vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
CƏMİYYƏT  
01:35 | 24 oktyabr 2019 | Cümə axşamı Məqaləyə 7862 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Cəzasızlıq dövrü bitir

Yekəxanalıq, saymamazlıq, sərhədsiz tamah, özbaşınalıq ...

Azər QƏRİBOV

Ölkə islahatlarla hamilədir, onlar qaçılmazdır və onların ilk addımlarını biz artıq görürük. Mənim şəxsi gözləntilərim isə informasiya siyasətində dəyişikliklərlə bağlıdır.

İnsanlarla, cəmiyyətlə kommunikasiyada boşluqlar var, hökumətin PR strategiyasında boşluqlar var və baxmayaraq ki, bəzi KİV-lərdə və TV kanallarında biz artıq yeni nəfəsin gəlişini hiss edirik, hələlik mediada daxili senzura problemi də var.

Mən bunu bir neçə il əvvəl demişdim, yenə deyim. İnsanlar sabitliyi çox dəyərləndirirlər, insanlar onu yüksək qiymətləndirirlər, insanlar televizora baxırlar və dünyada baş verənləri görürlər, müqayisə edirlər sabitlik olmayan ölkələrlə. Sabitlik həqiqətən də çox önəmli sərvətimizdir.

Amma bu faktoru əbədi olaraq istismar etmək mümkün deyil. İnsanlara qıcıq verən bir sıra məsələlər var, özü də onlar geostrateji miqyaslı məsələlər deyil, siyasi məsələlər deyil. Məişət, sosial, gündəlik həyatla bağlı məsələlərdir.

Məsələn, ölkədə hökm sürən cəzasızlıqdan deyim. Heç kim heç nəyə görə məsuliyyət daşımır. Xırda misallar gətirim - illərlə Bakıda ağacların soyqırımı həyata keçirilir, kim buna görə məsuliyyətə cəlb edilib?

Düzdür, yeni parklar salınır, yeni yaşıl massivlər salınır, məqsədim bunları danmaq deyil. Amma balaca cərimələrdən başqa hansı bir ölçülər götürülür ki, birdəfəlik olaraq bu məsələ həll olunsun, hər yerindən duran tikinti baronu ağacları məhv etməsin? Hansı vəzifəli şəxs öz vəzifəsini buna görə itirib?

Yaxud, artıq lətifələr də qoşulur ki, “Azərsu” yollarımızın qənimidir. Həqiqətən də, biabırçılıqdır, bir dənə salamat yol qoymayıblar şəhərdə, hamısı yamaq-yamaq. Nə olsun?

Bizi onlara lağ edirik, onlar isə bizə lağ edirlər ki, siz danışmağınızda olun, biz qazmağımızda. Artıq nəinki “Azərsu”, hər bina ucaldan da gəlib yolu qazır və eləcə də qoyub gedir. Kimsə məsuliyətə cəlb olunub?

Yaxud, tikinti sektorunda olan biabırçılıqlar. Hansı İcra başçısı səkiləri “podobyekt" satdığına görə, həyətlərin içində qanunsuz tikintiyə görə, məhəlləarası yolların bərbadlığına görə məsuliyyətə cəlb edilib? Gəlin bir Yasamal rayonunda BDU ətraflarına nəzər salın, şəhərin mərkəzi yerlərindən biridir, baxın hansı vəziyyətdədir!

İcra başçısından razı olan neçə rayonumuz var? Yekəxanalıq, saymamazlıq, sərhədsiz tamah, özbaşınalıq və s. Mühafizəsiz gəzən, insanların içinə çıxan 3-4 icra başçısı – (Gəncənin, Qəbələnin, Səbailin, Şamaxının İcra başçıları) olar-olmaz. Gördüklərimi deyirəm, bəlkə başqaları da var, bilmirəm, amma bunlar istisna sayıla bilər. Qalanları 15-20 il otururlar vəzifələrində, artıq başçılıq etdikləri rayonlarda özlərini padşah hesab edirlər.

Digər qıcıq verın məsələ - məmur övladlarının cəmiyyətdə davranışı. Misilsiz sərvətləri gözə soxmaq, bahalı limuzinləri nümayiş etdirmək, insanlara yuxarıdan aşağı baxmaq, pul səpələmək və s. Onlar artıq hətta “biznes-klass”ı bəyənmirlər, onlar səfərləri üçün özəl təyyarə sifariş edirlər ki, sadə insanlarla təmasda olmasınlar.

Nəyə görə ata balasını qabağına oturdub tərbiyə etmir? Başa salmır, demir ki, ay bala, bu həssas məqamda mənim büdcədən oğurladığım pulu camaatın gözünə soxma, zaman o zaman deyil? Ona görə ki, özü belədir.

Mən yenə də bunu xüsusilə vurğulayıram - insanlar sadə şeylər istəyirlər. Cəmiyyətin əksəriyyəti siyasətdən uzaq olan insanlardı, onlar hər hansı partiya, yaxud siyası düşərgəyə qoşulmaq istəmirlər, heç kimi devirmək istəmirlər, onlar sadəcə özlərinə hörmət görmək istəyirlər, istəyirlər ki, məmurlar onları təqib etməsin, özbaşınalığa son qoyulsun.

Eynilə jurnalistlər, bloqerlər, ictimai fəallar öz çıxışlarının nəticələrini görmək istəyirlər. Prezident hər dəfə ictimai nəzarəti gücləndirməyi tələb edir, bizi aktiv olmağa çağırır, amma məmurlar onu eşidirlərmi?

Bir qurumu tənqid edirsən, rəhbəri dərhal poz verir ki, sən bizim uğurlarımızı görmək istəmirsən, deməli ermənisən. Bu nə düşüncədir belə?

Bir deputatı yersiz çıxışına görə tənqid etdim, gecə ilə şəhərin yarısı mənə zəng etdi ki, sənin telefonunu axtarır. Nəticədə mənə telefon açıb bəyan etdi ki, "Siz xaricə gedib-gəlirsiniz, yoxlamaq lazımdır, hansı pulla".

Cavabını verdim, sözüm onda yox, amma baxın bunlar nə qədər reallıqdan uzaq olublar ki, haram yeyən halal yeyəni hədələyir, çırkli pul qazanan təmiz pul qazananı qorxutmaq istəyir.

Rəsmi müraciət edirsən hansısa dövlət strukturuna, şikayət yazırsan, pis halda heç cavab da almırsan, yaxşı halda isə şikayətin gedir kimdən şikayət etmisən, onun masasına. Kim tətbiq edib bu qaydanı?

Nə isə, çox şey yazmaq olar, yazırıq da, başımız da ağrıyır, amma inanıram ki, bunlar nahaq deyil...


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)