vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
REGİON  
23:13 | 7 noyabr 2017 | Çərşənbə axşamı Məqaləyə 7334 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Səudlarda «update»

Nə deyirik, xeyirli olsun...

Vüqar ZİFƏROĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Əslində Səudiyyə Ərəbistanında baş verən prosesləri bir daxili «yenilənmə» kimi də qəbul etmək olar. Səudlar bu yenilənməyə getməyə məcbur idilər, bölgədə baş verənlər sadəcə fərqli çıxış yolu qoymurdu. Əslində dəyişikliyin əsası hələ iyun ayında qoyulmuşdu. Həmin zaman Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdül Əziz əl-Səud şahzadə Məhəmməd bin Naifi vəliəhdlikdən uzaqlaşdırıb. Şahzadə bin-Naifin yerinə kral Salman özünün 31 yaşlı oğlu Məhəmməd bin Salmanı təyin etdi.

Diqqətli oxucularımız xatırlayırsa, elə o zaman da birmənalı şəkildə vurğulamışdıq ki, Vəliəhdin dəyişməsi Səudiyyə Ərəbistanının regionda baş verən proseslərə daha çevik və hətta sərt münasibət bəsləyəcəyinin göstəricisi kimi qiymətləndirilə bilər.

Məhəmməd bin Salman İrana qarşı daha sərt mövqeyi ilə seçilən bir vəliəhddir. Qətər böhranının davam etdiyi və Səudiyyə Ərəbistanı ilə İranın münasibətlərinin daha kəskin şəkil aldığı bir vaxtda vəliəhdin dəyişməsi sıradan bir hadisə deyildi. Yəni bunu yalnız ailədaxili rəqabət kimi qiymətləndirmək olmazdı. Bu həm də İslam ummasının içində ciddi siyasi və ideoloji gücü və dayaqları olan bir ölkənin xarici siyasətinin dəyişəcəyi ilə bağlı məsələ idi. Bu ilk növbədə İrana münasibətdə özünü göstərəcəkdi. Belə də oldu. Bu barədə hələ qabaqda danışacağıq...

Lakin yeni və regionda itirilmiş mövqelərin qaytarılmasını hədəfləyən sərt xarici siyasət kursunun davamlı və əsaslı olmasını şərtləndirən ən vacib məqam, şübhəsiz ki, daxildə münbit mühitin təmin edilməsidir. Beləliklə də Məhəmməd bin Salmanın «korrupsiya ilə mübarizə kampaniyası» start götürmüş oldu. 10 şahzadə və 12 keçmiş nazir həbs edildi. Həbs edilənlər arasında istər hərbi dairələrdə nüfuzu (Milli Qvardiya naziri, şahzadə Mitəb ibn Abdullah və hərbi dəniz donanmasının komandanı, admiral Abdullah ibn Sultan ibn Muhəmməd əl-Sultan), istərsə də ciddi iqtisadi kapitalı olan (Vəlid bin Talal, Məhəmməd əl-Amudi, Saleh Kamil, Süleyman əl-Rajhi, Bəkr bin Ladi) şahzadələr də, əslində həm də taxta gedən mürəkkəb yolda rəqiblər də var. Hələ bu azmış kimi, vertolyot qəzasında ölən şahzadə (Mənsur bin Muqrin) də var, onu həbs etməyə gələn təhlükəsizlik qüvvələri ilə mühafizəçilər arasında çıxan qarşıdurma zamanı öldüyü bildirilən şahzadə (Əbdüləziz bin Fəhd) də. Və bütün bu olanların fonunda Amerikanın dövlət orqanları, xüsusilə də hərbi və kəşfiyyat strukturlarının hər zaman dəstəyini qazanmış olan məşhur «Vaşinqton Post»da vurğulanır ki, ibn Salman yeni ölkə yaratmaq niyyətindədir.

Hazırda Səudların daxilində baş verənləri belə xarakterizə etmək olar: Səudiyyə Ərəbistanında ənənəvi idarəetmə sistemi tamamən sırada çıxarılır. Şahzadə ailədəki siyasi rəqiblərini sürətlə zərərsizləşdirərək, icraedici hakimiyyəti ələ keçirir və öz sistemini formalaşdırır. Şübhəsiz ki, bu zaman amerikalıların baş verən dəyişiklikləri dəstəkləməsi də ön plandadır. Tramp vəliəhdi övgü ilə təqdim edir. Amerikalılar qarmaqarışıq Yaxın Şərqə yeni siyasi lider və ölkə hazırlamaqdadırlar. Şahzadə Məhəmməd təqribən 20 gün əvvəl nüfuzlu «The Guardian»a müsahibəsində bildirir ki, Ərəbistan vaxtilə olduğu kimi mülayim, bütün dünyaya və dinlərə açıq olan İslama qayıdır. Əslində şahzadənin ölkənin «mülayim islama keçəcəyi» barədə çıxışı yeni imicin vacib elementidir. Təbii ki, bu imici möhkəmlətmək üçün icraatlar da var: Uzun illərdən sonra qadınlara seçkilərdə iştirak hüququ verilir, qadınların avtomobil sürməsinə icazə verilir və s.

Şübhəsiz ki, daxildə gedən bu dəyişikliklər istər-istəməz öz xarici təsirlərini də göstərmiş olur. Diqqət edin: Səudların daxilində korrupsiya həbslərinə paralel olaraq İranın dəstəklədiyi Husilər Yəməndən Səudlara ballistik raket «yollayırlar». Və bütün bunlar isə Livanın baş naziri Saad Hariri isə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda istefa verdiyini açıqlaması, İranın bölgədəki siyasətini və Livandakı "Hizbullah" hərəkatını ciddi tənqid etməsi, rəsmi Tehranı ərəb ölkələrinin daxili işlərinə qarışmaqda ittiham etməsi fonunda baş verir. Və ən maraqlısı bütün bunlardan sonra, livanlı sabiq baş nazir, Qətər böhranından bu yana Yaxın Şərqin az qala «boz kardinalı» funksiyasını yerinə yetirməkdə olan Birləşmiş Ərəb Əmirliklərinə yola düşür. Bu həmin BƏƏ-dir ki, Qətər böhranında da bütün ipləri öz əlində cəmləşdirmişdi və Amerikanın ərəb dünyasında faktiki olaraq ciddi strateji müttəfiqi hesab edilir.

Əslində ilk baxışda «ərəb saçı» kimi qarışıq olan son ərəb hadisələri, regionda yeni siyasi dövrün başlanğıcının göstəriciləridir. Bölgədə mövqelərini gücləndirməyə müvəffəq olmuş İran və eləcə də son manevrləri ilə üstünlüklər əldə etmiş Türkiyəyə alternativ və eləcə də İslam sivilizasiyasında ənənəvi umma rəqabətində ərəb dünyası tərəfindən birmənalı dəstəklənməsi gözlənilən Səudlar yenilənmiş şəkildə meydana çıxmaqdadırlar. Bu həm «şiə inqilabı»nın ixracatçısı olan İrana qarşı ənənəvi sünni cameənin dəstəkləyəcəyi qüvvə olmalıdır. Onlar həm də neo-osmançılıq vurğusuna üstünlük verən rəsmi Ankaraya qarşı neo-Xilafət ənənəsini ortaya qoyacaq peyğəmbər əmanətinin «qoruyucularıdır». Təbii ki, Qərbə də yönəlik mesaj var: mülayim islam.

Bir sözlə müasir proqramçıların dili ilə desək, səudları «update» edirlər, nə deyirik, xeyirli olsun...


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)