vaxtlı-vaxtında oxuyun! Şənbə, 5 oktyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
DÜNYA  
16:20 | 19 oktyabr 2022 | Çərşənbə Məqaləyə 1509 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ər-Riyad Kremlə tərəf sürüşür

Vaşinqton istədiyini ala bilmir

Aqşin KƏRİMOV

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ-ın Yaxın Şərqdəki siyasətinin hərəkətverici qüvvəsi olan Səudiyyə Ərəbistanı müttəfiqinin tezislərinə arxa çevirir. ABŞ-ın Rusiya-Ukrayna müharibəsində Moskvanın “enerjisini” tükətmək üçün Səudiyyə Ərəbistanı qarşısında neft hasilatını artırmaq tələbləri qoymasına Ər-Riyad boyun əymir.

Əksinə, OPEC gələn aydan başlayaraq gündəlik hasilatını azaldacaq ki, bu da həm ABŞ, həm də Vaşinqtonun Ukraynadakı müharibə səbəbindən Rusiyaya qarşı yaratdığı birlik modeli üçün problemlər ərsəyə gətirir.

Birləşmiş Ştatlarla Səudiyyə Krallığı arasındakı münasibətlərdəki gözləntilərdə yanlış ümidlər mövcuddur, Ağ Ev elə düşünür ki, ərəb ölkəsi onun hər istədiklərini edəcək. Halbuki Krallığın Rusiya ilə də isti əlaqələri mövcuddur və o, bu maraqları Ukraynadakı müharibəyə qurban vermək niyyətində deyil.

Hərçənd ki, ABŞ-ın da Səudiyyə Ərəbistanından nələrsə gözləmək haqqı da var, çünki Vaşinqton Husilər hərəkatının Ər-Riyada yönələn təhdidlərinin qarşısına keçə biləcək əsas ölkədir.

Husilərin Səudiyyə Ərəbistanı istiqamətinə atdığı raketlərin ovçusu ABŞ-ın “Patriot” hava hücumundan müdafiə sistemləridir, lakin ara-sıra həmin sistemlərin də effektivliyinə dair şübhələr az deyil.

İstənilən halda, Vaşinqtonun Ər-Riyaddan strateji cəhətlərlə tələblər irəli sürməsi üçün siyasi haqqa sahibdir.

Ər-Riyad isə strategiyasının qlobal əsaslarında Rusiya və Çinlə əlaqələrə üstünlük verdiyini nümayiş etdirir ki, bu da ABŞ-ın uzunmüddətli planları önündə sədlərin tikilməsi mənasını özündə ehtiva edir.

Problemlər yağışdan sonra çıxan göbələklər kimi sürətlə artsa da, ABŞ-ın bir sıra dəyişən manevrlərinin gələcəyi üçün strateji zəminlər yarada bilər.

Nədənsə, bu fikir güclənir ki, ABŞ hegemonluq siyasətinin məzmununu saxlasa da, formanı dəyişmək əzmini subliminal mesajlarla nümayiş etdirir.

Hesablamalar aparsaq, görmək çətin deyil ki, ABŞ bəzi regionlar üzrə hərbi mövcudiyyət dairəsini kiçiltməyi qarşısına hədəf qoyub. Bir neçə misal:

1. ABŞ Əfqanıstandan qoşunlarını geri çəkib,

2. ABŞ Tayvan mövzusunu bitirmək üçün Çinin əlinə fürsət verir, hərçənd ki, bu, ABŞ-ın Cənubi Çin dənizindəki hərbi mövcudluğunun dərəcəsini azaltması hesabına baş verməyəcək,

3. ABŞ Suriyada enerji resursları ilə zəngin ərazilərə nəzarət etsə də, həmin ərazilər Rusiya və İranın tabeliyindəki zonalarla müqayisədə kiçikdir.

Bu üç misal fonunda ABŞ-da Səudiyyə Ərəbistanından da qoşunları geri çəkməyə dair səslərin ucalması diqqət çəkir, görünür ki, Vaşinqton hərbi xərcləri başqa vasitələrlə əvəzləmək istəyir. Məsələn, ABŞ kibertəhlükəsizlik məkanında yeni rıçaqlara yiyələnmək və dolların hegemonluğunu qoruyub-saxlayan iqtisadi alətləri gücləndirmək qabiliyyətlərini inkişaf etdirə bilər.

ABŞ Səudiyyə Ərəbistanından hərbi çətirini geri çəkmək barədə tələsik və ağılsız qərar versə, Vaşinqton Çinin texnoloji və iqtisadi alətlərlə, Rusiyanın isə hərbi variantlarla yaranan boşluqları doldurmaq riskləri ilə üzləşə bilər.

Səudiyyə Ərəbistanının ABŞ-la müttəfiqlik strategiyasını Rusiya ilə münasibətlərin ayağına verməsinin səbəblərini neft motivləri ilə izah etmək mümkündür.

Görünür ki, Krallıq dünyanın böyük xam neft istehsalçısı olan Rusiya ilə uzunmüddətli perspektiv üzərində birgə planın hazırlanmasında maraqlıdır.

İkinci, Səudiyyə Ərəbistanı ABŞ-ın qlobal siyasətdə diktə etdiyi demokratik və insan hüquqları ilə bağlı dəyərlərini bölüşmür. Rusiyadakı idarəetmə ilə oxşar cəhətlər Ər-Riyad üçün daha cəlbedici gəlir və  bu, Moskva-Ər-Riyad arasındakı anlaşma mühitini stimullaşdırır.

PROQNOZLAR:

Səudiyyə Ərəbistanının qərarları ABŞ və müttəfiqlərinə enerji sektorunda təhdidləri bərqərar edir və inflyasiya təzyiqlərini artırır. Bu şokedici təzyiqin perspektiv üçün xüsusiyyəti belə proqnozlaşdırılır:

– ABŞ-ın Rusiyanın enerji bazarlarındakı rolunu azaltmaq üçün qaz qiymətlərini aşağı salmaq səyləri sarsılacaq,

– Qlobal inflyasiya həddi pisləşəcək,

– Ər-Riyadın ixtisarları dəstəkləməsi, ABŞ-ın Ukraynadakı müharibədə iştirak qabiliyyətini zəiflədəcək və Moskvanın işğaldan əldə etdiyi kapitalı qoruyub-saxlamasına alternativ şərait yaradacaq. 

Aqşin KƏRİMOV