vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
ŞƏXSİYYƏT  
12:13 | 10 iyul 2019 | Çərşənbə Məqaləyə 6805 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

ANA DİLİmizin –

ATA isim-sifətlərindən, “əzəl mübtəda”larından Əbdüləzəl Dəmirçizadə...

Tahir ABBASLI

MÖVZU İLƏ ƏLAQƏLİ

“Mürəkkəb”liyi onda ki, gərək, bu informasiya və şou-mou burulğanı əsrində elmi-tədrisi kitabları oxumağa macal tapmayan oxuculara bu çaplı isimləri də yaxşı tanıtmaq üçün dürlü-girli frazalar, tərkiblər, cümlələr kəşf edib işlədəsən. Heç də asan olmayan bu məsələdə “kasıbın olanından” ritorikası ilə ərz edək ki, əgər bu qəbil alimlərimiz olmasaydı, beynəlxalq konfrans-konqres-simpoziumlarda yalnız “Azərbaycan xalqı”, “Azərbaycan “ağ qızıl-qara qızıl”ı” (və s.) işlədilər, millətin varlığını təsbit-sübut edən üç əsas atributdan biri – “DİL” (“Azərbaycan dili”, “Azərbaycan dilçiliyi”) fəxarəti isə…

Bu bir yazı ki – “mürəkkəb” və “sadə”...

 

Anadan olmasının 110 ili tamamlanan bu görkəmli alimin həm elmi-metodoloji, həm xəlqi-“folkloroloji”, poetik-estetik, müəzzəm-mükəmməl mühazirələrinin ikicəsində iştirakıma, haqqında eşitdiklərimə, oxuduqlarıma, az-çox bələd olduğum tərcümeyi-halına, son dərəcə orijinal mütəxəssisi olduğu dilçiliyə baxış-havadarlıq qalmaqallarına binaən, hələ sağlığında belə bir qənaətə gəlmişdim; “lalın dilini anası bilər”, dilin dilini Dəmirçizadə...

Sovetlər dönəmində görkəmli dilçilərimizin köklü-köməcli tədqiqatları sayəsində (və bir az da “ikinci ana dilimiz”in acığına!) Azərbaycan dilçiliyinin elmin digər sahələrinə nisbətən daha mükəmməl inkişaf səviyyəsinə yetməsi faktı, az-çox milli-vətəndaş duyğusu olan hər kəsə bəlli idi. Ovaxtlar “universitet” adını yalnız bir ali məktəbimiz daşıyırdı və həmin ADU (BDU) tələbələrindən heç biri etiraf etməyə bilməz ki, institutlarda oxuyanlara yuxarıdan aşağı baxmırmış. Lakin biz kursdan-kursa keçdikcə, həmin ali məktəblərdə də bütün ölkə nüfuzlu tədris-təhsil personalarının çalışdığından xəbərdar olunca, hətta “dillər əzbəri dilçi Dəmirçizadə”nin 1943-cü ildə ADU-nun Azərbaycan dilçiliyi kafedrasına rəhbərlikdən APİ-nin eyniadlı kafedrasına müdir getməsini bilincə, bu “forsumuz” eyforik zildən poetik bəmə endi. Maraq-soraqlandıqca, bu da bəlləndi ki, bu alim elitar kuluarlarda “Azərbaycan dilçilik elminin ÜÇlüyü” (Məmmədağa Şirəliyev – Əbdüləzəl Dəmirçizadə – Muxtar Hüseynzadə) şərəfnaməsilə yad edilir. Elə indinin özündə də. Nümunə olaraq, professor, Əməkdar elm xadimi Qəzənfər Kazımovun bir müddət öncə orfoqrafiya qaydalarının yenidən nəzərdən keçirilməsilə bağlı müzakirələrə dair çap etdirdiyi məqaləsindən bir parçaya diqqət yetirək. Məsələyə  “...Həə, balam, bu dilçilərdən nə istəyirsiniz? ...Dilçi – fəhlədir. Sən onun yazdığı kitablarla böyüyüb – alim, şair, MM üzvü olmusan” kimi ictimai tutumlu replikalarla ayaq verən müəllif öz fikirlərini belə bir “tapşırma” ilə bitirir: “Belə çətin günlərdə Əbdüləzəl Dəmirçizadə, Muxtar Hüseynzadə, Məmmədağa Şirəliyevlər sözünə ehtiyac duyulur…”

Ötən minillik önlərində boy vermiş türkologiya öndəri Mahmud Kaşğari dünyasından su içib, Azərbaycan dilçiliyində yeni bir dalğa yaratmış bu alim repressiya qurbanlarından Bəkir Çobanzadə və Abdulla Tağızadənin yarımçıq qoyduğu işlərin davamçısı oldu. Yorulmaz tədqiqatçı “Azərbaycan dili tarixi xülasələri”, “M.F.Axundov dil haqqında və Axundovun dili”, “Azərbaycan dilinin tarixi”, “Azərbaycan ədəbi dilinin inkişaf yolları”, “Kitabi-Dədə Qorqud” dastanının dili”, “Azəri ədəbi dilinin tarixi” kitabları ilə min illik “dil yolu” qət etdi. Bu yolda “Bəziləri “ədəbi dil” dedikdə yalnız yazılı dili qəbul etmiş və bu, “yazısı olmayan xalqın ədəbi dili ola bilməz”, yaxud bu və ya digər xalqın ədəbi dil başlanğıcının yazıya malik olduğu dövrdən hesablanması kimi yanlış anlayışlar yaratmışdır” qəbilli yüksək elmi “ov”lar etdi.

