vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
GÜNDƏM  
15:33 | 9 iyul 2019 | Çərşənbə axşamı Məqaləyə 2008 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ölü doğulanlar dirilmir

Putin İsa peyğəmbər, Avrasiya Birliyi isə Lazar deyil...

Hüseynbala SƏLİMOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Bəli, Avropanın Şərq Tərəfdaşlığı Proqramının iştirakçısı olan dövlətlərdən hələ ki Azərbaycan və Belarus Avropa Birliyilə saziş imzalamayıblar. Amma nə qədər qəribə olsa da, Avropa idman oyunları, yəni “avropiada” indiyədək yalnız iki ölkədə keçirilib - yenə də Bakı və Minskdə...

Bəs bunu necə başa düşməli? Belə alınmırmı ki, bu iki ölkə bununla faktiki olaraq Avropa Birliyinin inteqrasiya prosesinə özlərinin prinsipial münasibətlərini izhar edirlər: necə deyərlər, idman Avropasına “hə”, amma siyasi və iqtisadi Avropaya “yox”...

Qəribə olsa da, digər, daha varlı və inkişaf etmiş Avropa ölkələri hələki qitənin yeni idman oyunlarına elə bir maraq göstərmirlər.

Amma bunu başa düşmək mümkündür: bu, əlavə maliyyə məsrəfləri deməkdir və buna qərar vermək üçün təkcə hökumətin yox, parlamentin və digər siyasi institutların da razılığı tələb olunur. Azərbaycan və yaxud da Belarus kimi ölkələrdə isə belə qərarların trayektoriyası daha qısadır - yetər ki, hökumət bunu istəsin.

Güman ki, digər məsələ - AB ilə saziş bağlanması da müvafiq hökumətlərin ovqatından və maraqlarından asılıdır: axı Avropa Birliyilə saziş hansısa əyləncəli idman oyunları deyil və belə sazişin imzalanmasının arxasınca konkret siyasi və iqtisadi öhdəliklər, hətta ola bilsin, konkret islahatlar gəlməlidir.

Etiraf edirik ki, bu mövzuya təsadüfən toxunmadıq. Birincisi, biz də fərqindəyik ki, belə idman tədbirlərinin keçirilməsi ölkələr üçün böyük reklamdır, amma çox təəssüf ki, yalnız reklamdır və bundan artıq nəsə deyildir.

İkincisi, bu həftə Avropa Birliyinin Avropa Şurasının sədri D.Tusk Bakıya səfər etməlidir və əgər avropalı diplomatın qrafikində hər hansı dəyişiklik baş verməsə, səfər iyulun 9-da reallaşacaq.

Aydındır ki, avropalı diplomatın da səfərinin başlıca məqsədi Azərbaycanın Avropaya inteqrasiyası ilə bağlı problemlərin müzakirəsi olacaq.

Avropa Birliyilə qeyd olunan saziş prinsipcə, hələ bu ilin mayında imzalanmalı idi, amma onu “naməlum səbəblər”dən payıza keçirdilər və üstəlik, hələ də məlum deyil ki, payızda bu məsələnin nöqtəsi qoyulacaq, yoxsa daha bir payızı da gözləmək lazım gələcəkdir?

Məsələ bundadır ki, hələ də bəzi “politoloq”lar və “analitik”lər iddia edirlər ki, Avropa Birliyilə saziş imzalamaqla biz problemdən savayı heç nə qazanmayacağıq, əvəzində Moskva ilə münasibətlər soyuyacaq və ona görə də belələri yenə də təklif edirlər ki, bundansa Avrasiya Birliyinə qoşulmaq və guya ki, bununla Qarabağ problemini həll etmək olar...

Biz əlbəttə, bu cür yanaşmaların üzərində dayanmayacağıq, çünki onlar ən adi tənqid qarşısında belə acizdirlər.

Düşünürük ki, əslində elə rəsmi Bakının da Avropa Birliyi ilə sazişin imzalanmasını yubatmaq və ya ümumiyyətlə təxirə salmaq üçün hansısa ciddi əsasları yoxdur. Axı doğrudan da qəribə alınır, deyilmi? Belə çıxır ki, Avropa ilə inteqrasiya bütün ölkələrin maraqlarına cavab verir, təkcə bizdən başqa?..

Maraqlıdır, nə vaxtdan biz suverenliyin və müstəqilliyin üzərində belə əsməyə başlamışıq? Doğrudanmı sazişdə elə bir maddə var ki, o, hansısa mənada bizim milli maraqlarımıza toxunur?

Düşünürük ki, əslində belə bir maddə yoxdur. Bəli, bizim diplomatlarımız iddia edirlər ki, guya Avropa Birliyi bizim ərazi bütövlüyümüzə dəstək vermir.

Amma yenə də qəribə alınır, deyilmi? Avropa Birliyi  Ukraynanın, Gürcüstanın və Moldovanın ərazi bütövlüyünü dəstəkləyir, amma bizə gələndə bunu etmir! Düşünürük ki, bu sadəcə, bizim diplomatlarımızın uydurmasıdır. Həm də aydın deyil: əgər həqiqətən belədirsə, onda bəs bu məsələdə kimi qınamalıyıq? Bəlkə günahı diplomatiyadan daha çox bizneslə məşğul olan diplomatlarımızda axtaraq?

Məgər diqqətəlayiq deyildirmi ki, sazişi imzalamış ölkələr bundan nəinki gileylənmir, hətta artıq onun siyasi və iqtisadi dividentlərindən bəhs edirlər? Ən başlıcası da, bütün bunlar rusların layihəsi - Avrasiya İqtisadi Birliyi müstəvisində tamam hərəkətsizliklə və ölü bir sükutla müşayiət olunur, hansı ki, elan olunan gündən sözdən və boş vədlərdən başqa bir şey olmayıb və əminik ki, gələcəkdə də olmayacaq, ona görə ki, ölü doğulanlar dirilmir, ən azı ona görə ki, prezident V.Putin hələ ki İsa peyğəmbər, Avrasiya İqtisadi Birliyi isə Lazar deyil...