İctimai Maraqların Müdafiəsi Mərkəzi İctimai Birliyindən bəyanat
Mərkəz Səhiyyə sistemində mövcud olan korrupsiya və rüşvət hallarının dayandırılmasını tələb edir
MÖVZU İLƏ ƏLAQƏLİ
İctimai Maraqların Müdafiəsi Mərkəzi İctimai Birliyi Azərbaycanda səhiyyə sisteminin durumundan narahatlığını ifadə edib. Mərkəz hesab edir ki, son illər Azərbaycanda səhiyyə sisteminin vəziyyəti olduqca aşağı səviyyədədir. Xüsusilə, dövlət büdcəsindən maliyyələşən xəstəxana və poliklinikalarda durum acınacaqlıdır. Mərkəzin apardığı araşdırmalar göstərir ki, dövlət xəstəxanası və poliklinikaların da müalicə pulsuz olsa da, xəstələrdən qeyri rəsmi pul tələb olunur. Bu sistemdə yığılan qeyri rəsmi pulların miqdarının milyonlar olduğu isə şübhə yaratmır. Pulu olmayan vətəndaşlara isə faktiki olaraq diqqət ayrılmır, onların səhhətində yaranan problemlərə görə, müalicəsi aparılmır.
Mərkəz hesab edir ki, uzun illərdir mövcud olan bu durum dözülməzdir və bu vəziyyət dərhal dayandırılmalıdır. Səhiyyə sistemində rüşvət, korrupsiya ümumilikdə cəmiyyətin bütün təbəqələrinə mənfi təsir edir. Araşdırmalar göstərir ki, Azərbaycan vətəndaşları xəstəliklərini müalicə etdirmək üçün daha çox qonşu İran və Türkiyəyə üz tutur. Gürcüstana da gedənlərin sayının az olmadığı haqda informasiyalar mövcuddur. İctimai Maraqların Müdafiəsi Mərkəzi İctimai Birliyi səhiyyə sahəsində müşahidə edilən bu biabırçı duruma son verilməsini tələb edir. Vəziyyətdən çıxış yolu kimi İcbari Tibbi Sığorta sisteminə təcili keçilməsini göstərir. Bəyan edilir ki, insanların aşağı səviyyəli, rüşvət və korrupsiyanın mövcud olduğu səhiyyə xidmətindən istifadəsi həm də, xəstənin gələcək taleyi baxımından narahatçılıq yaradır.