Prezident açılışa hərbi formada gəldi
İlham Əliyev: «Azərbaycan xalçası dünya bazarlarına çıxacaq»
MÖVZU İLƏ ƏLAQƏLİ
«Mən çox şadam ki, artıq «Azərxalça» fəaliyyətə başlayır. Bilirsiniz ki, bir müddət bundan əvvəl mənim Sərəncamımla «Azərxalça» şirkəti yaradılıb. Bu qurumun əsas vəzifəsi Azərbaycanda xalçaçılığı inkişaf etdirmək, bizim tarixi mirasımızı qorumaq və eyni zamanda, ölkəmizdə güclü xalçaçılıq sənayesi yaratmaqdır. Bu məqsədlə bir çox rayonlarda, o cümlədən Füzuli rayonunda «Azərxalça»nın xətti ilə belə gözəl müəssisələr yaradılıb və yaradılır». Bunu Azərbaycan Prezidenti İlham Əliyev Füzuli rayonunda «Azərxalça» ASC-nin ilk filialının - xalça kombinatının açılışında bildirib.
Azərbaycan Prezidenti qeyd edib ki, xalçaçılıq sənətini qadınlar yaşadırlar: «Bu müəssisələrin yaradılması, fəaliyyətə başlaması qadınlar üçün iş yerlərinin açılması deməkdir. Bu da çox vacibdir. Çünki qadınlar üçün iş yerləri açmaq o qədər də asan məsələ deyil. Ancaq bu gün siz burada işləyirsiniz, yaxşı maaş alırsınız, həm ailə büdcəsinə bunun böyük töhfəsi olur, eyni zamanda, qədim sənətimiz yaşayır, yaşayacaq, gənc nəslə də siz öz təcrübənizi ötürəcəksiniz. Bununla bərabər, Azərbaycanın çox gözəl ixrac məhsulu olan xalça artıq dünya bazarlarına çıxacaq. Bu, həm ölkəmizin təbliğatına xidmət edəcək, həm də bütün dünya görəcək ki, xalqımız nə qədər istedadlı xalqdır. Digər tərəfdən, bu, ölkəmizə pul gətirəcək. Beləliklə, ölkə iqtisadiyyatı çoxşaxəli surətdə inkişaf edəcək».
Dövlət başçısı qeyd edib ki, Azərbaycan bu qədim sənəti yaşadır: «İndi biz haqlı olaraq hesab edirik ki, xalçaçılıq sənətinin vətəni Azərbaycandır. Bunu deməyə kifayət qədər əsaslar var. Digər tərəfdən bu, ənənəvi sənət növüdür. Nadir xalçalarımız var. Ona görə də bunu yaşatmalıyıq. Gənc nəsil də bu işlərə çox maraq göstərir. Bir daha qeyd etmək istəyirəm ki, həm dünyada Azərbaycanı geniş şəkildə təbliğ edəcəyik, həm də bu, böyük ixrac məhsuludur. Ona görə də bütün bu məsələləri həll etmək üçün «Azərxalça» yaradılıb və ilk müəssisə bu gün artıq fəaliyyətə başlayır».