vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
ENERGETİKA  
17:44 | 3 yanvar 2018 | Çərşənbə Məqaləyə 2339 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Etirazçıları lider həsrətindədirlər

Ekspert: «İranda vəziyyət pisləşsə, neftin qiyməti 100 dolları aşacaq»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Financial Times» (FT) yazır ki, İranda davam edən etiraz aksiyaları, habelə OPEC və Rusiya arasında razılaşdırılmış hasilat ixtisarına əməl olunması ilə bağlı neft qiymətləri 2014-cü ildən bəri ilk dəfə olaraq 2015-ci ilin ortalarındakı ən yüksək səviyyəyə qalxıb.

«Brent» markalı neftin bir barrelinin qiyməti hazırda 66, 80 dollardır. Şərqi Texas neftinin («WTI») də qiyməti 60, 40 dollara yüksəlib.

2014-cü ilin yanvarından bəri ilk dəfədir ki, hər iki markadan olan neft yeni ilə bir barrel üçün 60 dollardan yuxarı qiymətlə başlayıb.

ABŞ-da mənzillənmiş «Schork Report» yazır ki, İrandakı etirazlar 2018-ci ilin ilk günlərindən neft qiymətlərinə güclü təsir göstərib.

İran OPEC-in üçüncü ən böyük hasilatçısıdır, lakin ölkənin neft sənayesi və neft daşımaları mənbələri etirazların neft hasilatına təsir etmədiyini bildirirlər.

Ekspertlərin fikrincə, geosiyasi risklər 2014-cü ildən bəri ilk dəfə olaraq neft bazarına qayıdıb. Təhlilçilər deyirlər ki, Liviya və Kürdüstandakı vəziyyət də bu riskləri xeyli artırıb.

Bu da qeyd olunur ki, hətta İran etirazlarından əvvəl də neft bazarındakı vəziyyət birmənalı deyildi.

Ekspertlər bildirirlər ki, qlobal neft anbarlarının yüngülləşməsi və iqtisadi artım neft qiymətlərinin üzüyuxarı hərəkətinə rəvac verir.

Neft qiymətlərinin yüksəlişinə başqa səbəb də var. ABŞ-da kommersiya neft anbarlarındakı neft mart ayında çatdığı rekord həddindən 20 faiz azalaraq 431 milyon barrelə enib.

Xam neftə Çindən gələn tələbat da artmaqdadır.

Bununla belə ABŞ-da neft hasilatının az qala 10 milyon barrelə yaxınlaşması 2018-ci ilin neft qiymətlərinin perspektivinə kölgə salır.

«Barclay» bankının hesablamalarına görə ABŞ-da neft hasilatının aramsız artması nəhayət OPEC-in bazarı tənzimləmə cəhdlərini sarsıda bilər.

FT yazır ki, ABŞ-da quruda çıxarılan neftin həcmi 2016-ci ilin ortalarından bəri 16 faiz artaraq ötən ilin sonlarında günə 9, 75 milyon barrelə çatıb.

Digər tərəfdən neft təhlilçiləri İranda günə 3, 8 milyon barrel neft hasilatında fasilələr yaranacağına inanmırlar.

Lakin təhlilçi Bjarne Skildrop deyir ki, əgər İrandakı vəziyyət nəzarətdən çıxsa və ixracatda fasilələr yaransa, bunun qlobal neft qiymətlərinə nəhəng təsiri olacaq.

Onun təxminlərinə görə İran neftinin ixracı tam dayanarsa, «Brent» markasından olan neftin bir barrelinin qiyməti 100 dolları aşa bilər.

Ümumiyyətlə 2018-ci ilin perspektivlərinə baxan təhlilçilər bildirirlər ki, bu il ərzində qlobal bank və maliyyə sistemində də müəyyən təlatümlər ola bilər.

Bu da dolayısı ilə neft qiymətlərindən yan ötüşməyəcək.

«Saxo Bank»dan ekspert Ole Hansen deyir ki, 2018-ci ilin neft qiymətlərini iki əsas amil müəyyən edəcək: Rusiya ilə OPEC arasında hasilatın ixtisarına dair razılaşmanın bundan sonra da davam etməsi və bir də, əlbəttə ki Amerika nefti.

«The Independent» qəzetində təhlilçi Kim Sengupta yazır ki, İran etirazlarında ölənlərin sayı artır. Onlardan birini 11 yaşı var, digəri isə inqilab keşikçilərindəndir.

Senguptanın fikrincə bunlar İran etirazlarının keyfiyyətcə yeni mərhələyə qədəm basdığından xəbər verir.

