vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
QƏZA, FACİƏ  
18:52 | 17 noyabr 2016 | Cümə axşamı Məqaləyə 3395 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bakıda bina 18 metr sürüşdü

Sakinlər küçədə gecələyir

Ülviyyə XUDİYEVA,
Foto: Samirə HƏSƏNOVA

MÖVZU İLƏ ƏLAQƏLİ

«Qəfildən bina silkələndi, elə bildik ki, zəlzələ oldu. Hamı uşaqları götürüb həyətə qaçdı. Baxdıq ki, binanın arxası uçub. İndi 3 gündür küçədə gecələyirik. Növbəti sürüşmədə bina tamamilə yerlə-yeksan olacaq». Bunu Gülbəniz Məmmədova deyir.

...Noyabrın 14-də gecə saatlarında Xətai rayonu, Gəncə prospekti, 20A ünvanındakı qəzalı binada uçqun olub. Elə həmin gecə sakinlər metronun «Əhmədli» stansiyasına gedən yolu bağlamaqla etiraz aksiyası keçiriblər. Xətai Rayon İcra Hakimiyyətinin nümayəndələri sakinlərlə görüşüb, problemin həlli üçün çalışacaqlarını deyiblər.

Virtualaz.org saytının əməkdaşları həmin binaya baş çəkib, gözdən uzaq, könüldən iraq düşmüş ailələrinin dəhşətli durumu ilə tanış olub.

Son 4-5 ildə bina 18 metr sürüşüb. Birinci mərtəbədən sonuncu mərtəbəyə qədər çatlar yaranıb, hətta çatlar o qədər dərindir ki, bir qonşu digərinin evini görə bilir. Hazırda bu binada 105-i qaçqın ailəsi olmaqla 150-ə yaxın ailə yaşayır.

Birinci mərtəbədə yaşayan hər ailənin təxminən 15 kvadrat metrlik bir otağı var. Taxta qapısı, pəncərəsi olan bu otaqların sakinləri yuxarı mərtəbələrdə və binanın damında yaşayanlardan daha şanslıdır. Baxmayaraq ki, bu mərtəbədə nə hamam var, nə də ayaqyolu.

«12-ci mərtəbə ucalandan sonra binada qaçqınlar məskunlaşıblar. Sürüşmə nəticəsində sonuncu 3 mərtəbə uçub, beton dirəklər binanın arxasına tökülüb. İndi yalnız 9 mərtəbəsində yaşayış var», - Arif Əliyev adlı sakin deyir.

Uçulub-dağılmış 10-cu mərtəbədə künclərdə qapısız-pəncərəsiz «ev» qurublar. Axşamlar pərdə qapıları aralayıb yatır, səhər pərdə qapıları örtüb geyinirlər. Taxtadan tikilmiş ayaqyolunun də qapısı pərdədəndir.

Fizuli rayonundan olan məcburi köçkün Namiq Əliyevin də 4 nəfərlik ailəsi beton dirəklərin əhatəsində taxtadan tikilmiş balaca evdə yaşayır. Ən dəhşətlisi isə odur ki, damın ətrafı hasarlanmayıb, böyüklərlə bərabər, uşaqların da həyatı təhlükədədir. «Qorxumuzdan gecələr rahat yata bilmirik. Hamı bir can borcludur, amma uşaqlara hər an nə isə ola biləcəyini düşünə-düşünə yaşamaq ölümdən də betərdir», - sakinlərdən biri deyir.

Binanın kanalizasiya sistemi yoxdur, çirkab birbaşa zirzəmiyə axır. Buna görə də, üfunət yola qədər yayılıb. Nəmişlikdən 8-ci mərtəbəni ot basıb. Ağdamdan olan məcburi köçkün Səmayə xala deyir ki, siçovulların əlindən evə ərzaq ala bilmirlər. «Bir də görürsən ki, masanın üstündəki çörəyi didir. Uşaqlar qorxudan xəstəlik tapıblar. Suyu, işığı özümüz çəkdirmişik, amma kanalizasiya sistemi çəkdirmək mümkün deyil».

Binanın hər an uça biləcəyindən qorxanlar elə həyətdəcə kərpicdən, taxtadan, dəmirdən «ev» tikib gecələyirlər. Məsələn, Laçın rayonundan qaçqın düşmüş Hümbətovlar yarı dəmirdən, yarı kərpicdən tikilmiş iki otaqda yaşayırlar. «Uşaqlar kömək etdilər, kərpicdən bu balaca otağı tikdik, böyür-başına şifer, dəmir vurmuşuq. Amma ayağımızın altındakı torpaqdır, üstünə əvvəlcə taxtaları düzmüşük, sonra da adyal, kilim sərmişik. Başqa əlac yoxdur», - ailənin gəlini yaşadığı şəraiti göstərir.

Sakinlər deyirlər ki, hər bir ailəyə 45 min manatdan kompensasiya veriləcəyi vəd olunub, amma sonradan vədə əməl etməyiblər: «Demək olar ki, hər gün Nazirlər Kabinetinin, «Qaçqınkom»un qarşısına toplaşırıq. Artıq bizi dinləyib, dərdimizə qulaq asan da yoxdur. Hər dəfə bir bəhanə ilə yola salırlar. Gərək bina başımıza uçsun, sonra tədbir görsünlər».

Ümidləri hər yerdən üzülmüş qaçqınlar yağışın yağmaması üçün hər gün dua edirlər. Təkcə ona görə yox ki, yağış birbaşa başlarına yağır, kanalizasiya daha da dolub-daşır, hörümçək toruna bənzər işıq xətləri yüklənməyə tab gətirmir. Həm də ona görə ki, hər yağan yağış sürüşməni bir az daha aktivləşdirir.