vaxtlı-vaxtında oxuyun! Bazar, 22 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
MÜSAHİB  
13:54 | 30 yanvar 2014 | Cümə axşamı Məqaləyə 2162 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Özümü hər gün tərbiyə edirəm»

Qənirə Paşayeva: «Televiziya mənim üçün bitib...»

Onu gözləyə-gözləyə «S+ Qadın Klubu»nun sahibəsi, modelyer Sona Abdullayeva ilə S+ Moda Evinin modellərinə baxa-baxa son dəbi müzakirə edirik. Olar ki, iki qadın söhbət arasında gözlədikləri qadını müzakirə etməsinlər? Kim yox desə, inanın ki, o müzakirə yox, qeybət edirmiş!

- Çox arıqlayıb, xoşuma gəlir. «Evropeyski» fiqurası var, modelə oxşayır.

- Bu da istədiyini geyinmək imkanı verir...

- Həmişə sadə geyinir. Geyimində aşırı bir şey yoxdur. Tərzini çox bəyənirəm. Onun bəlli üslubu var. Nə geyindiyini bilir. Ümumiyyətlə, insanın geyimi onun həyat tərzindən xəbər verir. Onun da geyimi öz həyat tərzini göstərir.
Bəzənsə çox müzakirəyə səbəb olan foto sessiyaları olur, orda çox dəyişik xanım olur...

- Hə, o fotolarda o qədər fərqli obrazdadır ki, əvvəl tanımadım. Çox romantik xanım təsiri bağışlayır.

- Mənə maraqlıdır, bir elə işin və siyasətin arasına romantikanı necə sığışdırır?

- Mən də təsəvvür eləyə bilmirəm. Siyasətçilər adətən ciddi və aktiv insanlar olur. Romantiklər isə sakit, arxayın bəndələr. Ona görə də hesab edirəm ki, bu iki cəhət bir insanda cəmlənə bilibsə, deməli onda üçüncü, dördüncü cəhətləri də axtarmaq olar.

- Üslubunda da romantika ilə ciddiyyəti saxlayır.

- Hə, ictimai fəaliyyətində ciddi, yaradıcılığında isə romantik... Amma bir modelyer kimi deyə bilərəm ki, romantik xanıma çevriləndə onu daha çox müzakirə eləmək olar.

- Dəyişməyən bircə saçlardı...

- Doğrudur, millət vəkili də seçilib, amma «İç xəbər»dəki saçlarını saxlayır. Məncə dəyişsə yaxşı olar. Amma ortadan tağ ayırıb saçlarını tarım yığması ona xüsusi gözəllik verir. Mənə maraqlıdır, makiyajını özü eləyir? Soruşarsız...

- Yəqin özü eləyər. Necə də olsa uzun illər efirdə olan adamdır, üz cizgilərini tanımalıdır...

- Fikir vermişəm, bəzən bölgələrə gedəndə yox, amma əsasən makiyajda olur. O qədər işin arasında hər gün makiyaja necə vaxt ayıra bilir...

- Gəlir...

- Saçlarını dəyişib ki... Yaraşır...

Millət vəkili Qənirə Paşayeva düz söhbətinin üstünə çıxır deyə, mövzunu dəyişməli oluruq. İstər-istəməz söhbət onun necə kilo verməsindən başlayır:

- Hesab edirəm ki, insanı artıq çəki qədər heç nə dəyişmir.

- Neçə kilo atdız?

- Hardasa 17 kilo. Amma birdən yox... Mənim dietam artıq üç ilə gəlir...

- Bizə isə qəfil kimi göründü...

- Sərt dietaya oturmadım, heç bir məhdudiyyət qoymadım. Sadəcə özümə kalori sistemi yaratdım. Hesablayıram ki, bu gün neçə kalori yemişəm, nə qədər kalorim qalıb, artıq ürəyim nə istəsə bu kaloril həcmində yeyəcəm.

