vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 16 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
ELM-TƏHSİL, DİN  
10:47 | 12 mart 2014 | Çərşənbə Məqaləyə 1826 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Universitet ərazisində göydələn tikdirmişdi

Restoranları, villaları olan rektorun işdən çıxarılma səbəbi

Günay ARDA

MÖVZU İLƏ ƏLAQƏLİ

Xəbər verdiyimiz kimi, ötən həftə Sumqayıt Dövlət Universitetinin rektoru Nadir Qəhrəmanov işdən azad edilib. Nadir Qəhrəmanovun yerinə Elxan Hüseynov təyin olunub. Nadir Qəhrəmanovun işdən azad olunması ilə bağlı isə mətbuatda indiyədək saysız-hesabsız xəbərlər yayılmışdı. Təbii ki, bunlar əsassız deyildi.

Sumqayıt Dövlət Universitetində təxminən 6 ay əvvəl «Rüşvətsiz Təhsil» tələbə hərəkatı fəaliyyətə başlayıb. Təşkilatın yaranma səbəbi ali məktəb daxilindəki rüşvət və narazılıqlar olub. SDU-da baş alan çoxsaylı problemlər tələbələri bir müddət əvvəl əsl gizli təşkilat yaratmağa sövq edib. Onların tələbi təhsil aldıqları ali məktəbin nə vaxtsa rüşvət və korrupsiyadan azad olunmasıdır. Bir tərəfdən SDU-da yer alan «adi» korrupsiya halları, digər tərəfdən isə universitet daxilində aparılan intriqalar baş verənlərin müzakirələrə çıxarılması ilə yanaşı, müəyyən məqamların araşdırılmasına da zəmin yaradır.

Nadir Qəhrəmanov tərəfindən universitet ərazisinin bir hissəsinin zəbt olunması və burada hündürmərtəbəli binanın inşası da tələbə və müəllim kollektivinin qəzəbinə səbəb olub. O, ali məktəbin həyətində hasarı geri çəkdirərək, bu ərazidə ikibloklu, hündürmərtəbəli bina tikdirib. Binanın 1-ci mərtəbəsində 793 kv.m. qeyri-yaşayış sahəsində müxtəlif kommersiya-ticarət obyektləri yaradıb. Bundan başqa keçmiş rektor həmin ərazidə ayrıca 2 mərtəbəli ticarət mərkəzi tikdirib. Məlumatlara görə, onun yarımçıq qalan inşasına tələb olunan 40 min manat vəsait də universitetin hesabından ödənilib. Lakin sonradan həmin tikinti dayandırılıb və hətta hazır olan hissə də sökülüb. Ticarət mərkəzi üçün ayrılmış yerdə isə 30-dan çox fərdi qaraj inşa edilərək satılıb.

Yeni ucaldılan hündür binanın əksər mənzilləri də rektor və onun yaxın ətrafı üçün nəzərdə tutulub. Belə ki, 1-ci blokda 190,4 kv.m, 2-cü blokda isə 480,4 kv.m və 424,4 kv.m sahəli mənzillər rektor tərəfindən özününküləşdirilib. Nadir Qəhrəmanov bu mənzillərdən bir qismini qohumlarının və yaxınlarının adına sənədləşdirib. Məsələn, 1-ci blokda 12 saylı mənzili öz adına, 11 saylı mənzili isə BDU-da tələbəsi olmuş və özü ilə Sumqayıta gətirdiyi, indi isə Ümümi şöbənin müdiri, Ümumi Fizika kafedrasının dosenti Sevil müəllimənin adına sənədləşdirib. 17 saylı mənzili Nadir Qəhrəmanov öz yaxın qohumu, prorektor Əkbər Ağayevə verib. Qeyd edək ki, bu prorektor imtahanlardan yığılan pullara nəzarət edir. 13 və 14 saylı mənzillər isə rektorun qardaşları Rəşid və Polada məxsusdur.

Rektor sabiq katibəsi Nelli xanımı da unutmayıb. Həmin blokda 16 saylı mənzili də ona verib. Hətta onun üçün bir şöbə də açıb və Nelli xanımı bu şöbəyə müdir təyin edib. İndi o, Türkiyədə magistraturada oxusa da burada rektorun köməkçisi kimi hər ay maaş alır. Bu qız ona görə Türkiyədə oxuyur ki, burada mümkün deyil. Nelli xanım katibə olandan sonra bu universitetin iqtisadiyyat fakültəsinə testdən kənar qəbul olub və buranı bitirib. Qeyd edək ki, rektorun oğlu Emin, qızı Könül, qardaşlarının övladları və digərləri də həmin binada yaşayır və bu universitetdə işləyirlər. Məlumata görə, oğlu Emin Qəhrəmanovun maşın kolleksiyası var və Moskvada 5 milyonluq ev alıb. Qəribədir ki, Saray qəsəbəsində «Yetər» şadlıq evinə, restoranlar şəbəkəsinə, çoxsaylı villalara, ticarət obyektlərinə, Yeni Sarayda villa və torpaq sahələrinə, ticarət obyektlərinə, Bakıda «Afaq» modalar evinə və 44-dən çox kommersiya obyektinə malik olan bu rektordan soruşan olubmu ki, bütün bunları necə əldə etmisən? Keçmiş rektorun işdən çıxarılmasının əsas səbəbi də məhz rüşvət və qanunsuzluğun son həddə çatması olub. İşdən çıxarılmayana qədər tələbələr dəfələrlə Təhsil Nazirliyinə müraciət ediblər. Hazirda universitetin tələbələri deyir ki, ali məktəbdə ciddi rejim yaradılıb. Hər imtahana görə ödədikləri 150 manat geri qayıdıb. Tələbələrə ciddi xəbərdarlıq edilib. Yeni ab-havanın davamlı olacağı ümidi ilə…