vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
GÜNEY  
10:42 | 5 dekabr 2022 | Bazar ertəsi Məqaləyə 1070 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Etirazlar savaşa çevrilib

Bədnam Türkmənçay müqaviləsindən sonra ilk real şans yaranıb

Adil QEYBULLA

MÖVZU İLƏ ƏLAQƏLİ

İranda rejimə qarşı xalq etirazları şəklini alan dirənişlər davam etməkdədir. Proseslər nəzarətdən çıxıb. 400 nəfərdən çox etirazçının qətlə yetirilməsinə, 18 min nəfərin həbs edilməsinə rəğmən etirazlar səngimək bilmir. Etirazların gücü və potensialı orada gənclərin iştirakının üstünlük təşkil etməsindədir.

Adətən, bu cür rejimlərdə etirazların vüsət alması üçün 2 əsas baryerin aşması tələb edilir:

Psixoloji təpgi qorxusu – İlkin həbslər və müxtəlif səpgili repressiyalar,

İçgüdüyə dayanan qorxu – Hökumətin güc aparatı ilə savaş və bu qarşıdurmada ölüm qorxusu.

İkinci amil izdihamın kütləvilik əmsalının yüksələn xətt üzrə getməsinə təkan verir.

Birinci baryer arxada qalıb, ikinci isə ayrı-ayrı bölgələrdə qismən aşılmaqdadır.

Paytaxt Tehranda və iri şəhərlərdə izdihamın alovlanması və vüsət alması mərkəzi hakimiyyətin iflici üçün əsas amil olacaq. Sonuncu müşahidə edilmədiyindən real qələbəyə aparan dönüşdən hələlik söhbət gedə bilməz. Bu həm də onu göstərir ki, real beynəlxalq dəstək də gözləmə mövqeyindədir.

Yalnız əhalinin kütləvi silahlanması və ya dinc nümayişçilərin ciddi itkilərə baxmayaraq müqavimətinin nəinki səngiməsi, hətta intensivləşməsi, hadisələrinin sonucunun konturlarının şəkillənməsi beynəlxalq dəstəyi fəallaşdıra bilər. Təhrir inqilabında 5.000 nəfərə yaxın insan tələfatına baxmayaraq, paytaxt Qahirədə gənclərin üstünlüyü ilə davam edən intensiv etirazlar rejimin sonunu gətirdi.

Bu gün kürdlərin, bəlucların məskunlaşdığı ərazilərdə savaşın artan xətlə qızışması, sürətlə silahlanma, xeyli (deyilənə görə 60-a yaxın) SEPAH üzvlərinin silahlı qarşıdurmada qətlə yetirilməsi göstərir ki, proseslər tezliklə sönməyəcək.

Bu gün İranda əxlaq polisi adlanan qurumun ləğvi, rejimin simvolu sayılan baş örtüyü şərtinə yenidən baxmaq imkanı haqda hökumətin rəsmi mövqe sərgiləməsi göstərir ki, rejim geri addım atmaqdadır. Kütlənin müqaviməti artdıqca, proseslər daha da vüsət alacaq.

Lakin bu etirazların tam idarəolunmaz formaya keçməsi İrandakı rejimin ən böyük dayağı hesab edilən Güney Azərbaycan türklərinin mövqeindən asılıdır. Bu coğrafiyada müqayisədə götürsək “məzar sükutu”nun davam etməsi İran rejiminin real resursu sayıla bilər. İranın taleyi və soydaşlarımızıın mövqeyi düz mütənasiblik təşkil edir. Davam edən savaşda onların sükutu daimi qalmayacaq. Lakin soydaşlarımız bu durumdan az itki çıxmalı və daha real nəticələr əldə etməlidirlər.

Güneyimizə sahib çıxmaq üçün bədnam Türkmənçay müqaviləsindən sonra ilk real şans yaranmaqdadır. Bu şansı itirməmək üçün səfərbər olmalıyıq. İrandakı proseslərin nəticəsi olaraq soydaşlarımızın və vətənimizin Cənub yarısının taleyi bizim üçün həyati önəm kəsb edir. Bu bölgədə işlərin təşkili, beynəlxalq hüquqa dayanan yol xəritəsinin hazırlanması, tələb olunan situasiyada soydaşlarımıza hər türlü dəstəyin verilməsi vacibdir. Azərbaycan prezidentinin müxtəlif beynəlxalq auditoriyalarda verdiyi aydın və hədəfli mesajlar, KİV-lərin, vətəndaş cəmiyyətinin fəallaşması çox müsbət tendensiyalardır. Lakin Qüzeydə Güney Azərbaycanla bağlı dövlət səviyyəsində və ya dövlətin himayəsi altında səmərəli və planlı fəaliyyət üçün səlahiyyətli qurumlar yaradılmalı, yönətim koordinasiya olunmalıdır.