vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 3 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
BANK, BİRJA, SIĞORTA  
08:59 | 13 fevral 2014 | Cümə axşamı Məqaləyə 1771 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Baş bankir alətə çevrilir

Kredit qadağalarının pərdəarxası məqamları; Bank sistemi, avtomobil satışı və tikinti sektorundakı «yadlar» sıradan çıxarılır, monopolistlər bazarların tək əldə cəmlənməsi prosesini aparır

İqtisadiyyat şöbəsi

MÖVZU İLƏ ƏLAQƏLİ

Bakıda mənzillərin kreditlə satışına müəyyən məhdudiyyətlər tətbiq edilməyə başlanıb. Mərkəzi Bankın kreditlərlə bağlı qəbul etdiyi qadağa əmlak bazarından da yan keçməyib. Mərkəzi Bankın müvafiq göstərişinə əsasən, kreditlə mənzil almaq istəyən şəxslər bundan sonra təkcə yaşayış yerindən arayış deyil, iş yerindən də arayış təqdim etməlidirlər.

İlkin ehtimallara görə, kreditlə mənzil almaq üçün rəsmi arayışda qeyd olunan aylıq əməkhaqqı isə minimum 600-700 manat təşkil etməlidir.

Özəl tikinti şirkətləri sözügedən qadağanın artıq bir həftədir qüvvədə olduğunu bildiriblər. Onlar bu barədə Mərkəzi Bankdan göstəriş aldıqlarını qeyd edirlər. Şirkət təmsilçiləri həmçinin müvafiq qadağanın onların işinə mənfi təsir göstərəcəyindən narahatdırlar. 

Bu artıq son bir ayda üçüncü kredit qadağasıdır. Bundan öncə istehlak və avtomobil kreditlərinin verilməsi məhdudlaşdırılmışdı. Rəsmi qurumlar bunu banklarda problemli kreditlərin çəkisinin artması ilə izah edirlər. Ancaq məsələ bundadır ki, bu məhdudiyyətlərdən daha çox elə bankların özləri əziyyət çəkir. Kreditlərin məhdudlaşdırılması onların gəlirlərinə çox ciddi təsir göstərir. Bankların əsas gəlir qaynaqlarından biri və birincisi kredit faizlərindən olan gəlirlərdir. Bu qaynaq hesabına həm gəlir əldə edirlər, həm də banka qoyulan depozitlərə görə divident ödəyirlər. Deməli, problemli kreditlər sadəcə bəhanədir və bu qadağaların arxasında gizli niyyətlər dayanır. 

Bank sektorundakı mənbələrdən «Yeni Müsavat»a verilən məlumatlara görə, hazırda 3 böyük sektorun tam monopoliyaya alınmasına hazırlıq gedir. Söhbət bank sistemi, avtomobil bazarı, tikinti sektorundan gedir. Bank kreditlərinin məhdudlaşdırılması bank sektorunda maliyyə çatışmazlığı tendensiyasının güclənməsinə səbəb olacaq. Hökumət çalışır ki, kiçik banklar sıradan çıxsın, onların bazardakı payı isə «Kapitalbank», «Atabank» kimi iri bankların sərəncamına keçsin. Ona görə bankların maliyyə qaynaqlarının qapadılması prosesi gedir. Eyni tendensiya avtomobil bazarına da aiddir. Pərakəndə avtomobil satıcılarının bazarı bağlanır, onların yerini iri avtosalonlar tutacaq. Nəhayət, tikinti bazarı da bir əldə cəmlənəcək. Tikinti kreditlərinin ləğvi avtomatik olaraq şirkətlərin çökməsi deməkdir. Onların bazara çıxardıqları mənzillərin əksəriyyəti məhz kreditlə satılırdı. 

Mənbə mənzil kreditlərinə qoyulan qadağa ilə bağlı maraqlı bir məqama da toxundu: «Bakının mərkəzində böyük söküntü işlərinə start verilib. Rəsmi açıqlamaya görə, mərkəzdən 10500 ailə köçürüləcək. Bu, nəhəng bir alıcı qrupunun bazara üz tutması deməkdir. Hazırda iri tikinti şirkətlərinin inşa etdiyi çoxsaylı mənzillər satılmamış qalıb. İndi kiçik şirkətləri bu yolla sıradan çıxartmaq istəyirlər ki, əllərində nağd pul olacaq alıcılar böyük şirkətlərə üz tutmağa məcbur olsunlar. 

Ümumiyyətlə, yaxın perspektivdə mənzil tikintisi bazarının iri holdinqlər arasında bölüşdürüləcəyi, kiçik şirkətlərin isə bazardan çıxarılacağı gözlənilir. Mənzil kreditləri qaydalarının sərtləşdirilməsi də buna hesablanmış bir addımdır». 

Beləliklə, 3 böyük sektorun vahid mərkəzdə cəmlənməsi prosesi gedir və bu proses Mərkəzi Bankın inzibati müdaxiləsi ilə həyata keçirilir. Əsas funksiyası bank sektorunu tənzimləmək olan Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun bu məsələdə alətə çevrilməsi, sadəcə, təəssüf doğurur. Bu, həm də monopoliyaların dövlət qurumların səviyyəsində dəstələnməsini təsdiqləyir. 

Ötən saylarımızda mülkiyyətin yenidən bölüşdürülməsinə hazırlıq getdiyini qeyd etmişdik. Bu məlumatlardan bəlli olur ki, mülkiyyətin yenidən bölgüsü ilkin olaraq bank, avtomobil satışı və mənzil tikintisi sektorunda gedir. Böyük ehtimalla bu tendensiya yaxın vaxtlarda başqa sektorları da əhatə edəcək.