vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
ELM-TƏHSİL, DİN  
08:59 | 12 mart 2014 | Çərşənbə Məqaləyə 3425 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Naziri yeni komanda yığır

Məlahət Mürşüdlü: «Rektorların dəyişdirilməsi prosesi davam edəcək»

KƏNAN

MÖVZU İLƏ ƏLAQƏLİ

Son aylar Azərbaycanda 4 universitetin rektoru dəyişib. Gəncə Dövlət, Bakı Slavyan, Sumqayıt Dövlət və İqtisad universitetlərinin rektorları dəyişdirilib. Bu dəyişiklik tələbələrin etiraz aksiyası fonunda gerçəkləşdirilir.

Qeyd edək ki, rektorların dəyişdirilməsinin arxasında dayanan səbəblərdən biri kimi, yeni təhsil naziri ilə universitet rəhbərləri arasında münaqişənin olması göstərilir. «Azadlıq» qəzetinin yazdığına görə, tədricən bütün universitetlərdə rektorların dəyişdirilməsi gözlənilir. Sitat: «Bakı Dövlət Universitetində tələbələrin etirazı hakimiyyəti narahat edib. İndi iqtidar universitetlərə potensial inqilab yuvası kimi baxır. Tələbə hərəkatının yaranmasından ehtiyatlanır. Hakimiyyət yeni rektorlar təyin etməklə islahat görüntüsü yaratmaq və tələbələrin narazılığını bir qədər azaltmaq istəyir».

İddiaya görə, rektorların bir çoxu onlardan xeyli gənc olan Mikayıl Cabbarovla hesablaşmırlar. Bu da əlbəttə ki, yeni təhsil nazirinin narazılığına səbəb olub. Hakimiyyət ziddiyyətlərin alovlanmaması üçün rektorların əvəzlənməsini məqsədəuyğun sayır.

Mövzu ilə bağlı «Yeni Müsavat»a şərh verən təhsil eksperti, Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü bildirdi ki, rektor dəyişiklikləri yeni təhsil nazirinin öz komandasını formalaşdırması prosesinin tərkib hissəsidir. Ekspertin fikrincə, bu proses davam edəcək: «Yeni nazir öz komandasını formalaşdırır. Mən düşünürəm ki, bu proses davam edəcək. Çünki nəinki universitet rektorlarının dəyişdirilməsi, Təhsil Nazirliyinin özündə də yeni kadrların gətirilməsinin şahidi olduq. Rektor dəyişikliyini bu kadr islahatlarının davamı kimi qiymətləndirirəm. Təhsil sistemində kadr islahatları vacibdir. Yeni komandanın formalaşması indi vacib məsələlərdən biridir. Təhsilin yeni inkişaf strategiyasının aparılmasında ən mühüm elementlərdən biri də kadr islahatlarıdır. Düşünürəm ki, islahatlar davam edəcək. Eyni zamanda orta məktəb, orta ixtisas təhsili müəssisələrində də bu islahatların aparılması qaçılmazdır».

Artıq 4 universitetdə rektorların dəyişdirildiyini xatırladan M.Mürşüdlünün sözlərinə görə, təhsilin yenidən qurulması üçün kadr dəyişikliyi qaçılmazdır: «Dörd universitetin rektoru artıq dəyişdirilib. İstər təhsil, istərsə də digər icra orqanlarında kadrlar 5 ildən artıq eyni vəzifədə oturmamalıdırlar. Yeni nəfəs gəlməlidir. Sözsüz ki, yeni təyin edilən kadrlar da müəyyən təcrübə toplamış kadrlar arasından seçilməlidir. Bu baxımdan mən düşünürəm ki, həmin təcrübəli kadrların gətirilməsi labüddür. Universitetlərdə Boloniya proseslərinin aparılmasında nə qədər qeyri-peşəkarlıq, qeyri-obyektivlik halları oldu. Son dövrlərdə BDU-da baş verən olaylar bir daha göstərdi ki, təcrübə işin doğru-dürüst qurulmasında rol oynamır. Nə qədər təcrübəli olsalar da, bu gün universitetlərdə yeni sistemin tətbiqində qüsurlar var. Bu baxımdan yeni kadrların gəlməsi lazımdır. Rektorların çıxarılması kadr islahatlarının tərkib hissədir. İslahatlar yalnız kadr dəyişikliyindən ibarət deyil, struktur, proqramların icrası mexanizmləri də dəyişməlidir. Proses hərtərəfli olmalıdır». (Yeni Müsavat)