vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
SOSİAL  
11:50 | 2 iyun 2017 | Cümə Məqaləyə 2534 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İş təcrübən çoxdursa, sosial müdafiən də güclü olacaq

Mütəxəssislər Əmək Məcəlləsinə edilən dəyişiklikləri şərh etdilər

Günel AZADƏ, kaspi.az

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanda işçilər işdən çıxarılarkən, onlara əmək stajlarından asılı olaraq, xəbərdarlıq ediləcək. Eyni zamanda, işdənçıxarma müavinəti verilərkən də işçinin stajı nəzərə alınacaq. Bu, Əmək Məcəlləsinə yeni dəyişikliklərin edilməsini nəzərdə tutan qanun layihəsində qeyd edilib. Yeni layihəyə görə işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda işəgötürən əmək müqaviləsinin ləğvi barədə xəbərdarlıq edərkən onların əmək stajını nəzərə alacaq.

Layihəyə görə, işçinin 1 ilədək əmək stajı olduqda ona ixtisar və ştatının ləğv olunacağı barədə xəbərdarlıq müqavilə ləğv edilməzdən azı 2 həftə əvvəl, stajı 1 ildən 5 ilədək olduqda azı 4 həftə əvvəl, stajı 1 ildən 10 ilədək olduqda azı 6 həftə əvvəl, stajı 10 ildən çox olduqda azı 9 həftə əvvəl edilməlidir.

Həmçinin yeni layihəyə görə işdən çıxarma müavinətləri də ödənilərkən işçinin stajı nəzərə alınacaq. İşçinin 1 ilədək əmək stajı olduqda ona orta aylıq əmək haqqı miqdarında, 1 ildən 5 ilədək stajı olduqda orta aylıq əmək haqqının azı 1,4 misli miqdarında, 5 ildən 10 ilədək stajı olduqda 1,7 misli miqdarında, 10 ildən çox stajı olduqda azı 2 misli miqdarında müavinət ödəniləcək. İşçiyə işəgötürən tərəfindən xəbərdarlıq əvəzinə ödənişin verilməsi zamanı da staj nəzərə alınacaq.

Bu layihəyə görə, işəgötürən işçinin razılığı ilə məcəllənin 70-ci maddəsinin birinci hissəsi ilə müəyyən edilmiş azı 2 həftə xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 0,5 misli, azı 4 həftə xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 0,9 misli, azı 6 həftə xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 1,4 misli, azı 9 həftə xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 2 misli ödəniş etməklə müqaviləyə xitam verə bilər.

Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə isə işəgötürən müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqından az olmamaqla, əmək haqqını bir dəfəyə ödəməklə, əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə məcəllənin 70-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq, azaldılır.

Bundan başqa Məcəllənin 45-ci (Əmək müqaviləsinin müddəti) maddəsində edilən dəyişikliyə görə, əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanacaq. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanır. Bu dəyişikliklər işçilər üçün hansı üstünlüklər yaradacaq?

Millət vəkili Musa Quliyev bildirdi ki, işsizlik müavinəti ilə bağlı yeni qanun qəbul edilib. Ona görə də Əmək Məcəlləsində edilən dəyişiklik həmin qanunun tələbindən irəli gəlir. «İşsizlik müavinəti odur ki, işçi hər hansı bir səbəbdən ixtisara düşərsə və yaxud müəssisə bağlanarsa, onda həmin adama fonddan müavinətlər veriləcək. Əmək Məcəlləsinə edilən dəyişikliklər də bununla bağlıdır. İşçinin iş stajı çoxdursa, ona verilən güzəşt və imtiyazlar da çox , az olduqda isə az olacaq. Yəni mahiyyət bundan ibarətdir ki, insan nə qədər öz peşəsində, sənətində daha çox iş təcrübəsinə malik olacaqsa, o qədər də onun sosial müdafiəsi güclü olacaq. Təcrübəsi az olan da təbii ki, bu güzəştlərdən istifadə edə biləcək. Sadəcə, stajı çox olanla az olan arasında bir fərq olmalıdır. Çünki sosial ədalət bunu tələb edir ki, insan nə qədər çox işləyirsə, nə qədər çox sığorta fonduna pul ödəyirsə, onun təminatı o qədər də yüksək olmalıdır. Yəni təcrübə azdırsa, onun ödənişləri də az, çoxdursa çox olacaq. Dəyişikliklər həm işə götürənin həm də, işdən çıxarılanın xeyrinədir. İşsiz qalan şəxs təxminən doqquz ay müddətində müavinətlə təmin olunacaq. Altı ay birbaşa, sonra da üç ay əlavə veriləcək. Təbii ki, doqquz ay ərzində isə işçi yeni iş tapa, yaxud yeni peşə öyrənə bilər».

Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov isə fərqli düşünür. O, bu dəyişikliyin daha çox işəgötürənlərin xeyrinə olduğunu deyir: «Əvvəllər ixtisar zamanı işçilər 3 aya qədər kompensasiya ala bilirdisə, indi isə bu, onun staj müddətindən asılı olacaq. Belə deyə bilərəm ki, Əmək Məcəlləsinə edilən dəyişikliklərin elə ciddi əhəmiyyəti olmur. Çünki bizdə üç adamdan birinin əmək müqaviləsi var. Əsas kütlə qeyri-formal əmək sektorundadır və əmək müqaviləsi olmadan ya da mülki hüquqi müqavilə ilə çalışır. Edilən dəyişikliklər də müqaviləsi olmayanlara aid olmayacaq. Çünki bu dəyişikliklər əmək müqaviləsi əsasında işləyən, əmək müqavilələri dövlət elektron portalında qeydiyyatdan keçən işçilərə şamil ediləcək. Buna görə də ciddi bir effekt gözləmirəm».

S.Məmmədov həmçinin Məcəllənin 45-ci (Əmək müqaviləsinin müddəti) maddəsində edilən dəyişikliklə bağlı da fikrini bildirdi. O, hesab edir ki, bu dəyişiklik də işəgötürənin xeyrinədir: «Əvvəllər müddətli müqavilə beş ilədək bağlanırdısa və müddəti beş ili keçdisə, bu, avtomatik müddətsiz hesab edilirdi. Amma indi bu baryer aradan götürülüb. Tərəflərin razılığı ilə istənilən vaxta qədər müddətli müqavilə bağlanıla biləcək. Bu da o deməkdir ki, işə götürən deyəcək ki, müddətli müqavilə bağlamaq istəyir, bu da işçiyə sərf etməyəcək. Bunun müqabilində isə işəgötürən həmin şəxsə onu işə götürə bilməyəcəyini deyəcək. Bu məqamda əks tərəfin elə də ciddi bir hüququ qalmır. Ona əmək müqaviləsini necə təqdim edəcəklərsə, işçi də məcbur qalıb o cür imzalayacaq. Bu da yenə vurğulayıram ki, işəgötürənin xeyrinə olacaq. Əvvəlki mexanizm də mükəmməl deyildi. Bu dəyişiklikdən sonra tərəflər razılıq yolu ilə istənilən müddətə müqavilə bağlaya biləcəklər. Yəni beş ili keçsə də, yenə müddətli əmək müqaviləsi ola bilər».