- Məsələn, indi günortadır, siz neçə kalori qəbul eləmisiz?

- Hələ ki, heç nə qəbul eləməmişəm. Səhər bir çay içdim.

- Qara, yaşıl?

- Daha çox bitki çayı içirəm. Arada qara çay da içırəm. Bir dəfə də yemək yeyəcəm, sonra isə meyvə.

- Yemək hər şey ola bilər?

- Mən iki şeyi özümdən uzaqlaşdırmışam.

- Çörəyi? 

- Mütləq çörək yeyirəm.

- Ağ, ya qara? 

- Arada üstündə ağ da alıram. Çünki B 12 vitamini lazımdır, bədəni tükətmək olmaz. Həftədə 2-3 dəfə çörək yeyirəm. Yağda bişən əti və şəkəri özümdən uzaqlaşdırdım. Bəlkə həftədə 1-2 dəfə dolma yeyərəm, o da çox az. Əti izqara, ya da kabab kimi yeyirəm. Yağa düşən əti yemirəm, çünki içinə çox yağ alır. Şəkəri arada, ürəyim şirniyyat istəyəndə alıram. Çayı meyvə quruları ilə içirəm.

- Nənələr deyirdi «artıq ət düşməndir».

- Nənələrimiz sağ olsun, amma elə bu kilo anlayışını bizə onlar qoyub. Mənim anam bəlkə də həyatdakı ən zərif qadınlardan biri olub. Bilirsiz ömrü boyu ona necə baxıblar? «Yazıq Tehran, görən xəstədir?» (Gülür) Mənim əvvəlki şəkillərimi görsəz, uzun arıq uşaq olmuşam. Tələbəlikdə də, televiziyadakı ilk illərimdə də arıq idim. Kilonu Amerikada aldım.

- Amerikada neçə ay qaldız ki?

- Hardasa üç ay. Film hazırlayırdım. Düz yeddi kilo aldım. Əlimizə nə gəlsə, fərqində deyildik «fast food»dur, tez olsun deyə yeyirdik. İndi hər şeyə diqqət eləyirəm, o vaxt isə o qədər arıq idim ki, diqqət eləmirdim. Fərqində deyildim ki, kökələ bilərəm. Deyirdim 6-7 kilo nədir ki, ataram! Gəldim, nə atmaq?! Üstünə nə qədər kilo aldım. Sonra bir dəfə arıqladım, amma səhv arıqladım. Ac qalmaqla! Onda da pis xəstələndim, yemək məcburiyyətində qaldım və bu dəfə daha betər kilo aldım. Ona görə də indi hamıya deyirəm kilo verəndə nə badə ac qalasız. Həm əsəbləriniz ciddi yorulacaq, həm də səhhətiniz. Çalışın gözünüz ac olmasın, yeyin, amma kalorini azaltmaqla. Bir günə ya balaca şokolad, ya da 200 qram ət.

- Seçimi özləri eləsinlər.

- Bəli, ağıllı seçim eləsinlər. Bu ağıllı qidalanmadır. Kalorilərin siyahısı var. İndi əzbər bilirəm. Onda isə çap eləyib qoyurdum qarşıma. Yedikcə baxırdım ki, neçə kalori getdi...

- Nə yediz, hesablayırdız?

- Əvvəllər çərəzi saymırdım, deyirdim onunla nə olacaq? Amma kalori siyahısı ilə tanış olandan sonra gördüm çərəz deyib keçdiyin 100 qram qozda təxminən 700 kalori var – 300 qram ətin kalorisi. Onda elə əti qoy qabağına ye! Çərəz demişkən, hər insanın bir vazkeçilməzi var, mənim də vaz keçə bilmədiyim fındıqdır. Qovrulmuş yox, çiy fındıq. Onu dietada da tullamadım. Biz qidalanma mədəniyyətinə bir az diqqət etməliyik. Məsələn, 30-35 yaşlı qadın hər gün süd məhsullarından nə isə qəbul etməlidir. Çünki bu yaşdan sonra sümük əriməyə başlayır. Savadlı yeyə bilmirik. Qidalanma bir elm kimidir.

