflərdən biri ailə quranda öz əqli çatışmazlığını gizlədibsə, qarşı tərəf bundan xəbər tutandan sonra boşana bilər».

Psixoloq Təhminə Çələbi problemin kökünün valideynlərdə olduğunu düşünür: «Azərbaycan ailələrində uşaqların psixoloji durumunu diqqətdə saxlamaq ənənəsi yoxdur. Valideynlər övladlarında aqressiya, ya özünə qapanma kimi qəribə hallar görəndə bunun əqli qüsurla əlaqəli olduğunu etiraf etmək istəmirlər. Deyirlər bir az əsəbidir, xasiyyəti ağırdır. Halbuki vaxtında mütəxəssis nəzarətinə götürülsələr, onlar müalicə oluna bilərlər. Ən azı patologiyanı azaltmaq olar».

Təhminə Çələbi əqli qüsurlu gənclərin evləndirilməsini zərərli sayır: «Bəzən valideyn düşünür ki, əqli qüsurlu övladını evləndirsə, uşaq ağıllanacaq, sakitləşəcək. Çoxları evliliyə dərman kimi baxır, hətta övladlarının aqressiyasını psixi problem kimi qəbul eləmirlər, deyirlər uşaq evlənmək istəyir, ona görə aqressivdir. Ailə qurandan sonra isə patologiya daha kəskin formada üzə çıxır. Son illər baş verən bir çox məişət cinayətinin kökündə elə bu problem dayanır. Bizə üz tutan qadınların çoxu ərinin aqressiyasından əziyyət çəkir. Araşdırma aparanda məlum olur ki, ərin psixoloji problemləri var».

Hüquqşünas İradə Cavadova əqli qüsurlu şəxslərin daha çox vətəndaş nikahına girdiyini deyir: «Çünki qanun onların rəsmi nikaha girməsini yasaqlayır. Bununla belə, bu cür şəxslərin rəsmi nikah bağlamasının qarşısını alacaq prosedur yoxdur. Azərbaycan qanunlarına görə, evlənən şəxslər tibbi müayinədən keçə bilərlər, ancaq bu, məcburi deyil. Yaxşı olardı ki, nikaha girən vətəndaşların tibbi müayinədən keçməsi üçün məcburi qayda qoyulaydı, ya da psixoloji dispanserdə qeydiyyatda olmadıqları haqda onlardan arayış istənəydi. Bu tədbirlər problemi kökündən həll eləyə bilməz, ancaq çətinlikləri bir xeyli azaldar».