Bu alimin ən irihəcmli və çox dəyərli əsərlərindən olan “Azərbaycan dilinin tarixi”   haqda akademik E.Struvenin çox maraqlı fikirlərinə qüvvət verən akademik İ.Meşşaninov yazır: “Bu əsərin müəllifi heç bir ciddi sələfə malik olmadan, birinci dəfə Azərbaycan dilinin ən qədim dövrlər tarixini verir. Əlbəttə, madam ki, tarixçi ölkənin ümumi tarixini yazır, dilçi də bu vəzifəni bu sahədə öhdəsinə götürməlidir...”

 

...Bu gün –

 

geninə-boluna işlətdiyimiz, dünya dilləri içərisində səlislik-gözəllik-zərifliyinə görə fəxarətləndiyimiz dilimizin bu “ara-ərsəyə” gəlməsində ayrıca-özəl xidmətləri olmuş professor Ə.Dəmirçizadənin 40 illik yaradıcılıq işinin bəhrəsi olan monumental “Azərbaycan ədəbi dili tarixi” ədəbi dilimizin həqiqi tarixini üzə çıxarmaq sahəsində ən qiymətli kitab, bütün türk xalqları, ümumən türkologiya üçün ümumnümunə sayılır. Bu örnək-kitab dilimizin tarixinin xalqımızın tarixilə vəhdətdə öyrənilməsi nümunəsidir. Buradakı elmi qənaətlər dilimizin tarixilə bağlı həqiqi-özgür fikirləri ehtimallar-şübhələrdən xali bir məntiqlə doğrultmaqda, müəllifin sağlığı dövründə bəzi “sağolmuşlar”ın “əməl-feil”i iradlarını, cılızca “cikçə-cükçə” müddəalarınısa zər-qızılca əyarla təkzib etməkdə...

Bu dəm vurğulayaq ki, “Ə.Dəmirçizadə nailiyyətləri”nin fövqündə duran əsər kimi qiymətləndirilən “Müasir Azərbaycan dilinin fonetikası” kitabı dilçiliyimizin qızıl fonduna daxil edilib. Dilçi mütəxəssislər məntiqi mühakimələr baxımından bu çox güclü əsərin bölmələrini “Böyük məntiq zəncirinin ayrılmaz həlqəcikləri” kimi qiymətləndirir, zaman-zaman vurğulayırlar ki, müəllifin “Azərbaycan dili orfoepiyasının əsasları” kitabından günü bu gün də kifayət qədər məlumat almaq mümkündür. “O, bütün yaradıcılığı boyu dilimizin lüğət tərkibinin inkişaf və zənginləşməsinə çalışıb, “geniş auditoriyalarda da, yığcam fərdi söhbətlər zamanı da yersiz işlədilən əcnəbi sözlərə etirazını bildirib. Biz “həştad” dedikcə, o bizi “səksən”ə çəkər, milli dilə münasibətdə quruluşun verdiyi imkanlardan maksimum istifadə edərdi”.

Bu fenomenal mütəxəssis dilimizlə bağlı hər nüansı dərin alim diqqətilə, poetik bir fəsahətlə pardaqlayıb. Məsələn, o, qrammatik quruluşun ümumi məsələlərilə ayrıca məşğul olarkən, dilin milli orijinallığının qorunub saxlanmasında qrammatik quruluşun böyük rolunu xüsusi nəzərdən keçirərək, onu “dilin əsəb sistemi” kimi qiymətləndirib. 

1938-ci ildə ali məktəb tələbələri üçün nəşr etdirdiyi “Azərbaycan ədəbi dili tarixi xülasələri”ni Y.E.Bertels, S.E.Malov, N.K.Dmitriyev kimi dilçilik nəhəngləri namizədlik dissertasiyası kimi müdafiə etməyi tövsiyə edirlər. 1940-cı ildə həmin elmi iş üzrə filologiya elmləri namizədi adı alan Ə.Dəmirçizadə 4 il sonra “Azərbaycan dilinin tarixi” mövzusunda doktorluq dissertasiyasını müdafiə edir.

