vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
RƏY, REPLİKA  
15:50 | 20 aprel 2022 | Çərşənbə Məqaləyə 11281 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Müxalifət “arayışı”

Kimdir bunlar – “JEK”, “ASAN Xidmət”, AAK?

Anar ƏSƏDLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Son günlər elm adamları, aydınlarımızla görüşüb, Anadolu türkləri demiş, məmləkət söhbətləri edirik. Çox geniş və fərqli mövzulara toxunuruq. Bu söhbətlərdə müşahidə və qeyd etdiyim önəmli bir məqam var. Əksər aydınlarımız da daxil olmaqla, cəmiyyətimiz çox əcaib bir çəmbərin içindədir.

Nədir məsələ? Siyasi arenada olan partiya və şəxslərə yarlıq yapışdırmaq... Məsələn, “radikal deyilsiniz”, “əsl müxalifət ola bilmirsiniz”, “loyal müxalifətsiniz” kimi xoş olmayan, aşağılayıcı fikirlər, ifadələr səsləndirilir.

Ölkənin siyasi cameəsinin durumu heç də ürəkaçan deyil. Mövcud hakimiyyət illərdir, siyasi cameədə uğurlu bazar açıb. Bu bazarda aldılar, satdılar, istifadə edib sıradan çıxardılar, satılanlarla satılmayanlar arasında savaş yaradıb kənara çəkildilər.

“Siyasi institut” anlayışını məhv etdilər.

Halbuki dəfələrlə demişəm, müxalifət hər bir dövlətin strateji sütunudur. Demokrtatik cəmiyyət üçün nəfəs borusudur, inkişafın dinamikasını təşkil edən alətdir.

Təəssüf ki, Azərbaycan hakimiyyəti illərdir, bu tendensiyanın, yəni sağlam təməlli müxalifətin formalaşmasının qarşısını alır.

Bu gün ölkənin düşünən beyinlərinin, ictimai-siyasi təfəkkürü olan şəxslərin, aydın, şair, yazıçı, sənətçilərinin, söz demək, fikir söyləmək potensialı olan insanlarının böyük əksəriyyəti ya nifrət qusur, ya kəskin aqressiya göstərir.

Elə bir toplum formalaşdırdılar ki, deyir, ancaq söy, aqressiv ol ki, səni bəyənim. Amma nə olur, olsun, düşündürəcək bir şey demə!

Əslində, əsas məqsəd budur: Xalq düşünməsin, xalq aktiv siyasətlə məşğul olmasın.

Siyasətlə məşğul olanlar isə cəmiyyətdə danışıq və hərəkətləri ilə gülüş doğursun.

Davranışları ilə hakimiyyətə alternativ kimi görünə bilməsinlər.

Hakimiyyət tənqid olunacaqsa, bu tənqidləri xalqın içində nüfuzu olan kəslər deyil, əksinə, heç bir nüfuzu olmayan şəxslər etməlidir. Uzun illər siyasi cameəyə bu baxışla yanaşılıb.

Düzdür, son iki ildə bu yanaşmanı ortadan qaldırmağa çalışırlar, amma illərlə aparılan yalnış siyasət hələ də öz çirkin üzünü göstərir. Ümid edirik ki, yeni yanaşmanın nəticəsini tezliklə görə biləcəyik.

Ancaq bu, təkcə hakimiyyətinmi suçudur?

Bəs müxalif siyasi təşkilatlar? Onların bu durumda sərgilədiyi siyasi-ideoloji yanaşma nədən ibarətdir?

Bütün hallarda bir həqiqət var ki, 30 ildir, ölkə insanının siyasətdən kənarda dayanmasında hakimiyyətlə bərabər, müxalifətin də böyük suçu var. Birmənalı şəkildə deyirəm ki, kim hakimiyyəti söyür, əmin olun, bilərək və ya bilməyərək bu hakimiyyətin uzunömürlülüyünə xidmət edir.

Nədir Azərbaycan müxalifətinin illərdir, götürdüyü əsas yol?

Müxalifət düşərgəsində bir çoxunun canına sanki kommunist təlim-tərbiyəsi hopub.  “Bizim kimi düşünməyən  bizim düşmənimizdir” yanaşmasından uzaqlaşa bilməyən “siyasi JEKlər” şantaj yolu ilə sosial şəbəkələrdə fikir formalaşdırmağa cəhd göstərir, qəbul etmədiklərini də linç edirlər.

Yapışdırmaq istədikləri yarlıqlar isə cəmiyyətdə sual doğurur: “bu adamlar kimə işləyir”? “Kim deyir bunları, haradan bu qənaətə gəlirsiniz?” deyə soruşanda sosial şəbəkələrdə olan müxtəlif ictimai-siyasi aktiv şəxslərin statusları, apardığı təbliğat əsas götürülür. Deməli, bu cənablar sertifikat verirlərmiş: Kim hakimiyyəti və Əliyevlər ailəsini söyürsə, təhqir edirsə, əsl müxalifətdir, kim söymədən tənqid edirsə, yəni dozanı aşağı salırsa, “cib müxalifəti”dir.

Bəzi partiyalar isə hələ heç bir “sertifkat” almayıb, çünki bu “müxalifət JEK”ləri arayışı vermək üçün tam nəticəyə gəlməyib.

Ayıbdır! Rəzalətdir!

Kimdir bunlar? “JEK”, “ASAN Xidmət”, AAK?

