vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 16 iyul 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
ARAŞDIRMA  
Əfsanə, yoxsa həqiqət? 14:10 | 16 iyul 2025 | Çərşənbə Məqaləyə 375 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Əfsanə, yoxsa həqiqət?

Troya müharibəsinə aid edilən yeni sübutlar aşkarlanıb

MEHİN

Troya şəhərində gün işığına çıxan müharibə izləri uzun illərdir əfsanə kimi qəbul edilən hekayələri yenidən sual altına qoyur. Tapılan atəş daşları, ox ucları, yanmış binalar və tələsik dəfn edilmişlərin skeletlər əfsanələrdə təsvir olunan qəfil və dağıdıcı hücumun izlərini təsdiqləyir.

Arxeoloqlar qədim Troya qalıqlarında apardıqları qazıntılar zamanı Homerin “İliada” dastanını xatırladan şiddətli Tunç Dövrü münaqişəsinə dair yeni sübutlar tapıblar.

İliadaya görə müharibə, Troya şahzadəsi Parisin Sparta kralının arvadı Heleni qaçırması ilə başlayıb və yunanların 10 il davam edən mühasirəsinə səbəb olub. Dastanın ən məşhur səhnəsi isə yunanların taxta atdan istifadə edərək şəhərə gizli daxil olub onu içəridən məhv etməsidir.

İndi isə türk tədqiqatçılardan ibarət qrup saray divarlarının xaricində onlarla gil və çay daşından aşınmış atəş daşları, ox ucları, yanmış tikililər və tələsik basdırılmış insan skeletləri tapıb.

Ekspertlərin fikrincə, bu əlamətlər yaxın məsafədə baş vermiş döyüşlər və qədim yunan təsvirlərinə uyğun qəfil, dağıdıcı məğlubiyyətin qorxunc mənzərəsini yaradır.

Çanaqqala 18 Mart Universitetindən qazıntı rəhbəri professor Rüstəm Aslan, “Belə kiçik bir sahədə bu qədər çox atəş daşının tapılması ya ümidsiz müdafiəyə, ya da genişmiqyaslı hücuma işarə edir”, – deyib.

Aerodinamik formada hazırlanmış atəş daşları Tunç Dövrünün ən ölümcül silahlarından biri olub. Dəri sapanlarla atıldıqda kəllələri çatlatmağa qadir idi.

***

Qazıntı sahəsində tapılan daşlar təxminən 3200-3600 il əvvələ, yunan tarixçilərinin bizim eradan əvvəl 1184-cü ildə baş verdiyini ehtimal etdiyi Troya müharibəsinin dövrünə aid edilir.

Yüzillər boyu akademiklər Homerin İliadasını sadəcə əfsanə, Helen uğrunda baş vermiş poetik müharibə və bütün şəhəri aldadan taxta at nağılı kimi qiymətləndirirdi. Lakin bu yeni tapıntılar əfsanənin arxasında həqiqi müharibənin ola biləcəyini düşündürür.

***

Əsas təəccüb doğuran, ilk dəfə 2024-cü ildə aşkar edilən və indi daha da genişləndirilən dağıntı layıdır. Bu layda yanmış tikililər, dağıdılmış silahlar və tələsik basdırılmış insan qalıqları yer alır. Bu, yavaş çöküşdən çox qəfil və vəhşi hücumun izlərini daşıyır.

Əvvəlki qazıntılarda tapılan ox ucları ilə birlikdə dəyərləndirildikdə, bu ərazidə yaxın döyüşün baş verdiyi və müdafiəçilərin son müqavimətini göstərdiyi anlaşılır. Bu mənzərə qədim mətnlərlə üst-üstə düşür.

***

Yunan tarixçiləri Herodot və Eratostenes əsərlərində Troya müharibəsinin həqiqi hadisə olduğunu irəli sürmüşdülər. Roma şairi Vergilius isə “Aeneis” dastanında müharibədən sonra yanan şəhərdən qaçan qəhrəmanların hekayəsini nəql edib. Əfsanəyə görə, bu qəhrəmanlardan Aineas daha sonra Romanı quracaq nəslin başlanğıcı olub.

Qədim Troya uzaq kənd şəhəri deyildi. Çanaqqala Boğazına yaxın mövqeyi Avropa ilə Asiya arasında ticarət mərkəzi olmasına imkan verirdi. Zəngin resurslara malik şəhər eyni zamanda dəniz nəqliyyatını nəzarətdə saxlamaq üçün strateji nöqtə idi.

Daş qüllələr, uzun qala divarları və mürəkkəb şəhər planı ilə Troya həm dəyərli, həm də yaxşı müdafiə olunmuş hədəf idi.

Müasir arxeoloqlar 1870-ci illərdən bəri bölgədə işləyir, lakin diqqət indi daha dar dövrə — bizim eradan 1500-1200 aralığına, yəni İliada ilə ən çox əlaqələndirilən zaman diliminə yönəlib.

Ekspertlər Troyanı artıq ümumi şəkildə qəbul edirlər. Üstəlik bir çoxları inanır ki, Troya həqiqətən də Tunç Dövrü çökməsi zamanı — yəni Aralıq dənizi ətrafında imperiyaların üsyan, köç və işğallarla məhv olduğu dövrdə — müharibə ilə dağıdılıb.

Əlbəttə, hələ taxta at qalıqları tapılmayıb və akademiklər bunun simvolik təsvir, metafora və ya bəlkə də xəyanətin ədəbi təsviri ola biləcəyini qeyd edirlər.