vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
TOP OYUNLARI  
13:14 | 30 sentyabr 2017 | Şənbə Məqaləyə 3233 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Doza»dan artıq sevinc

«Neftçi»nin çılğınlığı Bakının yox, Milanın «İnter»ini udması təəssüratı yaradır

MÖVZU İLƏ ƏLAQƏLİ

Həsrət nə qədər uzun olsa, vüsal bir o qədər şirin olar. «Neftçi» futbolçuları da elə buna görə «İnter» üzərində qələbəyə çılğınlıqla, sanki titul qazanıblarmış kimi sevinirdi.

Tərlan Əhmədovun əməyini heç kim dana bilməz. «Neftçi»nin yeni baş məşqçisi həqiqətən komandanın oyununa rəng qatıb, futbolçularda özünəinam yaradıb. Dəst-xətdə məşqçi işi hiss olunur, komanda xaotik, həm də qorxaq futbol oynamır, daim qolu düşünür. Bakılılar özünə gəlib, qarşıdakı ikihəftəlik fasilə zamanı bir az da artırmaq, qışa daha yaxşı yerdə yollanmaq lazımdı.

«Neftçi» «Zirə» və «Qəbələ» ilə oyunlarda irəliləyişin siqnallarını vermişdi. Əhmədovla başlayan dirçəliş «İnter»lə matçda tamamlandı. Amma bu qələbəyə o qədər çılğınca sevinmək lazım deyil. Əvvəla, ona görə ki, 80 yaşlı komanda üçün belə qələbələr adi hadisə olmalı, sıralanmalıdı. İkincisi, «İnter» üzərində qələbə hələ bütün problemlərin həlli demək deyil. Rəqib can üstündə olan, heyəti natamam biri idi. Hətta sabiq «bankirlər»in hazırda ən zəiflərdən biri olduğunu deyə bilərik.

Bəli, sevinmək üçün əsas var – komanda 8 oyunluq seriyaya son qoyub, 167 gündən sonra 3 xal qazanıb. Lakin göylərdə uçmaq lazım deyil, «Neftçi» bu büdcə və heyətlə ən azı ilk «dördlük»də möhkəmlənməlidi.

«Neftçi»nin qələbəyə sevinən futbolçuları «İnter Arena»nın koridorlarında qarışıqlığa da səbəb oldu. Paltardəyişmə otağına qışqıra-qışqıra gələn oyunçularla polis arasında gərginlik yaşandı. Oyunçuları asayişi pozmamağa, koridoru keçdikdən sonra qışqırmağa dəvət edən polislərin sözü bəzilərinə xoş gəlmədi. Gərginlik klub işçilərindən birinin polisə sərt səslə etiraz bildirməsindən sonra artdı. Adını dəqiqləşdirə bilmədiyimiz həmin şəxsi polis bölməyə aparmaq istəyərkən vəziyyət daha da qarışdı. Hadisələri PFL operatorunun lentə almasından qəzəblənən asayiş keşikçilərini yola gətirmək çox çətin oldu.

İstənilən halda, «Neftçi» mövsümdəki ilk qələbəsini dövrənin son oyununda qazandı. Amma 2 saat sonra bəlli olacaqdı ki, komanda yenə son pilləyə şərik qalacaq. Çünki turun sensasiyasını reallaşdıran «Kəpəz» bakılıların irəli qaçmasına imkan vermədi, autsayderlər qrupunu daha da sıxlaşdırdı.

FƏRİD