Dəmirçizadə Azərbaycan dilçiliyinin müxtəlif sahələrinə aid fundamental kitablar, dərin məzmunlu məqalələr yazan böyük türkoloq alim olmaqla yanaşı, həm də bir elm təşkilatçısı kimi tanınıb. Uzun illər çalışdığı APİ-də (ADPU) vaxtaşırı səslənən “dilçi alimlər ordusu” deyimində ayrıca bir “Dəmirçizadə komandanlığı dövrü” ifadəsi də işlədilir. Qədirbilənlərin söhbət-xatirələrindəsə, bu “xarizmatik şəxsiyyət”in əməksevərliyi, səmimiliyi, təmkin, təvazö, qayğıkeşlik kimi keyfiyyətləri daim vurğulanmada.

Sonluqda… o dünyaya belə bir (müxtəsərcə təsvirləyə bildiyim) elmi-ictimai tutumlu tərcümeyi-halla köçmüş şəxsiyyətin –

 

Bu dünyaya gəlişindən… 

 

1909-cu il iyulun 8-də Şəkidə anadan olmuş Ə.Dəmirçizadənin dilçiliyə meyillənməsində (mənə elə gəlir ki,) orada təhsil aldığı məktəblərin ad “əndirəbadi”likləri də az rol oynamayıb: “Həqiqətül-maarif”, “Şəki nümunə zəhmət” və s.

Şəki Müəllimlər Seminariyasını bitirdikdən sonra şəhər məktəbində müəllimliyə başlayan Əbdüləzəl bədii-publisistik yaradıcılığa da həvəs göstərib, “Yeni məktəb” məcmuəsində məqalə, şeir, hekayə və oçerklərlə çıxış edib. Ancaq elmi iş onun maraq dairəsinin nüvəsi imiş deyə, 1929-cu ildə Bakıya gəlib, ADU-nun Pedaqoji fakültəsinə daxil olub. Son kursda oxuyarkən B.Çobanzadənin rəhbərlik etdiyi kafedrada çalışıb. 

Universiteti bitirdikdən sonra, ailə vəziyyətilə əlaqədar Şəkiyə qayıdıb, böyük həvəslə müəllimlik edən bu gənc elmi yaradıcılıq eşqi (və “Vətən-Müəllim”hesab etdiyi Bəkir Çobanzadənin təkidli təklifi) ilə yenidən Bakıya dönüb, APİ-nin aspiranturasına daxil olur. B.Çobanzadə, Ə.Haqverdiyev, Y.V.Çəmənzəminli, A.Şaiq kimi görkəmli simalardan hərtərəfli dərs alır. 1936-38-ci illərdə çap etdirdiyi “Türk dili” və “Azərbaycan ədəbi dili tarixinin xülasələri” kitabları onu elmi ictimaiyyətin diqqət mərkəzinə yüksəldir. Həmkarları arasında “gənc qoca” çağırılan bu mütəxəssis dil tarixi sahəsində elmi tədqiqatlarını davam etdirərək 1945-ci ildə professor adına layiq görülür, 1955-ci ildə Azərbaycan SSR EA-nın müxbir üzvü seçilir.

Zaman-zaman Azərbaycan dilçiliyinin işlənilməmiş sahələrini araşdırıb, fundamental əsərlər çap etdirmiş bu alimin ölümündən sonra çap olunmuş “Azərbaycan ədəbi dilinin tarixi (II hissə)” kitabı yalnız Azərbaycan dilçiliyini deyil, türk aləmi xəzinəsini də zənginləşdirən nümunə hesab edilir. 100-ə yaxın elmlər namizədi və doktorunun elmi rəhbəri olmaqla, bu sahə kadrlarının hazırlanmasında diqqətəlayiq fəaliyyət göstərir.

Hələ bu “elmi beyin adamı”nın –

 

Könül-qəlb yaradıcılığı...

 

Bədii yaradıcılığına ötəri bir nəzər də kifayətdir ki, bu fədakar mütəxəssisin elm cəbhəsindəki inkişafının həm də dilimizin xəlqi “səngər”indən kökənləndiyini hiss edəsən. Bu müəllif milli folklor nümunələrimizdən yaradıcılığının hər iki (elmi, bədii) sahəsində eyni dərəcədə yararlanıb. Elmi uğurları mübahisə mövzusu olmayan bu imzaya məxsus “Dədə Qorqud” (1943), “Qaraca Çoban” (1945) və s. əsərlərinin uğurlu tamaşaları da mədəniyyət tariximizin maraqlı faktlarındandır.

…Həyatı boyunca çox maddi-fiziksəl təlim-tədris məktəbləri dəyişməli olmuş bu müəllim bu dünyadan “əmrə-nömrə”siz məktəb yaratmış alimlərimizdən biri kimi köçdü. 1979-da. Çox “yüngül”, “rahat”, “asan” bir iş sahibi – qələm-kağız adamı olması baxımından yanaşıb, dil-ağız təbirilə desək, yetmişcə yaşında...

Allah rəhmət eləsin.