- Yaxşı tədris eləmək lazımdır.

- Mətbəx verilişlərimiz də elədir ki... Bir az savadlı danışsalar, bu içinə qatdığımız ərzaq nələrə xeyirdi, nələrə ziyandır, nə qədər qəbul edilməlidir. Nəyi nə ilə yesəniz daha yaxşı olar. Yox! Elə şirniyyatı bişirdik, içinə də kremi qoyduq! Camaat bunu özü də bilir! Mətbəx verilişlərinin səviyyəsi aşağıdır. İnsanları bu yönümdə ancaq onlar savadlandıra bilər...

- Səviyyəsi aşağı olan bircə mətbəx verilişləri deyil. Yeri gəlmişkən, baş verən bütün hadisələrə münasibət bildirirsiz, bir telejurnalist kimi TV-nin bu günkü durumuna, bu «fala baxan, ağacda yatan, xoruz döyüşdürən»lərə isə...

- Baxmıram ki! Televiziya mənim üçün bitib! Səmimi deyirəm, Azərbaycan televiziyalarında nadir proqramları və xəbərləri çıxmaq şərti ilə heç nəyə baxmıram. Professionallığına etibar etdiyim dostlar əvvəldən zəng edib deyəndə hansısa verilişə baxıram. Yoxsa əsəbləşirəm. Elə olub ki, hansısa proqrama baxanda təzyiqim qalxıb. Ciddi deyirəm, proqrama baxa-baxa başlamışam deyinməyə, danışmağa, bir də görmüşəm təzyiqim qalxıb. Və yaxud götürüb kiməsə zəng eləmişəm ki, bu nədir? Ayıb deyil? Televiziyanın əyləndirmə missiyası var, amma onun da səviyyəsi olmalıdır.

- Əylənərkən dincəlməlisən.

- Bəli! Əylənmək də bir mədəniyyətdir. Maarifləndirmə heç yox, əyləncə də əyləncə deyil. Mən ona baxanda özümü təhqir olunmuş hesab eləyirəm. Elə verilişlər var ki, baxanda özüm-özümə deyirəm ki, sən nə ağılla buna baxırsan? Ona görə də ən yaxşısı baxmamaqdır! Qayıtmışam kitablarıma!

- Heç ürəyinizdən keçmir vaxt olsa bir proqram eləyərdim?

- Bu məsuliyyətdir, çatdırmaram! Arada tarixə, ədəbiyyata aid məsələlərə nəzər salmağı çox düşünürdüm, amma çətindir. Bir gün burda olursan, iki gün səfərdə... Millət vəkilliyi dönəmimdə yəqin ki, televiziyaya qayıtmayacam. Yetişdirməli olduğum işlər var. Gələcəyi isə deyə bilmərəm. Həyat bizi hara aparır bilmirik. Gələcəyə doğru «bunu edəcəm» deməyi sevmirəm. Çünki böyük söz etməyin bədəlləri ağır olur. Həyat səni elə vəziyyətlərə sala bilər ki, etmərəm dediyin şeyləri də edərsən. Amma gələcəyə doğru yaxşı bir təklifi, ideyanı istisna eləmirəm. Bunu ya yaxşı edəcəksən, ya da etməyəcəksən. Həzrəti Mövlana deyir ki, «Yeni bir şeylər söyləmək lazım»...

- Mövlana demişkən, son illər nədir bu eşq şəriəti?

- ...(Gülür)

- Siz axı təpədən-dırnağa yer adamısız. Məsələn, mən öz millət vəkilimin şəklini görmüşəm. Onu da Milli Məclisin saytında. Heç mətbuatda da çıxış eləmir. Amma bilirəm ki, siz seçiciləriniz üçün əlçatansız, birbaşa özünüzə müraciət eləyirlər. Yəni yerdəkinin adamısız. Son illərdə isə sanki başlamısız göylərlə uğraşmağa...

