vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
17:38 | 8 aprel 2016 | Cümə Məqaləyə 2282 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Həmsədrlərə heç vaxt inanmamışam»

Vahid Əhmədov: «Gördülər ki, Azərbaycan ordusu güclüdür, tez əl-ayağa düşdülər...»

Fatimə KƏRİMLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanla Ermənistanın təmas xəttində bir neçə gün əvvəl gedən döyüşlər ölkə əhalisini səfərbər edib. Vətəndaşlar Azərbaycan ordusuna dəstək nümayiş etdirir və ölkənin hər kəsimindən olan insanlar düşünür ki, dayanmaq olmaz, torpaqlar azad edilməlidir. Ancaq bir neçə gün davam edən döyüşlərdən sonra atəşkəs elan olundu və sülh danışıqları üçün ATƏT-in Minsk qrupu həmsədrləri regiona səfər etdi.

Buna baxmayaraq ölkədə müharibə əhval-ruhiyyəsi, cəmiyyətdə torpaqlarımızı işğalda azad etmək üçün qətiyyət yüksək olaraq qalır. İndi cəmiyyətdə zəif də olsa belə ümidlər yaranıb ki, nəhayət son baş verənlərdən sonra dünya gücləri, vasitəçi dövlətlər bu münaqişənin həlli üçün Ermənistana təzyiq göstərəcəklər. Onu danışıqlarda konstruktiv davranmağa məcbur edib qısa müddətdə sülh razılaşmasının əldə edilməsinə nail olacaqlar.

Bu mövzu barədə milli məclisin nüfuzlu üzvlərindən olan keçmiş baş nazir Vahid Əhmədovun da fikirlərini öyrənməyə çalışdıq. Millət vəkili hesab edir ki, həmsədrlərin Dağlıq Qarabağ problemi ilə bağlı nəhayət qət mövqe ortaya qoyub Ermənistana təzyiq göstərəcəyinə o qədər də inanmır.

Sitat: «Həmsədrlər nə vaxt konstruktiv mövqe tutublar ki, indi də tutsunlar? 22 ildir atəşkəs rejimidir , amma hələ ortada heç nə yoxdur. İndi gördülər ki, Azərbaycanın ordusu möhkəmlənib, dövlət başçısı orduya diqqət yetirir və siyasi iradə ortaya qoyulub, ona görə də narahatdırlar ki, torpaqlar azad oluna bilər. İndi əl-ayağa düşüblər, o cümlədən Rusiyanın bütün rəhbərliyi Bakıya gəlib gedir ki, atəşkəs elan olunsun. Əhali isə başqa ruhdadır, istəyir ki, torpaqlar azad edilsin və bu işdə də cənab prezidentin arxasındadır, ona görə də torpaqlar gec-təz azad olunmalıdır.  ATƏT-in Minsk Qrupunun həmsədrlərinə isə heç vaxt inanmamışam».

V.Əhmadovun fikrincə, müharibənin yenidən hər an başlama ehtimalı var, çünki torpaqlar azad edilməlidir:

«Prezident həmsədr dövlətlərin müraciətlərini, başqa çağırışları, xahişləri nəzərə alıb hərbi əməliyyatları dayandırmağa razılaşdı.  Amma bu, uzun müddət davam edə bilməz. Əhali tamamilə başqa əhval-ruhiyyədədir. Bu atəşkəsdən sonra 3 dövlət – Fransa, Rusiya, Amerika toplanıb sülh müqaviləsinin imzalanmasına nail olsalar, bu başqa məsələ. Əks halda gec, ya tez,  torpaqlar müharibə yolu ilə azad olunacaq».

Millət vəkili onu da vurğulayıb ki, indiki vəziyyətdə hər kəs cəbhədə həlak olanların ailələrinə dəstək vermək, yaralılara baş çəkmək, cəbhə bölgəsində yaşayan əhalini dəstəkləmək üçün nə mümkündürsə, etməlidir.

«Mən ötən gün Qubaya getmişdim, bizim zonadan olan yaralı əsgərlərə baş çəkdim. Bu, hamımızın borcudur ki, nə mümkündürsə edək. Azərbaycanda vəzifəsindən asılı olmayaraq bir nəfər adam tapılmaz ki, ordumuzun irəliləməsinə sevinməsin, həlak olanlara görə üzülməsin. Hamımız bir yerdə bu məsələni elə həll etməliyik ki, yaralımız, itkimiz az olsun, amma torpaqlarımız da azad olunsun» - Vahid Əhmədov deyib.