«Oliqarxların hökmünə son qoyulmalıdır»
Nemət Orucov: «Monopolist məmurlar azad biznes mühitinə təhlükədir»
Vaxt.az
MÖVZU İLƏ ƏLAQƏLİ
2014-cü ildə Azərbaycanda Sənaye İli elan edilib. Əslində bu müsbət qərardır. Çünki ölkədə sənaye müəssisələrinin sayı azdır, yerli istehsalat faktiki yoxdur. Neft və qazı çıxmaqla xaricə brend markalı mallar sata bilmirik. Çünki bu malları istehsal edəcək müəssisələrə sahib deyilik. İqtisadiyyatın neftdən asılılığı aradan qaldırılmasa gələcəkdə ciddi problemlər yaşayacağıq».
Bunu vaxt.az-a İctimai Maraqların Müdafiəsi Mərkəzinin sədri Nemət Orucov deyib. Xatırladaq ki, 2014-cü il Azərbaycanda Sənaye İli elan edilib. Hüquq müdafiəçisinin fikrincə, ölkə iqtisadiyyatı bilavasitə neftdən asılıdır: «Hesab edirəm ki, ölkədə kənd təsərrüfatı, yüngül sənaye inkişaf etməlidir. Bunun üçün də ciddi tədbirlər görülməli, müəyyən sənaye müəssisələri olmalıdır. Fikrimcə, Azərbaycan bir çox mallar istehsal edə və bunu xaricə ixrac edə bilər. İndi beynəlxalq bazarlar uğrunda ciddi rəqabət var. Ancaq iş ondadır ki, daxildə belə məhsulların istehsalı üçün obyektiv şərait olmalıdır. Ən azı şəffaf rəqabət mühiti yaranmalıdır. Daha oliqarxlar, monopolistlər at oynatmamalı, biznes mühitini istədikləri kimi yönəltməməlidir. Əgər belə olacaqsa biz yüksək keyfiyyətli mallar istehsal edə bilmərik. Monopoliya və inhisarçılıq əsas maneədir və ona son qoyulmalıdır».
N.Orucov qeyd edib ki, sənaye istiqamətini irəliyə aparmaq üçün ilk olaraq bank sektorunu sahmana salmaq lazımdır: «Bankların çoxu oliqarxlara, məmurlara aiddir. Təsəvvür edin ki, Azərbaycanda kredit faizləri fantastik dərəcədə yüksəkdir. Elə banklar var ki, illik 26-30 faizlə kreditlər verir. Sizcə, bu halda ciddi sənaye müəssisələri qurmaq olarmı? Banklar faktiki olaraq iş adamlarını, orta sahibkarlığa qarşı səddir. 20-30 faizə kredit götürən iş adamı bilmir ki, bankın illik faizlərini ödəsin, yoxsa qurduğu biznesi irəli aparsın. Zənnimcə, banklar faiz dərəcəsini aşağı salmalıdır. Eləcədə oliqarxların bu sahədə hökmlü olmasına son qoyulmalıdır. Onlar sadəcə olaraq sahibkarları, insanları banklar vasitəsilə də soyurlar. Üstəlik monopolist kimi çıxış edərək daxildə azad biznes mühitini boğurlar. Daxildə azad biznes mühiti olmayacaqsa, deməli biz brend markalı keyfiyyətli məhsullar da istehsal edə bilməyəcəyik. Çıxış yolu kimi məmur oliqarxların monopolist mövqelərinə son vermək, banklarda kredit faizlərin 8-12 endirmək vacibdir. Hesab edirəm ki, bunu etmək mümkündür».