Əlbəttə, istənilən bir siyasi varlığı bərqərar edən onun tutduğu siyasi-ideoloji yoldur. Bu yolun konturları ciddi cızılmalıdır.

Azərbaycanda partiyaların ideoloji xəttinə uyğun nə proqramları var, nə fəaliyyət istiqamətləri. Bir siyasi təşkilatın “yol xəritəsi” ideoloji xəttidir. Nəşrlər və təqdimatlar, elmi-siyasi mövzuda dəyirmi masalar, hüquqi müstəvidə treninqlər təşkil edərək, cəmiyyətin müxtəlif təbəqələrindən olan şəxsləri siyasətdən qorxmadan, çəkinmədən partiya sıralarına və ya ən azından təşkil etdiyi tədbirlərə cəlb edə bilmək yeni dövr partiya üçün öncüllük olmalıdır. Canlı insan faktoru ilə deyil, sosial şəbəkələrdə hakimiyyəti söyməklə “like” qazanan kəsimin və ya təşkilatların heç bir ideoloji xətti yoxdur. Bu baxımdan onlar cəmiyyətə bütövlükdə heç nə verə bilməzlər. Keyfiyyətli təşkilatlanmadan keçib, seçkilərdə iştirak edə bilməzlər.

Siyasət həm bir elm, həm də bir sənətdir. Yeni dövrün siyasi partiyası fəaliyyətində sosial şəbəkələrdəki bəyənmə sayına güvənməməli, insan faktoru ilə işləməlidir.

Sıralarına və ya təşkil etdiyi tədbirlərə cəlb etdiyi insanların qayğısı, qorxusunun aradan qaldırılması, maariflənməsi prioritet olmalıdır. Enerji və vaxtımızı ideoloji xəttin, tutduğumuz yolun təbliğinə  sərf etməliyik, boş arayışlara, bizə aid olmayan təftişlərə deyil... Biz hakimiyyəti yetərincə və lazım bildiyimiz səviyyədə tənqid edirik.

Siyasi partiyanın funksiyası sadəcə tənqid  etmək deyil, həm də təftiş etməkdir.

Lakin bu təftiş digərlərinin fəaliyyəti üzərində deyil, cəmiyyətdəki boşluqlar üzərində aparılmalıdır.

Partiya siyasi institutdur və bütün institutlar kimi fəaliyyət göstərdiyi istiqamətdə qarşısına problemlər qoymalı, problemin həlli yollarını aramalı, cəmiyyətin özünü problemlərin həllinə cəlb etməlidir. Hakimiyyəti tənqid etməklə məhdudlaşan və ya hakimiyyətə yarınmaqla varlığını sürdürən təşkilatlar siyasi institut səviyyəsinə qalxa bilməz. Partiya yeritdiyi ideoloji xətdə sapmadan addım-addım hakimiyyətə gəlməyə planlamalı, deməli, bunu üçün ciddi kadr bazasından tutmuş iqtisadi, hüquqi, mədəni platformalar hazırlamalı, ən əsası bu hazırlıq işinə cəmiyyətin müxtəlif təbəqələrini cəlb etməlidir.

Başqa cür 30 ildə Azərbaycan hakimiyyəti ilə müxalifətinin böyük bir hissəsinin əl-ələ verib, beşiyində boğduqları siyasi institutları bərqərar etməyimiz, yeni siyasi ab-hava yaratmağımız mümkün deyil.

Bu səbəbdən cəmiyyətimizin bütün təbəqələrinə səslənirəm: Sabahı və gələcəyi düşünən hər kəs, komsomol və kommunist düşüncəsini əks etdirən bu çəmbərdən çıxmalıdır.

Məqsəd bir olmalıdır. Cəmiyyəti narahat edən problemlər fərqli müzakirələrlə, demokratik seçkilərlə həll olunmalıdır.  Təhqir və nifrət qusmaq isə fikir müxtəlifliyi deyil.

Daha o xəyallara dalınmamalıdır ki, Qərb gələcək, Əliyevlər gedəcək, söyüş söyən və arayış verənlər hakimiyyətə gələcək. Elə bu yaramaz arzu və xəyallar 30 ildir, Əliyevlərin işinə yarayır. Heç bir qüvvə bizim əvəzimizə buraya demokratiya gətirməyəcək.

Biz bu çəmbərdən çıxmağın yolunu cəmiyyətin baxışlarını yenilənməsində görürük. Hakimiyyətin hansı rejimi ifadə etməsindən asılı olmayaraq, strateji ağıl və siyasi zəka söyüşsüz, şiddətsiz, nifrətsiz münasibətlər sistemi tələb edir.

Düşdüyümüz bu nifrətin içindən çıxmalıyıq, çıxmağa məcburuq. Azərbaycan xalqı mayası nifrətlə yoğrulmuş dəyişikliyi rədd edir.

Həm də bu səbəbdən Azərbaycan müxalifəti son 20 ildə güclənmək əvəzinə zəiflədi. Çünki xalqda nifrətə və şiddətə yönəlik istənilən dəyişiklik qorxu ilə assosiasiya olunur.  Buna görə də xalq uzun illərdir, siyasi taleyinə etinasızlıq göstərir. Biz isə fəaliyyətimizlə bu etinasızlığı ortadan qaldırmağa çalışırıq.

Söyüş taktikası xalqı qorxudur və dəyişim prosesindən çəkindirir.

Xalqı qorxutmayaq. Bizə lazım olan bu deyil!