vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 29 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
AVROPA  
14:34 | 8 dekabr 2016 | Cümə axşamı Məqaləyə 590 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Ərəb baharı» Avropaya gəlir

Qitədəki zəlzələnin ilk təkanı «Brexit» oldu

Pyotr OREXİN
(vz.ru)

MÖVZU İLƏ ƏLAQƏLİ

Seçki və referendumlar inkişaf etmiş demokratiyalarda mühafizəkar prosesdən qeyri-sabitlik amilinə dönür. Ekspertlər qeyd edirlər ki, avrozonanın açar ölkələrində ənənəvi köhnə partiyaların deyil, «millətçi», «populist» və «Putinin dostları» adlandırmaq qəbul edilən simaların hakimiyyətə gəlişi, həmçinin avrozona və yaxud AB-nin dağılması yeni qlobal tənəzzülə səbəb ola bilər. Ərəb dünyasında hökumətlərin devrilməsinə Qərbdə «ərəb baharı» deyilirdisə, Köhnə Dünyada hakim elitalarn əvəzlənməsi az adamı sevindirir, lakin o, sanki xalis şəkildə demokratiya idi.

Bununla belə, mühacir böhranı, «Brexit» (rəsmi çıxış proseduru növbəti ildə başlanmalıdır) və ABŞ-da Donald Trampın qələbəsi (2017-ci ilin yanvarında vəzifəsini tutacaq) bədbin iqtisadi proqnozlar üçün əsas verərək artım tempi və Çin iqtisadiyyatında kreditləşməni ikinci plana keçirib. ABŞ-da məşhur iqtisadçılar qrupu seçkilərdən əvvəl açıq məktub yazaraq qeyd edib ki, Trampın iqtisadi layihəsinin gerçəkləşməsi fəlakətə gətirəcək.

«Bloomberg» xəbər verir ki, «Oxford Economics» analitik mərkəzinin müştəri tələbatı ilə keçirdiyi sorğunun məlumatına əsasən, Donald Tramp bu günlərdə «dünya iqtisadiyyatı üçün ən böyük təhlükə» hesab olunub. Sorğuda iştirak edənlərin yarıdan çoxu qeyd edib ki, kəskin iqtisadi tənəzzül ehtimalı son üç ayda xeyli yüksəlib.

«Oxford Economics»in makrossenari departamentinin rəhbəri Ceymi Tompson hesab edir ki, «Siyasi və iqtisadi durumda qeyri-adi şəkildə yüksələn inamsızlıq üzündən hazırda dünya iqtisadiyyatı üçün əsas təhlükə, şübhəsiz, ABŞ siyasi kursudur».

Məsələ Tramp və «Brexit»lə bitmir. Sabitliyə təhlükə ancaq güclənir və bir az da keçsə, «Avropa baharı»ndan lap vaxtında danışmaq mümkün olacaq.

«Böyük Britaniyanın AB-dən çıxması və mühacir böhranı Avropa əməkdaşlığının möhkəmliyini sınayır, bununla bərabər, bölgənin şərq hissəsi neft qiymətlərinin enməsinə hələ axıra kimi uyğunlaşmayıb, – Ümumdünya Bankının Avropa və Mərkəzi Asiya (AMA) üzrə bölgə idarəsinin baş iqtisadçısı Hans Timmer bildirir. – Bütün bölgədə inkişafın yeni qaynaqlarının olmaması və mövcud institutlara inamsızlıq şəraitində populizm və siyasi qütbləşmə güclənir». 

«Populistlərin populyarlığı» boş yerdən cücərmir. Qeyri-bərabərlik hətta inkişaf etmiş ölkələrdə də çoxalır, orta təbəqə kasıblaşır, iş getdikcə  azalır. Ümumdünya Bankının noyabrda keçirdiyi sorğunun məruzəsindən gətirilən məlumatlar bildirir ki, iqtisadi şəraitin dəyişməsi ilə əhalinin təşvişi və xüsusən də məşğulluq zəmanətsizliyi AMA ölkələrində siyasi meydanın qütbləşməsini fəallaşdırır. Ümumdünya Bankının məlumatında qeyd olunur: «Müvəqqəti və natamam məşğulluğun sürətli artımı və rəqəmsal texnologiyaların inkişaf təsiri altında əmək bazarında strukturun dəyişilməsi bölgədə adamların əndişəsini ağırlaşdırır ki, bu da əhalinin sağ partiyalara dəstəyinin daha radikal qüvvələrə keçməyi ilə müşahidə olunur».

İtaliyada baş nazir Matteo Renzinin konstitusiyanı dəyişərək mühüm qərarların qəbul edilməsində icra hakimiyyətini daha çevik etmək cəhdi iflasa uğrayıb. 4 dekabr referendumunda italiyalıların 60 faizdən çoxu Renzi planına qarşı səs verib, o, bundan sonra, çox güman ki, ölkə büdcəsinin qəbulundan sonra baş tutacaq istefasını elan edib. Qərb analitikləri hesab edirlər ki, referendumun iflasından hamıdan daha çox Avropa şəkkakları udacaq və onlar İtaliyanın AB-dən çıxmasına səbəb ola bilərlər.

