14:00 | 27 dekabr 2012 | Cümə axşamı
Məqaləyə 1817 dəfə baxılıb
Şriftin ölçüsü
«Mən sehrbaz deyiləm...»
Əbülfəs Qarayev: «3 ulduzlu otellərin inşasına başlanılacaq»
«Mən sehrbaz deyiləm. Bir gecəyə əmr verib deyə bilmərəm ki, otellərin qiymətləri ucuzlaşsın». Lent.az-n məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib.
Nazir qeyd edib ki, qiymətləri bazar özü nizamlamalıdır. «Amma mütləq deməliyəm ki, ötən illərə nisbətən son iki ildə Azərbaycanda otellərdə qiymət təxminən 15-20 faiz aşağı düşüb. Qiymətlərin formalaşmasına isə dövlətin imkan verdiyi çərçivədə biz nəzarət edirik».Əbülfəs Qarayev onu da bildirib ki, gələn il daha iki yeni teatr binası təhvil veriləcək: «Dövlət proqramına uyğun olaraq proses gedir. Bilirsiniz ki, teatrların əksəriyyəti yenidən qurulub. Yeni ildə daha iki teatr binasının təhvil verilməsi gözlənilir».
«2013-cü ilin əvvəllərində Azərbaycanda beynəlxalq standartlara uyğun və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən təsdiq olunan otellərin yeni ulduzlaşma qaydaları tətbiq olunacaq».
Lent.az-ın məlumatına görə, bu barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, bu qaydalar olduqca sərt olacaq: «Bu zamanın tələbidir. Biz istəyirik ki, otellərimiz dünya standartlarına uyğun olsun».
Nazir bildirib ki, 2015-ci il Azərbaycanda keçiriləcək Avropa Olimpiya Oyunları ilə bağlı yeni işlər görüləcək: «Hal-hazırda bununla dövlət proqramı təsdiq olunmaqdadır. Orada turizm institutunun inkişafı və formalaşdırılması önəmlidir. Bildiyiniz kimi bu yaxınlarda Şahdağ yay-qış turizm obyektinin bir hissəsi açdıq. 2015-ci iləcən tam istifadəyə veriləcək. Azərbaycana gələn qonaqlar, idmançılar üçün maraqlı olacaq. Amma prezidentin tapşırığı ilə Bakıya daha ciddi diqqət yetirməliyik. Gələn ildən Bakıda 3 ulduzlu otellərin inşasına başlayacağıq. Bizim yüksək ulduzlu otellərimiz çoxdur və onlar işlərinin öhdəsindən yaxşı gəlirlər. İndi daha aşağı kateqoriyaların inşasına başlamalıyıq».