Onun fikrincə mühafizəkarlar bu ölümlərə görə yerli ekstremistləri və ya xarici casusları ittiham edə bilərlər. Nümayişlərdə iştirak edənlərin əksəriyyəti mümkün təxribatlardan narahatdır.

Məqalədə deyilir ki, etirazların belə sürətlə yayılması təəccüb, çaşqınlıq və əlbəttə müəyyən qəsd nəzəriyyələri yaradıb. Donald Trampın etirazçılara çağırışları vəziyyəti daha da mürəkkəbləşdirir.

Etirazlar ötən cümə axşamı günü İran şiəliyinin mərkəzi şəhəri və Ruhaninin rəqibi İbrahim Rəisinin vətəni olan Məşhəddə başlanıb. Bu etirazlardakı şüarlar da məhz anti-Ruhani xarakteri daşıyırdı.

Lakin etirazlar genişləndikdən sonra artıq korrupsiyaya, artan qiymətlərə etirazla yanaşı, siyasi sistemə və hətta ali rəhbərin özünə qarşı da etiraz şüarları səslənib.

Bəzi nümayişçilər İran inqilabının devirdiyi şahı yada salaraq ona rəhmət oxuyublar.

Nümayişlər genişləndikcə zorakılıqlar da artır. İndi Bəsic ictimai polisinin üzərinə hücumu, Kirmanşahda polis məntəqəsinə basqını göstərən videolar yayılır.

Təkcə Tehranda 200-dək saxlanan var. Hökumət sosial media saytlarını, «İnstagram» və «Telegram»ı, bağlayıb, lakin yürüşlər dayanmaq bilmir.

23 yaşlı tələbə Həmid narahatdır ki, bu etirazlara liderlik edən yoxdur. Onun fikrincə etirazların məqsədi yalnız və yalnız hökuməti devirmək olmalıdır.

Həmid bundan da narahatdır ki, nümayişlərə mötədil prezident Ruhaninin seçilməsindən incik qalan mühafizəkarlar da qoşulublar.

28 yaşlı, işsız mühəndis Bijan da narahatdır ki, vəziyyətdən sui-istifadə edənlər ola bilər.

«Biz bu məsələyə nə mühafizəkarların, nə səudların, nə də amerikalıların qarışmasını istəmirik. Biz prezident Ruhaninin postunu tərk etməsini istəmirik», - deyir Bijan.

Sengupta yazır ki, Məşhəd və Qum kimi dini şəhərlərdə də etirazların baş verməsi onu təəccübləndirməyib.

O yazır ki, 18 ay əvvəl İrana səfəri zamanı şiələrin Vatikanı sayılan Qumda gənclərin mövcud vəziyyətdən necə narazı olduqlarının, dəyişiklik istədiklərinin şahidi olub.

Ruhanilər dini rəhbər ayətullah Əli Xameneyinin vəziyyətə kifayət qədər fəal müdaxilə etməməsindən narahatdırlar. O, İranın düşmənlərini tənqid edərək, bu hadisələrdən yüksəkdə dayanmağa çalışır.

Bəziləri isə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın bu yaxınlarda dediklərini unutmayıblar.

«Biz elə işləyəcəyik ki, çarpışma İranın içində olacaq», - demişdi şahzadə.

Həsən Ruhaninin hökuməti çətin durumdadır. Onun hakimiyyəti bəzi iqtisadi faydalar gətirib. Məsələn İran öz neftini qlobal bazara çıxarıb. Lakin ABŞ-ın bəzi sanksiyaları qüvvədə saxlaması Ruhani hökumətinin əl-qolunu bağlayır.

Trampın nüvə sazişini dəstəkləməkdən imtina etməsi beynəlxalq qeyri-müəyyənlik yaradıb.

İşsizlik ötən illə müqayisədə yüksəlib, ərzaq qiymətləri son aylarda 40 faizədək bahalaşıb.

Hökumət toyuq ətinin qıtlığını quş qripinin yayılması ilə izah edir.

Ruhani habelə hökumətində kifayət qədər qadının olmamasına görə tənqid edilir.

Prezidentin özü gileylənir ki, mühafizəkar ruhanilər onun cəmiyyətə daha çox liberal dəyişikliklər gətirmək planlarını bloklayırlar.

Lakin biznesmen Daryuş Qorbani kimi adamlar prezidentdən cəsarətli addımlar gözləyirlər.

Onlar islahatların tez bir zamanda həyata keçirilməsini tələb edirlər.

«Əgər prezidenti bloklayırlarsa, onda o bu blokları açmalıdır. Adamlar ona dəstək verərlər. Amma zorakılıqdan, ölümlərdən ehtiyatlanmalar var. İzaholunmaz atəş səsləri gəlir. Bunları edən kimlərdir?» - deyir Qorbani.