- Yox, göylərlə uğraşmıram. Hər zaman həm yerlərin adamı olmuşam, həm də göylərin. Göylər ilahiyə inam, yerdə etdiklərin üçün hər zaman göylərə baxaraq addım atmaqdırsa, mən elə yerlərlə göylərin bərabər adamı olmuşam...

- Bəs eşq? Rumi sevgisi?

- İnsan doğulandan mən kiməm, niyə gəldim, bu həyatdan nə istəyirəm sualına cavab axtarır. Biz doğulandan ölənə qədər yol gedirik. Bu yol insani-kamilə gedən yoldur. Özünü axtarmayan insan o yolu gedəməz. Əvvəlcə nəfsimizdən keçən yolumuz var. O yolda özünü tanıyır, özünlə mübarizə aparırsan. Və təbii ki, burda sənə lazım olan çox önəmli məsələlər var. Sufilərin çox yaxşı sözü var. «Böyük ideallar arxasınca sadəcə özü ilə savaşın qalibləri gedə bilər». Mən Seyid Yəhya Şirvani həzrətlərini çox sevirəm...
Bu o qədər uzun və keşməkeşli yoldur ki, danış-danış, bitməz! Cəlaləddin Rumi və Şəms Təbrizi bunu bağlı qapılar arxasında gecə-gündüz danışdı... Bitmədi ki, bitmədi. Məndən nə Şəms, nə də Rumi çıxmaz, amma o göylərin adamıdır, danışır, danışır... Söhbətimiz Seyid Yəhya Şirvani həzrətləri, sonra isə təsəvvüf ədəbiyyatı ilə davam edir...

- Deyirsiz son illərdə, mən isə bunu illərdir oxuyuram. Sadəcə son illərdə daha çox oxuyuram. Çünki o mənə kömək edir. Bu dünyada yaxşı, dürüst insan olmaq asan deyil. Bunun üçün güc almalısız. Bu sizə böyük güc verir. Daha çox oxuduqca daha çox güc alırsız. Deyirsiz gerçəkdən də belə yaşamaq olar! Gerçəkdən də gözəllik, mərhəmət, şəfqət qalib gəlir! Şər qalib gələ bilməz! O sizə həmin gücü verir, içinizdə o mənəvi gücü hiss eləməklə özünüzü xilas edirsiz. Çünki nəfs hər gün yanınızda fırlanır, bizi əlinə almaq istəyir. Dostlarım arada deyirlər niyə hər gün təsəvvüfdən nə isə oxuyursan? Zarafatla deyirəm çünki, ən yorğun halda belə təsəvvüfdən oxuduğunuz balaca bir hissə həmin gün sizə imkan vermir ki, nəfs yaxınınıza gəlsin.

- Sadə dildə desək, bu da bir «noi» kalori hesablamaq kimi bir şeydi?

- Bəli!

- Çəkinin yox, ruhun...

- Bu da qidadır! Uşağı da düzgün tərbiyə eləmirik. Çoxlu ye, qalın geyin. Bir adamın fiziki inkişafı ilə bərabər onun mənəvi inkişafı da vacibdir. Bu gün mənim qəbul elədiyim hikmət budur ki, insanın mənəvi və ruhi enerjisi daha təsirlidir. Ona görə də mən özüm hər gün yeməklə bərabər ruhumun qidalanmasına da zaman ayırıram. Belə bir fikir var «Fəlsəfə sizi varlı eləməz, amma ruhunuzu azad edəcək». Təsəvvüf də elə. Sizi varlı eləmir, amma ruhunuzu azad eləyir. Sizi hətta bir az da kasib edəcək, çünki nəyiniz varsa paylaşmaq istəyəcəksiz. Bəlkə maddi olaraq nəsə itirəcəksiz, əvəzində isə elə böyük mənəvi hüzur verəcək ki, onu heç bir maddiyyat verə bilməz.

