vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
CƏMİYYƏT  
10:20 | 28 avqust 2018 | Çərşənbə axşamı Məqaləyə 2204 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Beyinlərdəki həftəbecər

... Yaxud Allahsız yerdə otur, ağasız yerdə yox

Etimad BAŞKEÇİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Ölmədik, bu günü də gördük!

Əhalinin bir qismi «ağam, ağam, Xomeyni» oxuyur, o biri qismi «ağam, ağam, Putin». Birincilər yuxuda da «Cümhuriyeyi İslamiyeyi Azərbaycan» görür; İrandan gələn ayətullahların əlini-ayağını öpmək üçün əldən-ayaqdan gedir; günəşi də yaşıl rəngdə görürlər. Şəxsən mənim qulağıma da deyil, kim kimin harasını öpür. Amma bəzi cənnət sevdalılarının «çimərlikdən tapdığı», maşının baqajından, evinin zirzəmisindən aşkarlanan avtomatları görəndə adamın tolerantlığı, multikulturalizmi çat verir. «Əğstafürullah» deyib, başını bulamaqla ötüşdürə bilmirsən.

«Ağamsan» deyib, əlahəzrət cənab Putinə bidət edənlərin hekayəti ayrıdır. Şübhəsiz, son vaxtlar urus dünya ictimaiyyətinin stolunun üstünə güclü arqumentlər qoyub, min beş yüz kilometrdən Suriyadakı quşu gözündən vurur. Bu da bizim «güclü əl» həsrətlisi bir para homo sovetikusumuzu ehtizaza gətirir. Onların gözündə urus Xeyirlə Şərin, Hörmüzlə Əhrimənin, İnlə Yanın davasını təcəssüm etdirir. Beləsinə pərəstiş etməyəsən, əlinə-ayağına düşməyəsən neyləyəsən?

İnsanlarımızın bir qiminin «ağa»sı «urusbaşlı»ların Şər, Əhrimən, İn gözündə gördüyü Sem dayıdır. Əslində isə, Sem dayı yaxşı adamdır, özü də pulunu balta kəsmir, çünki pulkəsən maşını var. Filantropdur, Afrikada, Ərəb yarımadasında, lap dünyanın o başında bir kimsənin ayağına dəyən daş, elə bil, onun ürəyinə dəyir, yuxusu qaçır, dərhal hərbi təyyarələrlə dava-dərman göndərir. Harda dalaşan görsə, tez özünü yetirir, onları ayırmağa çalışır. Nəticədə, görürsən, sülh qələbə çalıb, çünki hamı qırılıb qurtarıb, barışdırmağa adam qalmayıb.

İnsanlarımızın bir qisminin şalvarı get-gedə gödəlir, şalvar gödəldikcə saqqal uzanır. Onların da öz ağası var, o da bizim yuridiksiyamızda deyil.

Necə deyərlər, Allahsız yerdə otur, ağasız yerdə yox.

Bir qisminin ağası Mammondur, asan qazanc, var-dövlət tanrısı. Mammonun bəndələri üçün nə dövlət var, nə xalq, nə millət. «Vosmoyu bazarı»na baş çəkin, görəcəksiniz. Bu ərazi də dövlətin yuridiksiyasından kənardadır: maşın yolunun ortasında şıdırğı alver gedir, cibgirlər, oğrular, pulkəsənlər, tərəzidə aldadanlar adamın gözündən tük çəkir; yeraltı keçid burda yalnız yaraşıq üçündür. Bura bəlkə dünyanın yeganə yeridir ki, tərəzilərin üstünə «Təmiz çəki» yazılır. Burda Allaha, Tanrıya, vicdana, Xomeyninin cəddinə, Putinin başına və Mammonun adına and içib, elə kəf gəlirlər ki, adamın ruhu da incimir.

Hərənin öz ağası. Şair demiş: hərənin öz Allahı, öz bağışlayanı. Yəni «Allah bizim Allahdır».

Uca xalqımızın içində sözü üst-üstə düşən iki adam tapmaq mümkün deyil. Elə həmin ruslardan fərqli olaraq. Apollon Qriqoryev namlı bir sənətkar vaxtilə demişdi ki: Puşkin bizim hər şeyimizdir. Bununla kommunist razılaşır, demokrat da, dazbaş da, lap anarxist də. Yəni Puşkin bunların ortaq dəyəridir. Bəs bizim ortaq dəyərimiz hansıdır, nədir və ya kimdir? Nizamidirsə o, «fars şairidir», Füzulidirsə, o, şair yox, «qəm, kədər aşiqi, mərsiyaxandır», Axundovdursa, «rus casusu»dur». Bir salamat adam tapmırsan ki, başına and içəsən.

Kimi özünə Azərbaycanlı deyir, kimi türk. İkisi də birdirsə, niyə adları ayrıdır?

Kimdən soruşursan, hamı ağa, bəy nəslindəndir. Heç olmasa, bu məsələdə ortaqlıq var. Amma, əcəba, qabaqlar bizim inəyimizi kim sağırmış?

Sonda Bibliyadan («qardaş»lar bağışlasın, amma Bibliya da səmavi kitabdır) bir sitat gətirək: «Heç kəs iki ağaya qulluq eləyə bilməz: çünki birini sevəndə, o birinə mütləq nifrət eləyəcək».