vaxtlı-vaxtında oxuyun! Bazar, 24 sentyabr 2017
ABŞ dolları 1 USD = 1.7008 AZN
Avro 1 EUR = 2.0342 AZN
Rusiya rublu 1 RUB = 0.0294 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.3097 AZN
Türk lirəsi 1 TRY = 0.4864 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
MÜƏLLİF  
16:37 | 24 avqust 2011 | Çərşənbə Məqaləyə 634 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Analoqu olmayan yağış»

Etibar CƏBRAYIL

MÖVZU İLƏ ƏLAQƏLİ

Analoqu olmayan Azərbaycana avqust ayında yağış yağır. MDB məkanında daha bir ilkə də belə imza atmaqdayıq. Çünki Sovetlər Birliyi dağıldıqdan sonra müstəqillik əldə edən ölkələrin heç birində avqust ayında yağış yağmır. Hökumətimizin apardığı uğurlu siyasət və düşünülmüş iqtisadi islahatlar nəticəsində yağışın yağması bir daha sübut edir ki, biz düzgün yoldayıq.

Analoqu olmayan yağışın damlaları bənzəri olmayan yollarımıza çəkilən asfaltın üzərinə düşərək analoqu olmayan musiqi yaradır. Məhv edilən yaşıllıqların yerində ucalan göydələnlərdə yaşayanlar balkonlara çıxaraq şənlənirlər. Pensiyalarını almaq üçün saatlarla bankomatların qarşısında növbəyə dayananların üzündəki təbəssüm uzaqdan aydın görünür. Şad-xürrəm əllərini göyə tərəf qaldıran pensiyaçılar bu isti yay günlərində yağışa görə partiya və hökumətimizə minnətdarlıqlarını bildirməyə tələsirlər. 
Avqust ayı üçün analoqu olmayan yağış bələdiyyələrin satdığı torpaqlarımıza, ucsuz-bucaqsız çöllərimizə bərəkət gətirir. Xiyarımız uzanır, pomidorumuz qızarır. 
Zavod və fabriklərimizdə çalışan minlərlə fəhlə qardaşımız analoqu olmayan səhəri fərqli duyğu ilə açır. Narın yağışın altında işə tələsirlər. Lakin doğma zavod və fabrik ərazilərinin satıldığını xatırlayıb kirayə qaldıqları həyət-bacaları səliqəyə salırlar. Analoqu olmayan yağış sanki onlara yeni ruh verir. 
Təhqir olunduğuna görə komandirini güllələməyə hazırlaşan əsgər yağışı görüncə barmağını tətikdən çəkir. Tez yaxınlıqdakı dükana gedib zabitə 10 manatlıq danışıq kartı alır. Yağış damlaları dükanın damına düşdükcə ətrafa qəribə musiqi yayılır. Satıcı qız həmin musiqinin sədaları altında oynaya-oynaya əsgərin adını nisyə dəftərinə yazır. 
Yağışın yağması ən çox uşaqları sevindirir. Yay tətilinin sonu yaxınlaşdığı üçün yeni dərs ilinə hazırlaşan xoşbəxt cocuqlar analoqu olmayan təmirdən çıxan məktəblərinə süpürgə almaq üçün pul toplayır, fond pulu tədarükü görürlər. 
Müstəqil, azad, demokratik telekanallarımız yemək verilişlərini dayandırıb yağışda çimən paytaxtımızdan canlı reportajlar hazırlayır. Şəhərimizin sakinləri və qonaqlar yağışı yağdıranları dəstəkləyirlər. Reportajlardan da aydın görünür ki, Bayıl sürüşmür, yağışın altında rəqs edir, “Avroviziya” musiqi yarışmasını keçirməyə hazır olduğunu bütün cahana göstərir. 
Uğurlu daxili və xarici siyasət nəticəsində yağan yağış diaspor təşkilatlarında da bir canlanma yaradır. Baş götürüb gedən minlərlə soydaşımız Vətən xiffəti çəkməyə başlayır. 
Kaş bu gün, bu dəmdə 
Olaydım Kürdəmirdə 
sədası planetimizin hər tərəfinə səpələnir. 
Ən fəal diaspor təşkilatları təcili və fövqəladə toplantıya toplaşır. Sonda yekdilliklə bayatı qəbul edirlər: 
Əzizim Vətən yaxşı, 
Geyməyə kətan yaxşı.
Gəzməyə qərib ölkə,
Çimməyə Vətən yaxşı. 
Analoqsuz yağış nəticəsində beynəlxalq nüfuzumuz daha da artır. Nüfuzlu “Hop” beynəlxalq təşkilatı öz saytında avqustda yağan yağış haqqında material yerləşdirir. Azərbaycanı başqa dünya ölkələrinə nümunə göstərir. 
Azərbaycanda yağış yağması xəbərindən qorxuya düşən ermənilər Yerevanı tərk etməyə başlayırlar. Analoqu olmayan yağış yağan dəqiqədən 1111 erməni ölkəni tərk edir. Onlar Azərbaycanda yaşayan qohumlarına məktub yazıb sığınacaq istəyirlər. 
Analoqu olmayan Azərbaycana avqustda yağış yağır. Yağış suları redaksiyanın yerləşdiyi küçədə kanalizasiya xətlərini sıradan çıxarır. Gediş-gəlişin çətinləşdiyini görüb yazını yarımçıq saxlamaq məcburiyyətində qalıb evə tələsirəm...

   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *
 
 

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)