- Qısası...

- Bəli! Həyatda insan kimi qalmaq üçün oxuyuram!

- Məsələyə yer adamı kimi yanaşanda siz ruhun qeydinə qalmaq üçün çox gəncsiz e...

- Hesab eləyirəm ki, o yanlış düşüncədir. Həcc ziyarətinə getdiyim zaman da dedim ki, burda insanların əksəriyyəti yaşlılardır.

- Ölümqabağı hazırlıq. Eynən xaricə səyahət edərkən viza müraciəti kimi!

- (Gülür) Deməli biz ora ölümdən əvvəl cənnəti qazanmaq kimi baxırıq. Xeyir! İnsan doğulandan, uşaqlıqdan bu haqda düşünməlidir. Nə bilirik bizə nə qədər ömür biçilib? Mənə həyatda bir insan kimi qalmama kömək edən odur ki, hər gün ölümü xatırlayıram və rahat qəbul edirəm ki, sabah həyatda olmaya bilərəm. Amma mənim üçün o önəmlidir ki, sabah mən həyatda olmayanda haqqımda «yaxşı jurnalist, yaxşı millət vəkili dünyadan getdi»dən öncə «yaxşı bir insan getdi» desinlər. Bunun üçün də o «yolu» görməlisiz. Ona görə də hər gün oxuyuram, özümü tərbiyə eləyirəm.

- Uşaq tərbiyəsindən danışdız. Bir dəfə bir müsahibim dedi ki, övladlığa uşaq götürmək istəyib, çox baha «başa gəlib». Hər halda, millət vəkilindən rüşvət istəməzlər. Deyək ki, Somaliyə qədər gedib çıxırsız. Məsələn, Ancelina Coli yardım göstərmək üçün getdiyi hər ölkədən bir uşaq götürməklə axırda özü də ana olmaq qərarı verdi. Hərçənd heç vaxt dünyaya övlad gətirmərəm deyirdi. Belə bir fikriniz olur? Gözləri ilə «Məni burda qoyma» deyən körpəyə rastlaşmısız?

- Başqa yerdən gətirmək yox, burdan götürməyi düşünürəm. Amma indi yox. Uşaq böyük məsuliyyətdir. Sevgi, qayğı istəyir. Mən demək olar yarısı xarici səfərlərdə keçən həyat şərtlərimlə bir uşağı gətirib ona gələrkən sevgini verə biləcəmmi? Mənəvi övladlarım var. Onları birbaşa evimə almasam da, dəstək göstərirəm. Amma övladlığa götürdüyüm uşağa sevgi də verməliyəm. Millət vəkilliyi dönəmim bitəndən sonra o mənim həyatdakı ən böyük arzumdur. Özü də bir yox, bir neçə uşağı. Özəlliklə qızların orda qalmasını istəmirəm. Bu bizim cəmiyyətdə çox az yayılıb. Ancaq öz övladları olmayanda uşaq götürürlər. Çox varlı iki uşaqlı ailələr var, bir uşaq da götürüb öz uşaqları ilə birgə böyütsələr, onun qarşılığının daha yüksək ödəniləcəyini düşünürəm. Mən müsbət enerjinin itəcəyinə inanmıram. Xeyirxahlıq heç vaxt itmir.

Söhbətə ədəbiyyatla, musiqi ilə davam edib, ayrılırıq:

- Bir axşam bizə də gəlin, oturaq! Evdə pianodan tutmuş özbək dəfinə qədər hər cür musiqi alətim var. Bilirsiniz nə boyda kitab şkafım var, elə bil dövlət kitabxanasıdır. Gəlin bir yerdə kitabları müzakirə eləyək, səhərəcən amerikan cazından danışaq... Çalaq, oynayaq, oxuyaq... Gözləyəcəm...