«Sberbank CIB»in analitikləri qeyd edirlər: «İtaliyada konstitusiya islahatının əleyhdarları bütün dünyada populistlərin mövqeyinin möhkəmləndiyinə daha bir sübutdur. Növbəti ildə Fransadakı seçkilər bunun fonunda diqqəti xüsusən cəlb edəcək».

Fransa, Hollandiya və Almaniyada seçkilər növbəti ilin yaz və payızında keçəcək. Beşinci Respublikanın başçısı vəzifəsinə əsas iddiaçılar «Putinin dostları» – sağçı Fransua Fiyon və millətçi Mari Le Pen sayılır.  Fəaliyyətdə olan sosialist prezident Fransua Olland deyil, bu günlərdə baş nazir postundan getmiş partiyadaşı Manuel Vals onlara rəqabət təşkil etməyə səy edir.

Hollandiyada parlament seçkilərində qələbəyə ifrat sağçı Azadlıq Partiyası iddia edir, lideri Hert Vilders isə nazirlər kabinetinin başçısı ola bilər.

Angela Merkelin Almaniyada növbəti ildə seçkilərdə uduzmaq ehtimalı azdır, lakin cari mühacir siyasətini fəal şəkildə tənqid edən müxalif «Almaniya üçün alternativ» partiyasının parlamentdə güclü fraksiya təşkil etmək şansı var.

Müasir Böhran İnstitutunun müşaviri Nikita Maslennikov hesab edir ki, dünyada struktur böhranı əlamətləri var: «Tramp tam gözlənilməz bir siyasətlə, Çin 300 faiz əndazəsiz ümumi borcla və «Brexit» ətrafındakı bütün durum, avrozonada seçkilər – bu amillərdən istənilən biri növbəti ilin ikinci yarısında qlobal tənəzzülə səbəb ola bilər».

Dünya iqtisadiyyatının, ABŞ və AB iqtisdiyyatlarının artım proqniozları bu «qara qu quşları»nı nəzərə ala bilmir və buna görə də hələlik yetərincə nikbindir. Məsələn, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) avrozonanın 2016-cı ilə ÜDM-in gerçək artımını 1,5 faizdən 1,7 faizə və 2017-ci ilə 1,4 faizdən 1,6 faizədək yüksəldib.

Eyni zamanda 2 faizdən aşağı artımı çətin ki yaxşı nailiyyət saymaq olar. İƏİT ekspertlərinin fikrincə, Köhnə Dünyada əsas problemlər həll edilməmiş qalacaq – bu, yüksək işsizlik və maaşların zəif artımı üzündən aşağı istehlakçı tələbatı, bank sektorunun zəifliyi, investisiya artımının aşağı tempidir.

Bura dünya ticarətindəki durğunluqla bağlı bir qism ölkələrdəki ixracat  problemini də əlavə etmək mümkündür. Avro kursunun düşməsi Avropa ixracatçılarına kömək edə bilər – "Bloomberg"in sorğuladığı analitiklərin bir hissəsi güman edir ki, avro və dollar növbəti ildə tənləşəcək. Lakin əslində bu yeni tarazlığın iqtisadiyyata necə təsir edəcəyini cari durumda öncədən söyləmək çox çətindir. Əlbəttə, küy-kələk proqnozlar böyük ehtimal payı ilə kağız üstündə də qalacaq (və bu yaxşıdır).

Ultrasağlar hələlik uduzurlar – məsələn, Avstriyada Horbert Hofer bu yaxınlarda «yaşıl» rəqibi Aleksandr van der Bellenlə ayaqlaşa bilməyib.  «Qızıl milyard» ölkələrinin iqtisadiyyatlarında dayanıqlıq və ətalət yetərincə yüksəkdir, elə investorlar da populistlərdən o qədər qorxmurlar.

Donlad Tramın seçkilərdə qələbəsi Amerika fond indekslərini tarixi maksimuma çatdırıb. Avro kursu İtaliyadan xəbərlərlə bağlı qısa tənəzzüldən sonra sürətlə əvvəlki səviyyəyə qayıdıb.  

«Alor Broker»in analitiki Aleksey Antonov deyir: «İtaliyadakı referendumun nəticələrinə bazarın reaksiyası investorlaırn əksəriyyətini təəccübləndirib. Onun nəticələri ilə bağlı risklər güclü şəkildə şişirdilmiş çıxıb. Bank sektoru günü hərracla başladı, lakin durum sonra hiss olunacaq dərəcədə yaxşılaşdı. Avro üzrə bu ilki minimumdan korreksiyası dünyada durumun sabitlşməsində nikbinlik doğurur».

Lakin hesab etməyinə dəyməz ki, hər şey öz-özünə formalaşacaq. Dünya siyasi və iqtisadi sistemi dərin transformasiya dövründədir və heç kim bilmir ki, «çıxış»da nə alınacaq və bu yeni dünya nə qədər ədalətli və rahat olacaq. (Strateq.az)